Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Deqadi kəndində səyyar qəbul və görüş

25 iyul 2023 | 17:04

Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayevin Şuvi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Deqadi kəndində əhali ilə səyyar qəbul və görüşü olmuşdur. Görüşdə rayonun inzibati orqanlarının, idarə və müəssisələrinin rəhbərləri iştirak etmişlər.

İcra başçısı kənd sakinlərini salamlayaraq qeyd etmişdir ki, görüşlərimiz həmişə səmərəli olmuşdur. Ərazidə çoxlu işlər görülüb. Yollar bərbad olduğundan əvvəllər bu kəndə çətinliklə gələrdik. İndi bu asfalt yollar dağ kəndlərinə qədər uzanıb gedir. Deqadi kənd ümumi orta məktəb əsaslı təmir olunmuş, əlavə korpus tikilərək istifadəyə verilmişdir. Yeni tədris ilindən tam orta məktəb kimi fəaliyyət göstərəcək. Təklifinizə əsasən yüksək gərginlikli elektrik xətti məktəbin həyətindən kənarlaşdırılmış, xətt təsərrüfatında cari təmir işləri aparılmışdır. Kəndin qazlaşdırılması isə xüsusi ilə qeyd edilməlidir. Digər məsələlər də tədricən həllini tapacaqdır.

Səyyar qəbulda iştirak edənlər cənab Prezidentin yürütdüyü məqsədyönlü siyasəti ürəkdən bəyəndiklərini və dəstəklədiklərini bildirmiş, əhalinin rahat yaşayışının təmin edilməsi istiqamətində son illər rayonda, o cümlədən, kənddə görülən işlərə görə möhtərəm Prezidentimiz İlham Əliyevə dərin təşəkkür və minnətdarlıqlarını ifadə etmişlər. Sakinlərlə tez-tez görüşə gəldiyinə, qaldırılan məsələlərin həllinə həssaslıqla yanaşdığına görə icra başçısına razılıqlarını bildirmişlər. Çıxış edənlər görülən işlərlə yanaşı kəndə əlavə telefon nömrələrinin verilməsi və internet şəbəkəsinin genişləndirilməsi, qəzalı vəziyyətdə olan elektrik dirəklərinin dəyişdirilməsi və yeni ayırıcı yağ açarının quraşdırılması, odun yanacağının tədarük edilməsindən ötrü icazənin verilməsi, evləri Deqadi kəndində yerləşən Ojakəran kənd qeydiyyatında olan vətəndaşların evlərinə qaz xəttinin çəkilməsi barədə təkliflər  vermişlər.

Səyyar qəbulda sakinlərin arzu və təklifləri dinlənilmiş, qaldırılan bəzi  problemlərin həlli ilə əlaqədar aidiyyəti üzrə tapşırıqlar verilmiş, digərlərinin həlli istiqamətində tədbirlərin müəyyənləşdiriləcəyi bildirilmişdir.

Səmimi görüşə görə sakinlərə minnətdarlıq edən icra başçısı kənddə böyük problemlərin qalmadığını bildirərək görülən işlərin möhtərəm Prezidentimiz İlham Əliyevin apardığı məqsədyönlü siyasətinin uğurlu nəticəsi olduğunu bildirmişdir. Qeyd etmişdir ki, ölkəmiz inkişaf edir, iqtisadi gücü gündən-günə artır, beynəlxalq miqyasda daha çox tanınır.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və qəhrəman oğullarımızın fədakarlığı sayəsində torpaqlarımızın işğaldan azad edilməsi xalqımızın və dövlətimizin şöhrətini daha da artırmışdır. Quldur, vəhşi erməni terrorçuları işğal dövründə bütün şəhər və kəndləri dağıtmış, xalqımızın bütün sərvətlərini, əmlaklarını talayaraq mülklərinə də terror etmişlər. Əlləri çatan hər şeyi daşıyıb aparmış, qalanlarını vəhşicəsinə dağıdaraq məhv etmişlər.  

Terror yuvasına çevirdikləri, tanınmaz hala saldıqları torpaqlara cənab Prezidentimizin  rəhbərliyi ilə aparılan tikinti-quruculuq işləri ilə yeni nəfəs gəlir. Güclü dövlətimiz həmin şəhər, qəsəbə və kəndlərdə sürətli bərpa işlərinə başlamışdır. Ölkə rəhbəri doğma, azad torpaqlarımızda bütöv şəhər və kəndlərin təməllərini yenidən qoyur. Bu dünyada analoqu olmayan bir hadisədir. Artıq bir neçə yaşayış məntəqələrinə soydaşlarımız köçərək yaşamağa başlayıblar. Bərpa edilən yurd yerlərinə köçən ailələrin sayı gündən-günə artır.

Qarabağ torpağı ilə yanaşı ölkəmizin digər bölgələrində,  o cümlədən, rayonumuzda da tikinti-quruculuq və abadlıq işləri davam edir. Yeni yollar salınır, təhsil, səhiyyə müəssisələri, özəl sektorda turizm obyektləri inşa olunur. Ölkəmizin iqtisadi gücü artdıqca əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində daha böyük işlərin görülməsi planlaşdırılır. Biz də ölkə rəhbərinə dəstək olmalı, görülən bütün işlərdə yaxından iştirak etməklə töhfəmizi verməliyik.

Keçidlər