Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Çayoba kəndində səyyar qəbul və görüş

04 noyabr 2023 | 15:26

Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev əhali ilə növbəti görüşünü Pensər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Çayoba kəndində keçirmişdir. Görüşdə rayonun idarə və müəssisələrin rəhbərləri iştirak ediblər.

İcra başçısı bildirmişdir ki, ildə ən azı bir dəfə rayonumuzun yaşayış məntəqələrində əhali ilə görüşməyə çalışırıq. Bu gün də sizinlə bu gözəl Çayoba kəndinə görüşə gəlmişik. Buna qədər bir neçə dəfə görüşlərimiz olub. Hər görüşdən sonra kənddə olan yenilikləri görəndə biz də sevinirik. Son illər Çayobada yeni məktəb binası inşa edilmiş, məktəbə gedən yol asfaltlaşdırılmış, müasir çay fabriki, istirahət mərkəzləri və idman meydançası tikilmiş, qazlaşdırma aparılmış, internet xətti çəkilmiş və digər işlər görülmüşdür. Bu sizinlə birgə qarşılıqlı əməli fəaliyyətin nəticəsidir. Hər birimizi narahat edən əsas məsələlərdən biri illərdir təmir olunmayan Çayobadan Astara şəhərinədək olan avtomobil yolunun bərbad vəziyyətdə olması idi. Hazırda cənab Prezidentin Sərəncamı ilə ayrılan vəsait hesabına kənddən keçən bu magistral avtomobil yolu yenidən qurulur. Tezliklə rahat və müasir bir yol istifayə veriləcəkdir.  Bütün bunlar güclü iqtisadi dayaqlara malik dövlətimizin öz vətəndaşlarına olan yüksək qayğı və diqqətin bariz nümunəsidir.

Görüş iştirakçıları çıxışlarında Vətən müharibəsi və sentyabrda keçirilən antiterror əməliyyatında igid oğullarımızın misilsiz qələbəsindən, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin çoxdan həsrətində olduğumuz Xankəndidə və digər şəhərlərimizdə Azərbaycan Bayrağını qaldırmasından sonsuz qürur duyduqlarını böyük sevinclə dilə gətirmişlər. Ölkəmizdə insanların həyat səviyyəsinin yüksəldilməsinə istiqamətlənən çoxsaylı dövlət tədbirlərinin həyata keçirilməsindən məmnunluq duyduqlarını, cənab Prezidentin əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması ilə əlaqədar həyata keçirdiyi tədbirlərdən razılıqla danışaraq ölkə başçısına hədsiz minnətdarlıqlarını bildirmişlər. Rayon icra hakimiyyəti başçısının vaxtaşırı onların görüşünə gəlməsini, söylənən problem və təkliflərə həssaslıqla yanaşaraq operativ həlli üçün tapşırıqlar verməsini yüksək dəyərləndirmişlər. Sakinlər kəndin elektrik xətt təsərrüfatının yenilənməsini və transformatorların təmir edilməsini, məhəllə yollarının təmir edilməsini, suötürücü kanalların təmizlənməsini, məişət tullantılarının daşınmasının təşkili üçün tədbirlərin görülməsini xahiş etmişlər.

Səyyar qəbul-görüşdə sakinlərin arzu və təklifləri dinlənilmiş, irəli sürdükləri məsələlərin həlli ilə əlaqədar müzakirələr aparılaraq  tədbirlər müəyyənləşdirilmişdir.

İcra başçısı qeyd etmişdir ki, bu günlər qalib xalq olaraq ən sevincli günlər yaşayırıq. Qürur tariximiz olan 8 noyabr Zəfər Günü bayramı ərəfəsindəyik. Erməni terror dövləti üzərində qələbəmizdən 3 il keçir. Bu qələbəyə görə Müzəffər Ali Baş Komandana və Rəşadətli Ordumuza minnətdarıq. Qəhrəman oğullarımız canından keçərək 44 gün müddətində uzun illər düşmən tapdağında olan torpaqlarımızı azad etdilər. İldırım sürətli əks-hücumla düşməni çaş-baş salan igid əsgərlərimiz terrorçulara öldürücü zərbə vuraraq məhv etdilər. Ordusunun böyük hissəsinin məhv edildiyini görən Ermənistan kapitulyasiyaya məcbur oldu. Kəlbəcər, Laçın, Ağdam rayonları döyüşsüz təhvil verilsə də, imzalanan bəyanatın şərtlərinə tam əməl etməyən düşmən ötən müddət ərzində qanunsuz silahlı birləşmələrini Qarabağda saxlamaqla tez-tez hərbiçilərimizə və mülki əhaliyə qarşı terrora əl atırdı. Ona görə də Ali Baş Komandan İlham Əliyev 19 sentyabrda Qarabağda antiterror əməliyyatı keçirilməsi əmrini verdi. Cəmi 24 saat davam edən bu əməliyyatda terrorçular darmadağın edilərək ağ bayraq qaldırmağa məcbur edildilər. Növbəti dəfə dəmir yumruq zərbəsini alandan sonra bütün tələblərimizi qeyd-şərtsiz qəbul edən düşmən tör-töküntüləri silahlarını ataraq canlarını qurtarmağa məcbur oldular.

15 oktyabr tarixində cənab Prezident, Ali Baş Komandan İlham Əliyev Xankəndi, Xocalı, Xocavənd, Ağdərə, Əskəranda və Sərsəng su anbarı ərazisində əzəmətli Bayrağımızı qaldıraraq xalqımıza ən qürurlu anlar, ən şərəfli günlər bəxş etdi.

Bu qələbələrin qazanılmasında rayonumuzun, eyni zamanda Pensər, Çayoba kəndlərinin igid oğlanlarının əməyi böyükdür. Bu kəndlərin gəncləri həmişə vətənpərvərliyi ilə seçiliblər. Onlar Vətən müharibəsində də çağırış vərəqi gözləmədən döyüşə yollanmaq üçün özləri müraciət etmişlər. Bu gənclərdən bir neçəsi qəhrəmanlıqla döyüşərək şəhid olmuş, bəziləri qazi kimi qayıtmışdır. Onlar ən yüksək hörmət və ehtirama layiq gənclərimizdir. Biz böyük Zəfəri də məhz belə qəhrəman oğullarımızın sayəsində qazandıq. Onların göstərdikləri şücaət heç vaxt unudulmayacaq.

Hazırda vəhşi düşmən tərəfindən dağıdılmış, talan edilmiş Qarabağ torpağında sürətli bərpa quruculuq işləri aparılır. Tamamilə dağıdılmış kəndlər, şəhərlər bərpa edildikcə yurd-yuvasından didərgin salınmış soydaşlarımız mərhələ-mərhələ doğma məkanlarına dönürlər.

Bununla yanaşı ölkənin digər regionlarında, o cümlədən rayonumuzda da quruculuq-abadlıq işləri davam edir. Əhalinin rifahının yaxşılaşmasına xidmət edən bu cür tədbirlər gələcəkdə daha geniş vüsət alacaqdır.

İcra başçısı ölkədə həyata keçirilən sosial layihələrin icrasının davamlı olacağını diqqətə çatdırmış, görüş iştirakçılarını ölkə rəhbəri ətrafında sıx birləşməyə, Azərbaycanımızın daha da qüdrətlənməsi naminə cənab Prezidentin həyata keçirdiyi əhəmiyyətli işlərə hər zaman dəstək olmağa çağırmışdır.

Sonda icra başçısı Ələt–Astara–İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun (M–3) 217-ci kilometrdən 243-cü kilometrədək olan hissəsində aparılan əsaslı təmir işlərinin gedişi ilə tanış olmuş, tövsiyələrini vermişdir.

Keçidlər