Çimərliklərdə nəzarət tədbirləri davam edir
Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən avqustun 5-dən karantin rejiminin tələblərinə uyğun müəyyən edilən qaydalar çərçivəsində çimərliklərin istifadəsinə icazə verilib.
Karantin şəraiti nəzərə alınaraq çimərliklərdə maarifləndirici lövhələr quraşdırılıb, işçi personal və könüllülər təlimatlandırılıb. Çimərliklərdə işarələnmə, nişanlanma, lentlərlə məhdudlaşma aparılıb. İşçi personal tərəfindən sosial məsafə saxlanılması, dezinfeksiyaedici vasitələrdən istifadə edilməsi, təmizliyə riayət edilməsi ilə bağlı vətəndaşlara səsgücləndiricilər vasitəsi ilə mütəmadi xəbərdarlıq edilir.
Müəyyən edilmiş qaydalara əməl edilməsi ilə əlaqədar mütəmadi olaraq aidiyyəti qurumların əməkdaşları tərəfindən monitorinqlər keçirilir.
Lakin ən əsas məsələ vətəndaşlarımızın üzərinə düşür. Onlar diqqətli olmalı, pandemiyadan özlərini və ailə üzvlərini qorumaq üçün mövcud qaydalara ciddi riayət etməlidirlər.
Pandemiya dövründə çimərliklərdə istirahət edənlərin təhlükəsizliyi nəzərə alınmaqla, çimərliyin tutumunu müəyyən etməyə xidmət edən www.cimerlik.az xüsusi internet səhifəsi yaradılıb. Səhifəyə daxil olmaqla vətəndaşlar çimərliklərin siyahısı, doluluq səviyyəsi, infrastruktur və şərait, ünvan və yerləşmə yeri və s. məlumatları əldə edə bilərlər.
Dəniz sahilinə gələrkən sahil boyu istənilən ərazidə deyil, yalnız çimərlik üçün ayrılmış və xəritədə göstərilən ərazilərdən istifadə edilməsi tövsiyə olunur.
Çimərliyə şəxsi nəqliyyat vasitəsi ilə gələn vətəndaşlar maşınlarını çimərlik sahəsində deyil, yalnız müəyyən edilmiş avtodayanacaqlarda saxlamalıdırlar.
Çimərlikdə təmizliyə riayət etməklə, zibil və digər tullantı məhsullarını ayrı-ayrı yerlərdə məişət tullantıları üçün qoyulmuş zibil qablarına atmağınız tövsiyə olunur.
Dənizdə çimərkən müəyyən edilmiş məsafədən artıq, çimmə zonasının işarələnmiş sərhədlərindən kənara dənizin içərilərinə doğru üzmək həyatınız üçün təhlükəlidir.
Çimərlikdə uşaqlar nəzarətsiz qalmamalı, xəbərdaredici nişan və lövhələrin göstərişlərinə, xilasedicilərin çağırış və tələblərinə sözsüz əməl edilməlidir.