Bala Şahağac və Qamışoba kəndlərinə çəkilən yeni içməli su təchizatının açılışı
Xanbulançay su anbarından Astara şəhərinə gələn içməli su xəttindən rayonun Bala Şahağac və Qamışoba kəndlərinə çəkilən yeni içməli su təchizatının açılış mərasimi keçirilmişdir.
Açılış tədbirində Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədr müavini İlqar Gülməmmədov, sədrin müşaviri Zakir Quliyev, Su Meliorasiya QSC-nin icraçı direktoru Elçin Məmmədov, müavini Şöhrət Süleymanov iştirak etmişlər.
İcra başçısı Qəzənfər Ağayev Bala Şahağac və Qamışoba kəndlərinə içməli suyun verilməsi münasibətilə sakinləri təbrik etmişdir. Bildirmişdir ki, illərdir bu kəndlərin əhalisi içməli sudan çox əziyyət çəkirdi. Dəfərlərlə görüşlərimizdə bu problemi qaldıraraq həllinə köməklik göstərilməsini xahiş edirdiniz. Cənab Prezident İlham Əliyevin Sərəncamına əsasən ayrılan vəsait hesabına Astara şəhərinə içməli su xəttinin çəkilməsi ilə bu problemin həlli üçün imkanlar yarandı. 8 noyabr Zəfər Günü ərəfəsində hər birinizin qapısına içməli suyun çəkilməsi, ölkə başçısının digər sərəncamı ilə yolunuzun əsaslı təmir olunaraq asfaltlaşdırılması möhtərəm Prezidentimizin astaralılara göstərdiyi böyük diqqət və bayram hədiyyəsidir. Bu yollardan həmişə toy karvanları keçsin və sudan şad günlərinizdə istifadə edəsiniz.
Tədbirdə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədr müavini İlqar Gülməmmədov və sədrin müşaviri Zakir Quliyev çıxış edərək kəndlərə içməli suyun verilməsi münasibəti ilə sakinləri təbrik etmişlər.
Sakinlər çıxışlarında bayramlar ərəfəsində onlara bu sevinci bəxş etdiyinə görə ölkə başçısına sonsuz təşəkkür etmiş, bu işdə əməyi olan hər kəsə minnətdarlıqlarını bildirmişlər.







