Burzubənd kəndində səyyar qəbul və görüş
Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev Kijəbə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Burzubənd kəndində növbəti səyyar qəbul keçirmişdir. Tədbirdə rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak etmişlər.
İcra başçısı qeyd etmişdir ki, rayonun yaşayış məntəqələrində səyyar qəbulların keçirilməsi ənənəvi hal almışdır. Bu da hər cəhətdən ümumi işimizin xeyrinədir. Ən əsası sakinlər rayon mərkəzinə gəlmədən fikirlərini, onları narahat edən məsələləri söyləyir və həlli üçün tərəfimizdən tədbirlər görülür. Son illər kənddə, ümumilikdə, qəsəbə ərazisində çoxsaylı işlər görülüb. Müasir tipli məktəb binaları tikilmiş, avtomobil yolları asfaltlaşdırılmış, əksər yaşayış məntəqələri qazlaşdırılmış, sürətli internet şəbəkəsi yaradılmış, suvarma suyu çəkilmişdir. Burzubənd kənd tam orta məktəbi üçün yeni binanın tikintisi və kəndin suvarma suyu ilə təmin edilməsini xüsusilə qeyd etmək istəyirəm. Beş-altı il əvvəl köhnə, çoxdan istismar müddətini başa vurmuş məktəb binasına girməkdə belə ehtiyat edirdik. Müəllimlər tədris aparmaqda çətinlik çəkir, şagirdlər keyfiyyətli təhsil ala bilmirdilər. Ölkə başçısının imzaladığı Sərəncamla ayrılan vəsait hesabına bu müasir tipli binanın inşası ilə bütün narahatlıqlara son qoyuldu. İndi belə gözəl, yaraşıqlı tədris ocağında elm öyrənən şagirdlərimizin ildən-ilə artan nailiyyətləri bizi çox sevindirir. Gənclərimiz burada elmi biliklərə yiyələnməklə yanaşı, həm də vətənpərvər ruhda böyüyürlər. Biz Vətən müharibəsində bunun şahidi olduq. Rayonumuzun bütün gəncləri kimi bu kəndin cavanları da heç bir çağırış gözləmədən könüllü müraciət edərək Vətənin müdafiəsinə yollandılar və torpaqlarımızın işğaldan azad edilməsində fədakarlıq göstərdilər. Bu məktəbin məzunları arasında şəhidlər də, qazilər də oldu. Bizə böyük qələbənin sevincini yaşadan bütün şəhidlərimizə Allahdan rəhmət diləyir, qazilərimizə can sağlığı arzulayırıq.
Burzubənd və ətraf kəndlərin sakinlərinin əsas məşğuliyyəti sitrusçuluqdur. Bununla vətəndaşlarımız həm respublikada ərzaq bolluğu yaradır, həm də ailə büdcələrini formalaşdırırlar. Meyvə bağlarının suvarılmasında olan çətinliklər yerli əhali ilə yanaşı bizi də çox narahat edirdi. Hər görüşdə bu barədə müraciətlər olurdu. Aidiyyəti qurumlara verdiyimiz təkliflər dəyərləndirilərək Lovayın su anbarından kəndə yeni suvarma su xətti çəkilməklə su anbarı tikildi. Bununla böyük bir problem həllini tapdı. Gələcəkdə su anbarının həcmi artırılmaqla qonşu kəndlərə də suvarma suyu veriləcəkdir.
Kənd səfalı bir yerdədir. Turistlərin maraq göstərdiyi yaşayış məntəqələrimizdən biridir. Yol infrastrukturu yenilənəndən sonra bu kəndlə yanaşı ən ucqar kəndlərə də ilin bütün fəsillərində turist və qonaqların axınını görürük.
Hazırda respublikada, xüsusən, işğaldan azad edilmiş ərazilərdə aparılan sürətli abadlıq-quruculuq işlərini sakinlərin nəzərinə çatdıran icra başçısı, rayonumuzda görülən əhəmiyyətli işləri də vurğulamışdır. Bütün bunların möhtərəm Prezidentimiz cənab İlham Əliyevin məqsədyönlü siyasətinin nəticəsi olduğunu bildirərək, bundan sonra da əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində tədbirlərin davam etdiriləcəyini əminliklə söyləmişdir.
Görülən işləri dövlətin öz vətəndaşlarına böyük diqqət və qayğısının təzahürü kimi qiymətləndirən sakinlər cənab Prezident İlham Əliyevə dərin hörmət və ehtiramlarını bildirmiş, səmimi görüşə görə icra başçısına minnətdarlıq etmişlər. İştirakçılar məhəllələrində elektrik gərginliyinin aşağı olduğunu, əlavə transformatorun qoyulmasına, kənddə yeni məhəllələrə qaz xəttinin çəkilməsinə, rayonun dağlıq ərazilərində elektrik xətlərində qəza baş verən zaman kəndlərində elektrik verilişində fasilələrin yaranmaması üçün ayırıcı açarın qoyulmasına köməklik göstərilməsini xahiş etmişlər.
İcra başçısı vətəndaşlar tərəfindən qaldırılan məsələlərə münasibət bildirmiş, həlli barədə aidiyyəti üzrə tapşırıqlar vermişdir.







