Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Asxanakəran kəndində səyyar qəbul və görüş

18 mart 2025 | 13:00

Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayevin ucqar dağ kəndlərindən olan Asxanakəran kəndinin əhalisi ilə keçirtdiyi səyyar qəbul və görüşdə rayonun idarə və müəssisələrinin rəhbərləri iştirak etmişlər.

Rayon icra hakimiyyəti başçısının Asxanakəran kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Səlaəddin Əliyev görülən işlər barədə məlumat verərək qeyd etmişdir ki, son illər nümayəndəlikdə iki tam orta və iki ibtidai məktəb üçün müasir tipli binalar tikilmiş, Əzərüd kəndinə gedən avtomobil yolu və Anbuba kəndinə gedən yolun 1500 metr hissəsi asfaltlaşdırılmış, Bəlbay və Dəstor kəndlərinin yolları əsaslı təmir edilmiş, 4 körpü qoyulmuş, elektrik xətt təsərrüfatında təmir işləri aparılmış, bütün yaşayış məntəqələrinə internet xətti çəkilmişdir. Bu görülən işlərlə əhalinin yaşayışının nəzərə çarpacaq dərəcədə yaxşılaşdığını bildirərək bunun üçün bütün sakinlər adından möhtərəm cənab Prezident İlham Əliyevə minnətdarlıq etmişdir. Mütəmadi olaraq yaşayış məntəqələrinə gələrək əhali ilə görüşlər keçirən icra başçısına, qaldırılan problemlərin həllinə həssaslıqla yanaşdığına görə dərin təşəkkürünü bildirmişdir.

İcra başçısı yaşayış yerlərində əhali ilə keçirilən görüşlərin ənənəvi hal aldığını, dağ kəndinin əhalisi ilə daha tez-tez görüşə gəldiyini bildirmişdir. Qeyd etmişdir ki, bütün yaşayış məntəqələrini əhatə edən belə görüşlər ümumi işimizin xeyrinədir. Problemlərlə yerində tanış olur, təklifləri dinləyir və icrası üçün tədbirlər müəyyənləşdiririk.

Ümumilikdə son illər dağ kəndlərimizdə görülən işlər ürəkaçandır. Bütün məktəb binaları yeni tikilmiş, avtomobil yolunun asfalt örtüyü əsaslı təmir edilmiş, əvvəllər Lerik rayonu ərazisindən çəkilən yüksək gərginlikli elektrik xətti ləğv edilərək rayonumuzun ərazisindən yeni elektrik xətti çəkilmişdir. Əsas sosial problemlərinin həllini tapması burada yaşayışı xeyli asanlaşdırmışdır. Bu tədbirlər bundan sonra da davam edəcəkdir.

Ən ucqar dağ kəndlərimizdə belə abadlıq-quruculuq işlərinin aparılması Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasətinin uğurlu nəticəsi və bunu davam etdirən cənab Prezident İlham Əliyevin düşünülmüş, məqsədyönlü siyasətidir.

Bütün bunlar böyük inkişaf yolunda olan ölkəmizin gücünü göstərir. Müstəqil dövlətimiz bütün istiqamətlərdə inkişafın, tərəqqinin təmin edilməsi üçün beynəlxalq aləmdə ən yüksək səviyyədə əlaqələrin qurulmasına xüsusi önəm verir. Dünya dövlətləri ilə sülh və əməkdaşlıq şəraitində normal münasibətlərin qurulması Azərbaycanımızın mütərəqqi inkişafında əsas rol oynayır.

Hazırda vəhşi ermənilərin otuz il ərzində dağıtdığı, talan etdiyi doğma torpaqlarımızda sürətli bərpa işləri aparılır. Bütün infrastruktur yenidən ən müasir şəkildə qurulur. Soydaşlarımızın doğma torpaqlara qayıdışı üçün dövlətimiz nə lazımdırsa edir.

Sizi əmin edirəm ki, müstəqilliyimizin qorunması, xalqımızın təhlükəsiz yaşaması üçün böyük siyasi uzaqgörənlik nümayiş etdirən cənab Prezidentimizin rəhbərliyi ilə Azərbaycanımız bundan sonra da daim inkişaf edəcək və daha uğurlu sabahlara qovuşacaq.

Kənd sakinləri ölkəmizin uğurlarından, qazanılan nailiyyətlərdən, düşmən üzərində tarixi qələbədən bəhs edərək dövlətimizin suverenliyini, vətəndaşlarımızın təhlükəsiz şəraitdə xoşbəxt yaşayışını təmin etdiyinə görə cənab Prezidentə hədsiz minnətdarlıq ifadə etmişlər. Sakinlər Bəlbay kəndinə gedən yolun asfaltlaşdırılmasına və yola suötürücü borunun qoyulmasına, kəndə qaz xəttinin çəkilməsinə, Asxanakəran kənd tam orta məktəbinə qədər olan yolun asfaltlaşdırılmasına, məktəbin dam örtüyünün dəyişdirilməsinə və su xəttinin çəkilməsinə, Asxanakəran-Bursut yolunun bir hissəsinin təmir edilməsi üçün texnika verilməsinə, kənddə qəzalı vəziyyətdə olan elektrik dirəklərinin dəyişdirilməsinə köməklik göstərilməsini xahiş etmişlər.

İcra başçısı vətəndaşlar tərəfindən verilən təkliflərə və qaldırılan məsələlərə münasibət bildirmiş, həlli barədə aidiyyəti üzrə tapşırıqlar vermişdir.

Keçidlər