Burzubənd kəndində səyyar qəbul və görüş
Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayevin Kijəbə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Burzubənd kəndində keçirtdiyi səyyar qəbul və görüşdə rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak etmişlər.
İcra başçısı qeyd etmişdir ki, bu kənddə keçirtdiyimiz çoxsaylı görüşlərimiz həmişə səmərəli olub. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz gündən-günə inkişaf edir, çiçəklənir. Bu inkişafın nəticəsidir ki, əsas problemlər artıq həllini tapmışdır. Toplaşdığımız bu müasir məktəb binası, çəkilmiş asfalt yollar, əhalinin dayanıqlı elektrik enerjisi və təbii qazla təmin olunması buna bariz nümunədir. İnanıram ki, digər məsələlərin həllinə də sizinlə birgə nail olacağıq.
Doğma torpaqlarımızı işğaldan azad etməklə qazandığımız Şanlı Zəfərimizi qeyd etdiyimiz bu günlərdə hamımız çox qürurluyuq.
Bildiyiniz kimi, Vətən müharibəsində dəmir yumruqla başları əzilərək məhv edilən düşmənin daşnaq tör-töküntüləri bir neçə dəfə terror hadisələri törədərək ölkəmizə, dövlətçiliyimizə qarşı təhdidlər yaradırdılar. Sentyabrın 19-da keçirilən antiterror əməliyyatı ilə cəmi 24 saat ərzində tamamilə darmadağın edildiyini görən terrorçular ağ bayraq qaldıraraq təslim oldular. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın suverenliyi tam bərpa edildi, separatçılığın kökü kəsildi, zaman-zaman verdiyimiz şəhidlərimizin qisası alındı. Bütün dünya mübariz xalqımızın birliyini və yenilməz ordumuzun gücünü bir daha gördü.
Ölkə başçısı cənab İlham Əliyevin prezidentlik fəaliyyətinin 20-ci ildönümündə əzəli torpaqlarımız olan Xocalı, Xocavənd, Ağdərə, Əskəran, Sərsəng su anbarı ərazisində və Xankəndi şəhərində Şanlı Bayrağımızı qaldırması xalqımıza unudulmaz hislər yaşatdı. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə bu il Zəfər Günündə möhtəşəm hərbi paradın Xankəndidə keçirilməsi unudulmaz hadisə olaraq tariximizin ən şanlı səhifəsi kimi yaddaşlarda əbədi qalacaqdır. Bu qüruru bizə yaşadan şəhidlərimizə Allahdan rəhmət diləyir, qazilərimizə can sağlığı arzulayıram. Allah Müzəffər Ordumuzu və Ali Baş Komandanımız İlham Əliyevi qorusun.
Ölkəmizdə, xüsusən də, işğaldan azad olunan ərazilərimizdə aparılan genişmiqyaslı tikinti-quruculuq və abadlıq işlərindən fəxrlə danışan kənd sakinləri əhalinin rifah halının yaxşılaşdırılmasından ötrü göstərdiyi diqqət və qayğıya görə möhtərəm Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər. Səmimi görüşə və qaldırılan məsələlərə həssaslıqla yanaşdığına görə rayon rəhbərliyinə təşəkkür etmişlər.
Sakinlər görülən işlərlə yanaşı kənddə elektrik xətt təsərrüfatının yenilənməsinə və yeni transformatorun qoyulmasına, qazlaşmamış evlərə qaz xəttinin çəkilməsinə, məhəllə yolunun asfaltlaşdırılmasına, körpünün təmiri üçün materialın verilməsinə, kəndin suvarma suyu ilə təmin edilməsinə və internet şəbəkəsinin çəkilməsinə köməklik göstərilməsini xahiş etmişlər.
İcra başçısı vətəndaşlar tərəfindən qaldırılan məsələlərə münasibət bildirmiş, həlli barədə aidiyyəti üzrə tapşırıqlar vermişdir.
Ümummilli Lider Heydər Əliyevin siyasətini uğurla davam etdirən cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə qazanılan uğurlar barədə danışan icra başçısı ölkənin hər tərəfində, o cümlədən, rayonumuzda aparılan abadlıq və quruculuq işlərini diqqətə çatdırmışdır. Qeyd etmişdir ki, cənab Prezidentin bu yaxınlarda Çayoba-Astara avtomobil yolunun əsaslı təmirinə vəsait ayırması barədə imzaladığı Sərəncam rayonumuzun yol infrastrukturunun yaxşılaşdırılmasına böyük töhfədir. Əhalimizin əksər hissəsinin mütəmadi istifadə etdiyi bu yolun bərbad olması bizi çox narahat edirdi. Hazırda yolun tikintisinə başlanılmış, yaxın gələcəkdə müasir tələblərə cavab verən bir yol istifadəyə veriləcəkdir. Bu yüksək diqqət və qayğıya görə cənab Prezidentə minnətdarlığımızı bildiririk. Əhalinin rifahının yaxşılaşmasına xidmət edən bu cür tədbirlər gələcəkdə də davam edəcəkdir.
İcra başçısı bildirmişdir ki, ölkəmizin hərtərəfli inkişafı, günü-gündən artan gücü və nüfuzu xalqımızın maddi və məişət şəraitinin daha da yaxşılaşması, rahat və firavan həyatının təminatıdır. Biz də hamılıqla ölkəmizdə bərqərar olan əmin-amanlığı, sabitliyi göz bəbəyi kimi qorumalı və hər an möhtərəm Prezidentimiz İlham Əliyevin ətrafında sıx birləşərək birlik nümayiş etdirməliyik.