Çayoba kəndində səyyar qəbul və görüş
Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev əhali ilə növbəti görüşünü Pensər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Çayoba kəndində keçirtmişdir. Görüşdə rayonun idarə və müəssisələrinin rəhbərləri iştirak etmişlər.
İcra başçısı bildirmişdir ki, Çayobada bir neçə dəfə görüşlərimiz olub ki, bunlar da müəyyən problemlərin həlli, yeniliklərlə yadda qalıbdır. Son illər kənddə yeni məktəb binası inşa edilmiş, qazlaşdırma aparılmış, istirahət mərkəzləri və idman meydançası tikilmiş, internet xətti çəkilmiş, kəndin mərkəzi yolunun bir hissəsi asfaltlaşdırılmış, elektrik xətt təsərrüfatında aparılan SİP kabelləşmə işləri başa çatmaq üzrədir. Bütün bu işlərin görülməsində kənd əhalisinin fəallığını yüksək dəyərləndirirəm. Hər birimizi narahat edən əsas məsələlərdən biri illərdir təmir olunmayan Çayobadan Astara şəhərinədək olan 26 kilometrlik avtomobil yolunun bərbad vəziyyətdə olması idi. Cənab Prezidentin Sərəncamı ilə ayrılan vəsait hesabına kənddən keçən bu magistral avtomobil yolu yüksək səviyyədə yenidən qurularaq ötən il istifadəyə verilmişdir. Yol salınan zaman istismar müddəti başa çatan, sıradan çıxmış bütün suötürücü borular yenilənərək daha iri həcmli borularla əvəzlənmişdir. Bununla da leysan yağışlar zamanı sel-sularının avtomobil yoluna və kəndə ziyan vurmasının qarşısı alınmış, nəqliyyatın rahat hərəkəti təmin olunmuşdur.
Digər bir məsələ isə Cəfərəməhəllə deyilən yaşayış massivinə gedən avtomobil yolunun əsaslı təmiri problemidir ki, bununla əlaqədar yol cari təmir olunsa da, əsaslı təmiri daha böyük vəsait tələb etdiyindən bu məsələ tam həllini tapmamışdır. Məlumat üçün bildirim ki, Qamışoba-Şahağac-Pensər avtomobil yolunun asfaltlaşdırılması layihələndirilmiş, yaxın gələcəkdə burada işə başlanılacaqdır. Bununla Cəfərəməhəllə yolunun əsaslı təmiri məsələsi də həllini tapacaqdır.
İcra başçısı ölkədə həyata keçirilən sosial layihələrin icrasının davamlı olacağını diqqətə çatdıraraq hazırda işğaldan azad edilən ərazilərimiz başda olmaqla, ölkəmizin hər yerində böyük layihələr icra edildiyini, tikinti-quruculuq işlərinin geniş vüsət aldığını bildirmişdir. Qeyd etmişdir ki, bütün bunlar Ulu Öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə gedən inkişafın, yaradılmış sabitliyin nəticəsidir.
Görüş iştirakçıları ölkədə, o cümlədən, rayonda və kəndlərində görülən abadlıq-quruculuq işlərinə görə ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmiş, onları narahat edən problemlərin həllinə həssaslıqla yanaşdığına görə icra başçısından razılıq etmişlər.
Sakinlər Cəfərəməhəllə yolunun asfalt olunmasına, elektrik xətt təsərrüfatının SİP kabelləşdirilmə işlərinin başa çatdırılmasına, kəndin ara yollarının təmir edilməsinə, məişət tullantılarının yığılması üçün yerin ayrılmasına, kənddə bankomatın və milliön aparatının qoyulmasına, aptekin açılmasına köməklik göstərilməsini xahiş etmişlər.
İcra başçısı söylənən təkliflərə münasibət bildirərək icrası ilə əlaqədar aidiyyəti üzrə tapşırıqlar vermişdir.