Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 8-13-94

Çayoba kəndində səyyar qəbul və görüş

20 fevral 2026 | 11:23

Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayevin müntəzəm olaraq rayonun yaşayış məntəqələrində əhali ilə keçirdiyi səyyar qəbul və görüşləri davam edir. Növbəti belə görüş Pensər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Çayoba kəndində keçirilmişdir. 

İcra başçısı bildirmişdir ki, ildə bir dəfədən az olmayaraq rayonun hər bir yaşayış məntəqəsində əhali ilə görüşlərimiz olur. Bunun böyük əhəmiyyəti vardır. Hər bir görüş müəyyən problemlərin həlli və yeniliklərlə yadda qalıbdır. Son illər kənddə yeni məktəb binası inşa edilmiş, qazlaşdırma aparılmış, istirahət mərkəzləri və idman meydançası tikilmiş, sürətli internet şəbəkəsi yardılmış, kəndin mərkəzi yolunun bir hissəsi asfaltlaşdırılmış, elektrik xətt təsərrüfatında aparılan SİP kabelləşmə işləri davam edir. Bütün bu işlərin görülməsində kənd əhalisinin fəallığını yüksək dəyərləndirirəm. Ən əsası illərdir təmir olunmayan rayonun əsas nəqliyyat damarı olan Çayoba-Astara avtomobil yolunun cənab Prezidentin Sərəncamı ilə ayrılan vəsait hesabına yenidən qurularaq əsaslı təmir olunmasıdır. Yol üzərindəki suötürücü boruların daha iri həcmli yeni borularla əvəzlənməsi nəticəsində leysan yağışlar zamanı sel sularının avtomobil yoluna və kəndə ziyan vurmasının qarşısı tamamilə alınmışdır. Bütün yenilənən infrastrukturları qorumaq, yaşadığımız kəndin, şəhərin ərazisini, bütövlükdə rayonumuzu təmiz, səliqəli, abad saxlamaq hər birimizin vəzifəsinə çevrilməlidir. “Təmiz Astara” devizi altında keçirdiyimiz aksiyaların müsbət nəticələri göz qabağındadır. Bu iş bundan sonra da davam etdirilməlidir. Çayoba kəndinin həm də rayonumuzun giriş qapısı olduğunu nəzərə alsaq bu işdə sizin diqqətli olmağınız daha vacibdir.   

Məlumat üçün bildirim ki, Qamışoba-Şahağac-Pensər-Çayoba və Şahağac-Kakalos-Pensər avtomobil yollarının əsaslı təmiri ilə əlaqədar hazırlanmış layihənin il ərzində icrası nəzərdə tutulmuşdur. Bununla Cəfərəməhəllə yolunun əsaslı təmiri məsələsi də həllini tapacaqdır. Bu bizi narahat edən ən böyük məsələlərdən biri idi.  

İcra başçısı bir neçə gün əvvəl Prezident cənab İlham Əliyevin Münhen Təhlükəsizlik Konfransında elədiyi çıxışla, keçirdiyi görüşlərlə və dünyanın aparıcı kütləvi informasiya vasitələrinə verdiyi müsahibələrlə Azərbaycanımızı sülhsevər qalib dövlət kimi dünyaya tanıdılması istiqamətində apardığı möhtəşəm işlər barədə iştirakçıları məlumatlandırmışdır. Cənab Prezidentin tapşırıq və tövsiyələri əsasında ölkədə həyata keçirilən genişmiqyaslı sosial-iqtisadi layihələrdən, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən tədbirlərdən bəhs etmiş, rayon ərazisində aparılan abadlıq quruculuq işləri, həyata keçirilən infrasturuktur layihələri, sosial problemlərin həlli istiqamətində görülən işlər və bu sahədə qarşıda duran vəzifələrlə bağlı sakinlərə məlumat vermişdir. Qeyd etmişdir ki, bütün bunlar Ulu Öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə yaradılmış əmin-amanlığın, sabitliyin nəticəsidir.

Görüş iştirakçıları rayonda və kəndlərində görülən abadlıq-quruculuq işlərinə görə ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmiş, onları narahat edən problemlərin həllinə həssaslıqla yanaşdığına görə icra başçısından razılıq etmişlər.

Sakinlər elektrik xətt təsərrüfatının SİP kabelləşməsinin başa çatdırılmasına və Çayoba-Cəfərəməhəllə yolunun asfaltlaşdırılmasına köməklik göstərilməsini xahiş etmişlər.

İcra başçısı söylənən təkliflərə münasibət bildirərək icrası ilə əlaqədar aidiyyəti üzrə tapşırıqlar vermişdir.

Keçidlər