Bala Şahağac kəndində səyyar qəbul
Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev Kakalos kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə daxil olan Bala Şahağac kəndində əhali ilə növbəti səyyar qəbul və görüş keçirtmişdir. Görüşdə rayonun inzibati orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak etmişlər.
İcra başçısı görüş iştirakçılarını salamlayaraq bildirmişdir ki, nümayəndəliyin ayrı-ayrı yaşayış məntəqələrində vaxtaşırı keçirilən görüşlər həmişə səmərəli olub. Verdiyiniz təkliflər əsasında ərazidə xeyli işlər görülmüşdür. Kəndin qazlaşdırılması başa çatdırılmış, yeni məktəb binası tikilmiş, kənd daxili əsas avtomobil yolu asfaltlaşdırılmışdır. Daha çox narahatlıq doğuran məsələ istismar müddəti başa çatmış elektrik xətt təsərrüfatı ilə sakinlərə keyfiyyətli enerji verilməsində yaranan çətinliklər idi. Bu problem də həllini tapmaq üzrədir. Hazırda bütün xətt təsərrüfatının yenilənməsinə başlanmış, bu iş qısa müddətdə başa çatdırılacaqdır. Nümayəndəliyin Qamışoba kəndində müasir turizm obyektləri inşa edilmişdir. Bu layihələrin Astara şəhərinə kimi davam etdirilməsi nəzərdə tutulmuşdur. Bunun üçün rayona investorlar cəlb edilmiş və bu iş daim diqqətdə saxlanılır. Ərazi və bütövlükdə rayonumuz həm yay, həm də qış turizminin inkişafı üçün əlverişli və cəlbedicidir. Yeni-yeni layihələrlə gündən-günə gözəlləşən rayonumuza turist axını ilbəil çoxalır.
Dəniz sahilini yaşayış məntəqələrindən ayıran dəmiryol xəttinin Ələt-Astara magistral avtomobil yoluna paralel köçürülməsi nəzərdə tutulmuş, bunun üçün hazırlıq işləri görülür. Bu məsələ həllini tapdıqdan sonra Lənkərandan başlayaraq Astara şəhəri istiqamətində geniş ərazilərin dənizə birbaşa çıxışı olacaq ki, bununla da müasir turizm infrastrukturunun yaradılması üçün böyük imkanlar yaranacaqdır. Gənclərimiz turizm sahəsində çalışmaq üçün biliklərə yiyələnməli, yenilikləri öyrənməlidirlər. Çünki bu perspektivli bir sahədir.
7 fevral tarixində ölkəmizdə keçirilən Prezident seçkilərində rayonumuzun bütün sakinləri kimi siz də fəallıq nümayiş etdirdiyinizə və cənab Prezidentə yenidən etimad göstərdiyinizə görə hər birinizə təşəkkürümü bildirirəm. Bu həm də bizim vətəndaşlıq borcumuz idi. Çünki ilk dəfə idi ki, suverenliyi bərpa edilmiş Azərbaycanımızın bütün ərazisində Prezident seçkiləri keçirilirdi. 44 günlük Vətən müharibəsində qalib gələn qəhrəman ordumuz ötən ilin 19 sentyabrında Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə keçirilən bir sutkalıq antiterror tədbirlərində düşmənə tarixi dərs verdi. Bütün erməni terrorçuları qısa müddətdə darmadağın edilərək təslim olmağa məcbur edildilər. Bu dünya hərb tarixində görünməmiş bir hadisə idi. İndi qalib dövlətin qalib xalqı kimi qürurluyuq.
Xalqımız bu zəfəri, bu sevinci bizə bəxş edən qalib rəhbərinə sevgisini, rəğbətini məhz seçki mütəşəkilliyinin təşkil edilməsi və yekdilliklə cənab İlham Əliyevə səs verməklə təsdiqlədi.
Sakinlər çıxışlarında düşmən işğalına son qoyaraq xalqımıza torpaq həsrətini unutduran, zaman-zaman verdiyimiz şəhidlərin qisasını almaqla qürurumuzu, sevincimizi qaytaran Prezident möhtərəm cənab İlham Əliyevə hədsiz minnətdarlıq etmişlər. Ölkəmizin qazandığı yüksək nailiyyətlərdən bəhs edərək hərtərəfli inkişafının təmin edilməsində cənab Prezidentin həyata keçirtdiyi tədbirləri ürəkdən bəyəndiklərini bildirmiş, bundan sonra da ətrafında sıx birləşərək dəstək olacaqlarını vurğulamışlar.
Sakinlər eyni zamanda Bala Şahağac kənd ümumi orta məktəbinin tam orta məktəbə çevrilməsinə, balıq ovu üçün təyin edilən 2 mil məsafənin 10 milə qədər artırılmasına, elektrik təsərrüfatının SİP kabelləşməsinin sürətləndirilməsinə, sürətli internet şəbəkəsinin yaradılmasına köməklik göstərilməsini xahiş etmişlər.
İcra başçısı qaldırılan məsələlərə münasibət bildirərək həlli ilə əlaqədar tədbirlərin müəyyən ediləcəyini bildirmişdir.