Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 8-13-94

Bəndəsər yaşayış massivində səyyar qəbul və görüş

13 avqust 2025 | 12:54

Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev təkcə qəsəbə və kəndlərdə deyil, rayonun ucqar yaşayış massivlərində də tez-tez əhali ilə səyyar qəbul və görüşlər keçirir. İcra başçısı növbəti səyyar qəbulu Səncərədi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Bəndəsər yaşayış massivində keçirmişdir.

İcra başçısı bildirmişdir ki, istər Bəndəsərdə, istərsə də nümayəndəliyin digər kəndlərində dəfələrlə görüşlərimiz olmuşdur. Bu görüşlərdə qaldırılan əksər məsələlərin həllinə birlikdə nail olmuşuq. Son illər nümayəndəliyin digər əraziləri kimi burada da müəyyən abadlıq-quruculuq işləri görülmüşdür. Bunlardan ən önəmlisi Bəndəsər yaşayış massivinin yolunun asfaltlaşdırılmasıdır. İllərlə bizi düşündürən məsələ nəhayət ki, həllini tapmışdır. Bundan başqa elektrik xətt təsərrüfatında təmir işləri aparılmış, modul tipli elektrik stansiyası tikilmişdir. Sevindiricidir ki, bu cür ucqar yerlərdə sürətli internet şəbəkəsi yaradılmışdır. Əvvəllər qaldırdığınız məktəb məsələsi də növbəti tədris ilindən başlayaraq modul tipli məktəbin quraşdırılması ilə həllini tapacaqdır.

Kəndin çox gözəl mənzərəsi var. Sitrusçuluq, arıçılıq, heyvandarlığın inkişafı üçün əlverişli imkanlar vardır. Bu imkanları dəyərləndirərək təsərrüfütlarınızı genişləndirməyiniz bizi sevindirir. Kənd sakinlərinin işgüzarlığı səliqəli bağların salınmasından görünür.

Ərazi turizmin inkişafı üçün böyük potensiala malikdir. Burada gözəl təbiət, təmiz hava, müalicəvi əhəmiyyətli İstisu termal bulaqları yerləşir. Rayona gələn qonaqlar da təbiətin qoynunda dincəlib istirahət etməyə üstünlük verirlər. Ona görə də bu kəndlərimiz daim qonaqlı-qaralıdır. Gələcəkdə bu səfalı yerlərdə müalicə ocaqları və müasir turizm obyektləri də inşa olunacaqdır. 

Əsas odur ki, ölkəmizdə sabitlikdir, əmin-amanlıqdır. Əhalinin rifahı, həyat səviyyəsi gündən-günə yaxşılaşır. Torpaqlarımızın işğaldan azad edilməsi, Qarabağda və Şərqi Zəngəzurda erməni vandallarının dağıtdığı şəhər və kəndlərimizin sürətli bərpası, soydaşlarımızın doğma məkanlarına köçməsi ilə böyük qayıdış proqramının uğurlu icrası möhtərəm Prezidentimizin müdrikliyini və ölkəmizin böyük iqtisadi gücünü göstərir.  

  İcra başçısı bütün bunların Ulu Öndər Heydər Əliyevin məqsədyönlü siyasətinin təntənəsi və bu siyasəti uğurla davam etdirən ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin yorulmaz fəaliyyətinin nəticəsi olduğunu diqqətə çatdırmışdır.

Sakinlər çıxış edərək möhtərəm cənab İlham Əliyevin əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi tədbirlərdən razılıqlarını bildirmiş, bu diqqət və qayğıya görə cənab Prezidentə hədsiz minnətdarlıq ifadə etmişlər. İştirakçılar yerlərdə əhali ilə tez-tez görüşlər keçirtdiyinə, qaldırılan problemlərin həllinə həssaslıqla yanaşdığına görə icra başçısına təşəkkürlərini bildirmişlər.

Sakinlər Bəndəsər yaşayış massivində əlavə transformatorun qoyulmasına, avtobus dayanacağının quraşdırılmasına, asfalt yolun çökmüş hissəsinin bərpasına, məhəlləyə gedən yolun və çay üzərində olan körpünün təmir edilməsinə, kənddə məscid tikilməsinə, kənd Hirkan Milli Parkının ərazisində yerləşdiyindən daşınmaz əmlaklarını sənədləşdirə bilmədiklərini və bu səbəbdən evlərinə elektrik və qaz sayğacları quraşdırılmasının mümkün olmadığını qeyd edərək  köməklik göstərilməsini xahiş etmişlər.

İcra başçısı elektrik gərginliyinin aşağı olduğunu nəzərə alaraq burada əlavə elektrik transformatorunun qoyulmasına və yolda olan problemlərin qısa müddətdə həll edilməsindən ötrü tapşırıq vermiş, qaldırılan digər məsələlərin həlli ilə əlaqədar tədbirlərin müəyyənləşdiriləcəyini bildirmişdir.

Keçidlər