Bala Şahağac kəndində səyyar qəbul və görüş
Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayevin Kakalos kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə daxil olan Bala Şahağac kəndində əhali ilə keçirdiyi səyyar qəbul və görüşdə rayonun inzibati orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak etmişlər.
İcra başçısı görüş iştirakçılarını salamlayaraq bildirmişdir ki, bu kənddə keçirilən görüşlərimiz həmişə səmərəliliyi ilə yadda qalıb. Kəndin qazlaşdırılması, yeni məktəb binasının tikintisi, kənd içi əsas yolun işıqlandırılması və sair ötən müddət ərzində görülmüş işlərdir. Axırıncı görüşümüz 2019-cu ilin martında olmuşdur. Sonralar pandemiya səbəbindən görüşə bilməmişik. Bu il Kakalos inzibati ərazi dairəsinin Kakalos, Qamışoba və Kolatan kəndlərində görüşlərimiz olub. Bu gün də sizinlə bir yerdəyik. Məqsədimiz problemləri öyrənib həllinə köməklik etməkdir.
Sakinlər çıxış edərək ölkəmizin hərtərəfli inkişafının təmin edilməsi, əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi tədbirlərə görə ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevə hədsiz minnətdarlıq ifadə etmişlər. Ölkəmizdə sosial-iqtisadi inkişaf sahəsində qazanılan yüksək nailiyyətlərdən bəhs edərək rayonumuzda görülən quruculuq, abadlıq işlərini ürəkdən bəyəndiklərini bildirmişlər. Yerlərdə əhali ilə tez-tez görüşlər keçirdiyinə, qaldırılan problemlərin həllinə həssaslıqla yanaşdığına görə icra başçısından razılıq etmişlər.
Sakinlər eyni zamanda Bala Şahağac kəndindən Lənkəran şəhərinə marşrut xəttinin açılmasına, kənddə elektrik xətt təsərrüfatının SİP kabelləşməsinə, küçə işıqlandırılmasında istifadə olunan aylıq enerji haqqının ödənilməsinə, qəzalı vəziyyətdə olan elektrik dirəyinin dəyişdirilməsinə, balıq ovuna qanunsuz mane olan su polisi, ekologiya işçiləri və sərhədçilər barəsində tədbir görülməsinə, Bala Şahağac kənd ümumi orta məktəbinin tam orta məktəbə çevrilməsinə köməklik göstərilməsini xahiş etmişlər.
İcra başçısı qaldırılan məsələlərə münasibət bildirərək həlli ilə əlaqədar idarə, müəssisə rəhbərlərinə tapşırıqlar vermişdir.
Dünyanın siyasi və iqtisadi idarəetməsində maraqların toqquşduğu bir dövrdə cənab Prezident İlham Əliyev tərəfindən ölkəmizin iqtisadi potensialının artırılması istiqamətində həyata keçirilən çevik iqtisadi siyasətin qısa müddətdə müsbət nəticələr verdiyini qeyd edən icra başçısı, Azərbaycanımızın böyük inkişaf yolunda olduğunu diqqətə çatdırmışdır. Qeyd etmişdir ki, ölkəmizdə bütün sahələrdə irəliləyiş, tərəqqi var. Sizi əmin edirəm ki, Azərbaycanımızın bu günü dünəndən güclü olduğu kimi, sabahı da bu günündən daha güclü olacaqdır. Çünki Ulu Öndər Heydər Əliyevin banisi olduğu müstəqil Azərbaycan onun siyasi varisi möhtərəm cənab İlham Əliyevin düşünülmüş, məqsədyönlü siyasəti ilə uğurlu bir inkişaf yolundadır.
Görülən abadlıq işləri ilə rayonumuz da gündən-günə simasını dəyişir, gözəlləşir. Elə bu ərazidə dəniz sahilində inşa edilən müasir turizm obyektləri buna misaldır. Gələcəkdə dəniz sahili boyu Astara şəhərinə qədər yeni obyektlər olacaq. Bunların istifadəyə verilməsi ilə çoxlu iş yerləri açılır. Bunların hamısı inkişafdır, əhalinin rifahının yaxşılaşması üçün bir vasitədir. Rayonumuzun və bu kəndin imkanlı şəxslərini özəl sektorun inkişaf etdirilməsinə sərmayə qoymağa çağırıram. Tərəfimizdən bu insanlara hər cür köməklik göstəriləcəkdir.
Yaradılan imkanlara görə cənab Prezidentimizə minnətdar olmalıyıq. Müzəffər Ali Baş Komandanımız illərdir, xalqımızı narahat edən, həlli müşkülə çevrilmiş ölkəmizin ən böyük problemi olan Qarabağ problemini həll etməklə bizə doğma torpaqlarımıza qayıtmaq səadətini bəxş etdi. İllər idi ki, həmişə bayramlarımızı, əlamətdar günlərimizi Qarabağda qeyd etmək arzusuyla yaşayırdıq. Cənab Prezidentimizin ölkəyə müdrik rəhbərliyi ilə xalqımız dəmir yumruq kimi birləşərək qəhrəman oğullarımızın igidliyi sayəsində düşməni ağır məğlubiyyətə uğratmaqla bu arzumuz gerçəkləşdi. İndi işğaldan azad edilən bütün torpaqlarımızda şanlı bayrağımız əzəmətlə dalğalanır. Sizi əmin edirəm ki, bayrağımız əzəli Azərbaycan torpaqlarında əbədi dalğalanacaqdır.