Əzərüd kəndində səyyar qəbul və görüş
Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayevin əhali ilə mütəmadi hal alan səyyar qəbul və görüşün növbəti ünvanı ucqar dağ kəndlərindən olan Asxanakəran kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Əzərüd kəndi olmuşdur. Görüşdə rayonun idarə və müəssisələrinin rəhbərləri iştirak etmişlər.
İcra başçısı görüş iştirakçılarını salamlayaraq, bildirmişdir ki, rayonun hər yaşayış məntəqəsində ildə ən azı bir dəfə əhali ilə görüş planımıza uyğun olaraq bu gün Əzərüd kəndinə gəlmişik. Rayon mərkəzindən xeyli uzaqda yerləşən mürəkkəb relyefə malik bu dağ kəndlərinin problemləri ilə həmişə maraqlanmış, həllinə köməkliklər göstərmişik. Son illər Əzərüd kəndində də xeyli işlər görülüb. Kəndə asfalt yol çəkilib, bu gözəl məktəb binası tikilib, əvvəllər Lerik rayonu ərazisindən çəkilən yüksək gərginlikli elektrik xətti ləğv edilərək Siyaku kəndi ərazisindən yeni elektrik xətti çəkilib. Bu gün sizinlə yenidən görüşməkdə məqsəd təkliflərinizi dinləmək, problemlərin həllinə birgə nail olmaqdır.
Kənd sakinləri çıxışlarında cənab Prezidentin rəhbərliyi ilə ölkəmizin inkişafından, yeniliklərdən, ən əsası son günlər keçirilən və tam qələbəmizlə başa çatan uğurlu antiterror əməliyyatından sevinclə danışaraq, bütün bunlara görə ölkə Prezidenti cənab İlham Əliyevə dərin hörmət və sevgilərini ifadə etmişlər. Bu qədər qlobal problemlərin həlli ilə yanaşı vətəndaşların rahat yaşayışının təmin edilməsi üçün yaradılan şəraitdən məmnunluqlarını bildirmişlər.
Sakinlər görülən işlərlə yanaşı odun yanacağının verilməsinə, yağan güclü yağışlar nəticəsində sürüşərək fərdi yaşayış evinin divarına söykənən torpaq kütləsinin təmizlənməsinə köməklik göstərilməsini xahiş etmişlər.
İcra başçısı müraciətlərin müsbət həlli istiqamətində tədbirlərin görülməsi üçün aidiyyəti üzrə tapşırıqlar vermişdir.
Bildirmişdir ki, kəndin əsas sosial problemlərinin həllini tapması sevindiricidir. Bütün bu inkişafın təməli Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuşdur. Bu strategiyanı müvəffəqiyyətlə davam etdirən cənab Prezidentimiz düşünülmüş, uğurlu siyasi gedişlər və iqtisadi inkişafla ölkəmizi beynəlxalq aləmdə sabit siyasətli, demokratik cəmiyyətin formalaşdığı sülhsevər bir dövlət kimi tanıda bilmişdir. Bütün istiqamətlərdə, o cümlədən, ordu quruculuğu sahəsində həyata keçirilən məqsədyönlü siyasətin nəticəsi idi ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin siyasi-hərbi rəhbərliyi ilə Müzəffər Ordumuz erməni terrorçularını 44 gün müddətində ağır məğlubiyyətə uğradaraq uzun illər işğalda olan torpaqlarımızı azad etdi. Bu ilin sentyabrın 19-da həyata keçirilən lokal xarakterli antiterror əməliyyatı nəticəsində isə qəhrəman əsgərlərimiz Qarabağımızda yuva salmış terrorçu ünsürləri cəmi 23 saat ərzində məhv edərək diz çökdürdülər. İpə-sapa yatmayan, dinc sakinlərə, hərbçilərimizə qarşı terrorlar törədən daşnak tör-töküntüləri ağ bayraq qaldıraraq təslim oldular. Bununla da 200 il ərzində torpaqlarımızda kök salmış separatizmin kökü birdəfəlik kəsildi. Zaman-zaman verdiyimiz şəhidlərin qisası düşməndən döyüş meydanında alındı. Bu gün Xocalıda, Xankəndində dalğalanan şanlı bayrağımız bizə qürur verir. Müstəqil dövlətimizin bütün torpaqları üzərində suverenliyini bərpa etməsi əslində tarixi ədalətin bərpasıdır. Dünyada qalib xalq, qalib dövlət kimi tanınan Azərbaycan sübut etdi ki, bir qarış torpağını belə kimsəyə verməyəcək.
Bundan sonra da birliyimizi əbədi qorumalı, cənab Prezidentin dövlətimizin və xalqımızın təhlükəsizliyinin təmin edilməsi, iqtisadi qüdrətinin daha da artırılması istiqamətində həyata keçirtdiyi möhtəşəm işlərə dəstəyimizi verməliyik.
Sonda aprel döyüşlərində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalmış Pəncəli Teymurovun məzarı ziyarət edilmiş, şəhidlərin ruhuna dualar oxunmuşdur.