Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Burzubənd kəndində səyyar qəbul və görüş

07 fevral 2025 | 15:23

Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayevin Kijəbə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Burzubənd kəndində keçirtdiyi səyyar qəbul və görüşdə rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak etmişlər.

İcra başçısı qeyd etmişdir ki, Burzubənd kəndində dəfələrlə görüşlərimiz olmuşdur. Səmərəli keçən bu görüşlərdə tərəfinizdən səsləndirilmiş problemlərin əksəriyyətinin həllinə nail olmuşuq. Ancaq mən bunlardan daha çox önəmli olan və hər birimizi daim narahat edən dörd məsələni xüsusilə vurğulamaq istəyirəm. Bunlar kəndin qazlaşdırılması, avtomobil yolunun asfaltlaşdırılması, Burzubənd kənd tam orta məktəbi üçün yeni binanın tikintisi və kəndin suvarma suyu ilə təmin edilməsi  idi ki, bu məsələlər artıq həllini tapmışdır. Əvvəllər sizinlə görüşlərimizdə köhnə, çoxdan istismar müddətini başa vurmuş məktəb binasına girməkdə belə ehtiyat edirdik. Müəllimlər tədris aparmaqda çətinlik çəkir, şagirdlər keyfiyyətli təlim ala bilmirdilər. Ölkə başçısının imzaladığı Sərəncamla ayrılan vəsait hesabına bu müasir tipli binanın inşası ilə bütün narahatlıqlara son qoyuldu. İndi belə gözəl, yaraşıqlı tədris ocağında elm öyrənən şagirdlərimizin ildən-ilə artan nailiyyətləri bizi çox sevindirir. Gənclərimiz burada elmi biliklərə yiyələnməklə yanaşı, həm də vətənpərvər ruhda böyüyürlər. Biz Vətən müharibəsində bunun bir daha şahidi olduq. Rayonumuzun bütün gəncləri kimi bu kəndin cavanları da heç bir çağırış gözləmədən könüllü müraciət edərək Vətənin müdafiəsinə yollandılar və torpaqlarımızın işğaldan azad edilməsində fədakarlıqlar göstərdilər. Bizə böyük qələbənin sevincini yaşadan bütün şəhidlərimizə Allahdan rəhmət diləyir, qazilərimizə can sağlığı arzulayırıq.    

Burzubənd kəndinin hər bir sakininin irili-xırdalı sitrus bağları vardır. Sitrus meyvələrinin satışı ilə ailə büdcələrini formalaşdıran bu kəndin və qonşu kəndlərin əhalisi suvarma suyu ilə təminatda çətinlik çəkdikləri üçün dəfələrlə müraciət etmiş, problemin həllinə köməklik istəmişdilər. Nəhayət, aidiyyəti qurumlara verdiyimiz təkliflər dəyərləndirilərək Lovayın su anbarından kəndə yeni suvarma su xətti çəkilmiş, su anbarı tikilmişdir. Bu anbardan gələcəkdə qonşu kəndlərə də suvarma suyu veriləcəkdir. Yəqin ki, bundan sonra yeni bağlar salınacaq, məhsuldarlıq da xeyli artacaqdır.

İcra başçısı rayonumuzun turizm üçün çox əlverişli olduğunu qeyd edərək aparılan abadlıq işləri və bütün dağ kəndləri də daxil olmaqla yolların asfaltlaşdırılmasından sonra turist axınının çoxaldığını xüsusi vurğulamışdır. Qeyd etmişdir ki, əvvəllər yalnız yay aylarında rayona turistlərin gəlişi müşahidə olunurdusa, yaradılan yeni yol şəbəkəsindən sonra ilin bütün fəsillərində yaşayış məntəqələrimizdə xarici qonaqlar və turistləri görə bilirik.    

Hazırda respublikada və rayonda görülən əhəmiyyətli işləri sakinlərin nəzərinə çatdıran icra başçısı, bunların möhtərəm Prezidentimiz cənab İlham Əliyevin məqsədyönlü siyasətinin nəticəsi olduğunu bildirmiş, bundan sonra da əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində tədbirlərin davam etdiriləcəyini əminliklə söyləmişdir.

Kənd sakinləri rayonumuzda görülən işlərdən razılıqla danışaraq əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasından ötrü göstərdiyi diqqət və qayğıya görə möhtərəm Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirmiş, rayon rəhbərliyinə səmimi görüşə və  qaldırılan məsələlərə həssaslıqla yanaşdığına görə təşəkkür etmişlər. Sakinlər müəyyən təkliflər söyləyərək məhəllə yolunun asfaltlaşdırılmasına, yeni salınmış məhəllələrə qaz xəttinin çəkilməsinə, fərdi evinə internet şəbəkəsinin çəkilməsinə, torpaq sahəsinə gedən yolun açılmasına köməklik göstərilməsini xahiş etmişlər.

İcra başçısı vətəndaşlar tərəfindən qaldırılan məsələlərə münasibət bildirmiş, həlli barədə aidiyyəti üzrə tapşırıqlar vermişdir.

Keçidlər