Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Asxanakəran kəndində səyyar qəbul

08 dekabr 2023 | 14:27

Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev əhali ilə növbəti görüşünü Asxanakəran kəndində keçirtmişdir. Görüşdə rayonun idarə və müəssisələrinin rəhbərləri iştirak etmişlər.

İcra başçısı bildirmişdir ki, rayonun bütün yaşayış məntəqələrində ildə ən azı bir dəfə əhali ilə görüşlər keçiririk. Dağ kəndlərində bu görüşləri daha tez-tez keçirtməyə çalışırıq ki, sakinləri narahat edən məsələlərin yerində həllinə köməkliyimizi göstərək. Asxanakəran kəndində və ümumiyyətlə, nümayəndəliyin digər kəndlərində həlli vacib məsələlər demək olar ki, qalmamışdır. Həll olunmamış məsələlər zaman tələb edir ki, bunlar üçün tədbirlər görülür.

Bugünkü görüşümüzü böyük ruh yüksəkliyi ilə keçiririk. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi və qəhrəman oğullarımızın fədakarlığı ilə torpaqlarımız işğaldan azad edilib. Sentyabrın 19-da keçirilən antiterror tədbirləri nəticəsində cəmi bir sutka ərzində tamamilə darmadağın edilən erməni terroristləri təslim olandan sonra Qarabağda yerləşən qanunsuz qondarma rejim də özünü buraxmağa məcbur oldu. Bununla da ərazi bütövlüyümüz təmin edildi və dövlətimizin suverenliyi tam şəkildə bərpa olundu.

Cənab Prezidentin uzun illərdən sonra oktyabrın 15-də şanlı bayrağımızı həsrətində olduğumuz Xocalıda, Xocavənddə, Əskəranda, Sərsəng su anbarı ərazisində və Xankəndidə qaldırması ən unudulmaz, ən sevincli bir gün kimi xalqımızın yaddaşında əbədi qalacaq. Bu bizə qürur verir. Qalib dövlətin vətəndaşı, qalib xalqın nümayəndəsi olmağımızla fəxr edirik. Biz bununla bütün dünyaya sübut etdik ki, Azərbaycan xalqı, qəhrəman, qalib, qürurlu xalqdır, torpağını sevən xalqdır.      

Görüş iştirakçıları çıxışlarında ölkəmizin uğurları, vətəndaşlara olan diqqət və qayğıdan, düşmən üzərindəki qələbədən,  cənab Prezidentin çoxdan həsrətində olduğumuz Qarabağ torpağına səfərləri və böyük quruculuq işlərindən sonsuz qürur duyduqlarını bildirmişlər. Cənab Prezidentin əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması ilə əlaqədar həyata keçirtdiyi tədbirlərdən razılıqla danışaraq, bu diqqət və qayğıya görə ölkə başçısına hədsiz minnətdarlıq etmişlər. Rayon icra hakimiyyəti başçısının vaxtaşırı onların görüşünə gəlməsini, söylənən problem və təkliflərə həssaslıqla yanaşaraq operativ həllinə tapşırıqlar verməsini böyük diqqət və qayğının bariz nümunəsi kimi dəyərləndirmişlər. Kəndə təbii qaz xəttinin və internet şəbəkəsinin çəkilməsinə, Bəlbay körpüsündən kəndin qəbiristanlığına qədər olan 1500 metr yolun və kənd ara yollarının təmir edilməsinə, odun yanacağı ilə təminata, kənd sağlamlıq mərkəzində şəraitin yaradılmasına, gənclərin məşğulluğunun təmin edilməsinə, Asxanakəran kəndi ilə Bursut kəndləri arasındakı yeni qoyulmuş avtomobil körpüsündə tamamlanma işlərinin aparılmasına köməklik göstərilməsini xahiş etmişlər.

Səyyar qəbul-görüşdə sakinlərin arzu və təklifləri dinlənilmiş, irəli sürdükləri məsələlərin həlli ilə əlaqədar müzakirələr aparılaraq  tədbirlər müəyyənləşdirilmişdir.

İcra başçısı görülən bütün işlərin cənab Prezidentin rəhbərliyi, tapşırığı və diqqəti ilə həyata keçirildiyini bildirmişdir. Qeyd etmişdir ki, ölkəmiz bütün istiqamətlərdə sürətlə inkişaf edir. Bunun nəticəsidir ki, əvvəllər adi günlərdə gəlməyə çətinlik çəkdiyimiz dağ kəndlərinə indi hətta yağışlı, qarlı günlərdə çox rahatlıqla gələ bilirik. Çəkilən asfalt yollar sakinlərin yaşayışını xeyli asanlaşdırıb. Bundan başqa ən müasir məktəb binaları tikilib, körpülər salınıb, elektrik xətləri çəkilib. Bu işlər bu gün də davam edir. Hazırda bizi uzun müddət idi ki, narahat  edən digər dağ kəndlərimiz olan Dürriyə və Şümrüd kəndlərinə avtomobil yolunun çəkilişinə başlanmışdır. O istiqamətdə Reqloba və Dolu kəndləri arasında böyük qayalıq var. O qayalıq ərazidən yolun açılması üçün tədbirlər fikirləşirik. Bu yol açılarsa əhalinin gediş-gəlişi üçün dairəvi bir yol yaranacaq ki, bu da yerli sakinlərlə yanaşı əraziyə gələn turistlərin hərəkəti üçün də çox rahat olar.

Dağ camaatı qoçaq insanlardır, zəhmətkeşdirlər. Abadlıq işlərində fəal iştirak edirlər. Təsərrüfat işlərində də fəal olan vətəndaşlarımızın zəhməti ilə son illər bu kəndlərdə heyvandarlıq və arıçılığın inkişafı bizi sevindirir. Məsləhət görürəm ki, imkan olduğu qədər təsərrüfatlarınızı genişləndirin. Çünki böyük turizm potensialı olan, gözəl, mənzərəli dağ kəndlərimizə turistlərin gəlişi ildən-ilə artır. Ona görə də istehsal etdiyiniz məhsulların alıcıları qapınızda həmin məhsulları alarlar. Kəndin imkanlı adamları turizm obyektlərinin yaradılmasına çalışmalıdırlar. Bunun üçün tərəfimizdən hər cür köməklik göstəriləcəkdir. Əsas odur ki, ölkəmizdə əmin-amanlıqdır, azad edilən Qarabağımızda və ümumiyyətlə, bütün ölkədə cənab Prezidentin rəhbərliyi ilə yüksək quruculuq işləri davam edir. Biz də bu işlərə töhfə verməkdən ötrü canla-başla çalışmalıyıq.

Keçidlər