Binabəy kəndində səyyar qəbul və görüş
Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev Siyaku kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Binabəy kəndində əhali ilə növbəti səyyar qəbul-görüşünü keçirtmişdir. Görüşdə rayonun hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrinin rəhbərləri iştirak etmişlər.
İcra başçısı bildirmişdir ki, nümayəndəliyin ayrı-ayrı kəndlərində vaxtaşırı keçirilən görüşlərdə vətəndaşların verdiyi təkliflər də nəzərə alınmaqla xeyli iş görülmüşdür. Miki kəndindən başqa nümayəndəliyin bütün ümumtəhsil məktəbləri üçün müasir tipli yeni binalar tikilmiş, əsas yollar asfaltlaşdırılmış, əhaliyə təbii qazın verilməsi əsasən təmin edilmiş, Təngərüdçayda sahilbərkitmə işləri aparılmış, sürətli internet şəbəkəsi çəkilmiş, bir neçə avtomobil körpüsü tikilərək istifadəyə verilmişdir. Hazırda elektrik xətt təsərrüfatının yenilənməsi davam edir.
Bütün bu işlərin arxasında cənab Prezidentimiz İlham Əliyevin imzası olduğuna görə möhtərəm Prezidentə minnətdarıq. Ölkəmizin iqtisadi qüdrəti artdıqca digər məsələlərlə yanaşı əhalinin maddi rifahının yaxşılaşdırılması üçün həyata keçirilən tədbirlərin miqyası da genişlənir. Sizi əmin edirəm ki, xalqımızın maddi həyat və məişət şəraitinin daha da yaxşılaşması, ölkəmizin davamlı və sabit inkişafının təmin olunması üçün cənab Prezident tərəfindən hələ çox böyük işlər görüləcəkdir. Bu yolda biz də əlimizdən gələni etməli, ölkəmizdə bərqərar olan əmin-amanlığı, sabitliyi göz bəbəyi kimi qorumalı və hər an ölkə rəhbəri ətrafında sıx birləşərək birlik nümayiş etdirməliyik.
Binabəy kəndi çox səfalı və abad bir kənddir. Kənd camaatının birliyi və işgüzarlığı ürəkaçandır. Bunun nəticəsidir ki, böyük maliyyə vəsaiti tələb etməyən işləri özünüz həll edirsiniz. Buna görə hər birinizə təşəkkür edirəm. Sizə bir sevindirici xəbərim də kəndin avtomobil yolunun asfaltlaşdırılmasının planlaşdırılmasıdır. Bunun üçün müvafiq hazırlıq işləri görülmüş, havalar açılan kimi işə başlanılacaqdır. Hazırda yolun əsas hissəsi, növbəti mərhələdə isə əsas yola birləşdirilməsi nəzərdə tutulmuşdur ki, bu da dairəvi bir yol olacaqdır.
Binabəy kəndi də daxil olmaqla Siyaku nümayəndəliyinin bütün kəndləri turizmin inkişafı üçün olduqca əlverişlidir. Turizm obyektlərinin inşası əhalinin güzəranının daha da yaxşılaşmasına, kəndin inkişafına imkanlar açacaqdır. Bu sahəyə investisiya qoymaq istəyən iş adamlarına tərəfimizdən hər cür köməklik göstəriləcəkdir.
Sakinlər çıxışlarında respublikada və rayonda gündən-günə geniş vüsət alan abadlıq-quruculuq işlərindən razılıqla danışaraq, rahat yaşayışlarının təmin edilməsindən ötrü həyata keçirilən tədbirlərə görə ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildirmişlər. Eyni zamanda yaşadıqları ərazidə əhali ilə tez-tez görüşdüyünə və söylənən təkliflərə həssaslıqla yanaşdığına görə icra başçısından razılıq edərək Siyaku kəndində bankomatın qoyulmasına, kəndə qəsəbə statusunun verilməsinə, elektrik xətt təsərrüfatının qalan hissəsinin SİP kabelləşdirilməsinə, kəndin asfalt olunması nəzərdə tutulan hissəsində qaz boruların yenilənməsinə, yeni məhəllələrə qaz xəttinin çəkilməsinə, məhəllə yollarında suötürücü boruların qoyulmasına, Siyaku kənd mərkəzi yolunda çökən hissənin təmir edilməsinə, Binabəy yolunun qalan hissəsinin asfalt olunmasına köməklik göstərilməsini xahiş etmişlər.
Sakinlərin söylədiyi arzu və təkliflərinə uyğun olaraq məsələlərin operativ həlli ilə əlaqədar aidiyyəti üzrə tapşırıqlar verilmişdir.







