Bəlbay kəndində səyyar qəbul və görüş
Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev rayonun ucqar dağ kəndlərindən olan Asxanakəran kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Bəlbay kəndində səyyar qəbul-görüş keçirmişdir.
İcra başçısı bildirmişdir ki, yerlərdə əhali ilə görüşlərin ümumi işimizə faydası böyükdür. Ötən dövrdə bizim müşahidələrimiz və verdiyiniz təkliflər əsasında nümayəndəlik ərazisində xeyli iş görülmüşdür. Azaru və Anbuba kəndlərinin avtomobil yolları asfaltlaşdırılmış, Bəlbay kəndinin yolu genişləndirilərək yerli materialdan daş-çınqıl döşənmiş, yüksək gərginlikli elektrik xətləri tamamilə yenilənmiş, sürətli internet şəbəkəsi yaradılmışdır. Hazırda Şıxımpeştə kəndinə gedən yola çınqıl döşənir. Bu işlərin görülməsində kənd əhalisinin işgüzarlığını xüsusi qeyd edirəm. Çünki müəyyən işlər kənd sakinlərinin birliyi və iştirakı ilə görülmüşdür. Buna görə hər birinizə təşəkkürümü bildirirəm. Ümumilikdə götürəndə son illər nümayəndəliyin ərazisində daha böyük işlər görülmüşdür. Taxtanəkəran-Toradi avtomobil yolunun asfaltlaşdırılması, Asxanakəran, Motalayataq, Anbuba və Azaru kəndlərində yeni məktəb binalarının tikintisi buna misaldır. Hazırda ən vacib problem kəndə qaz xəttinin çəkilməsidir. Bir az vaxt tələb edən bu məsələ də yaxın illərdə həllini tapacaqdır.
Bu abadlıq işlərinin görülməsi ilə dağ kəndləri xeyli inkişaf etmişdir. Əsasən yol infrastrukturu yaxşılaşdıqca yeni turizm marşrutları açılır ki, rayonumuza gələn qonaq və turistlər gözəl təbiətə malik bu yerləri rahat şəkildə gəzə bilirlər. Ən ucqar yaşayış məntəqələrində sosial problemlərin həlli böyük inkişaf yolunda olan ölkəmizin gücünü göstərir.
Görülən bu işlər həm də işğaldan azad edilmiş Şərqi Zəngəzur və Qarabağda həyata keçirilən geniş tikinti-quruculuq işləri ilə paralel şəkildə aparılır. Bu müqayisəni ona görə edirəm ki, düşmənin uzun müddətli işğal dövründə həmin ərazilərdə şəhər və kəndlərimiz vəhşicəsinə dağıdılmış, bütün infrastruktur tamamilə məhv edilmişdir. Bunların bərpası isə çox böyük vəsaitlər tələb edir. Hazırda güclü iqtisadi dayaqlara malik olan dövlətimiz heç kimdən maliyyə dəstəyi almadan yalnız öz gücü ilə bu işlərin öhdəsindən gəlir. Bütün infrastruktur yenidən ən müasir şəkildə qurulur. Artıq yüz mindən çox soydaşımız bərpa olunan yaşayış məntəqələrinə qayıdaraq öz doğma yurdlarında məskunlaşmış, bu proses mərhələli şəkildə davam edir.
İcra başçısı cənab Prezident İlham Əliyevin sədrliyi ilə may ayında keçirilən kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədən, təsdiq edilmiş Dövlət Proqramının mahiyyətindən danışaraq aqrar sahənin inkişafının vacibliyini diqqətə çatdırmışdır. Bildirmişdir ki, bütün əkinə yararlı torpaq sahələri əkin dövriyyəsinə qaytarılmalı, ölkədə məhsul bolluğunun yaradılması, əhalinin məşğulluğunun təmin edilməsi üçün əlimizdən gələni etməliyik. Dağ kəndlərimizin torpaqları dəmyə torpaqlar olduğundan buna uyğun kənd təsərrüfatı bitkilərinin yetişdirilməsinə, eyni zamanda heyvandarlıq və arıçılığın inkişafına diqqəti artırılmalıyıq.
Kənd sakinləri çıxış edərək ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin rəhbərliyi ilə respublikada həyata keçirilən qlobal layihələrin icrası ilə müstəqil Azərbaycanımızın daha da çiçəkləndiyini, əhalinin rifahının gündən-günə yaxşılaşdığını qeyd etmiş, bu diqqət və qayğıya görə ölkə rəhbərinə hədsiz minnətdarlıq ifadə etmişlər. Qaldırılan problemlərin həllinə həssaslıqla yanaşdığına görə icra başçısına dərin təşəkkürlərini bildirən sakinlər Asxanakəran kənd tam orta məktəbinin dam örtüyünün təmirinə, içməli suyun çəkilməsinə, məktəb yolunun asfaltlaşdırılmasına, yolda piyada zolağının çəkilməsinə, Bəlbay kəndində qəzalı vəziyyətdə olan elektrik dirəkləri və naqillərin dəyişdirilməsinə, kəndə gedən yolun asfaltlaşdırılmasına, Bəlbay və Şümrüd kəndlərini birləşdirəcək 800 metrlik yolun çəkilməsinə, məşğulluğun artırılması üçün fermer assosiasiyalarının yaradılmasına və aqrar sahənin inkişafına köməklik göstərilməsini xahiş etmişlər.
İcra başçısı vətəndaşlar tərəfindən verilən təklif və qaldırılan məsələlərin həlli ilə əlaqədar müvafiq tədbirlərin görüləcəyini bildirmişdir.







