Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 8-13-94

Dəstor kəndində səyyar qəbul və görüş

07 oktyabr 2026 | 14:43

Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev ucqar dağ kəndlərindən olan Asxanakəran kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Dəstor kəndində növbəti səyyar qəbul keçirmişdir.  

İcra başçısı bildirmişdir ki, rayon mərkəzindən xeyli uzaqda yerləşməsinə və mürəkkəb relyefə malik olmasına baxmayaraq nümayəndəliyin bütün kəndlərində, o cümlədən Dəstor kəndində əhali ilə ildə bir dəfə görüşlərimiz olur. Bu dağ kəndlərinin problemləri ilə həmişə maraqlanaraq həllinə köməkliklər göstəririk. Son illər ərazidə xeyli işlər görülmüşdür. Taxtanəkəran-Toradi avtomobil yolundan sonra Azaru və Anbuba kəndlərinə də asfalt yollar çəkilmiş, Dəstor, Bəlbay, Şıxımpeştə kəndlərinin yolları genişləndirilərək çınqıl döşənmişdir. Yüksək gərginlikli elektrik xətləri yenilənmiş, daxili elektrik xətlərində cari təmir işləri görülmüş, sürətli internet şəbəkəsi yaradılmışdır. Bütün bu görülmüş işlər dağ kəndlərində yaşayan əhalinin rahatlığına xidmət etməklə, həm də rayonumuza gələn turist və qonaqların daha çox bu kəndlərə səyahət etdiklərini nəzərə alsaq, turizm marşrutlarının yaxşılaşdırılmasına hesablanmışdır.

Bütün bu problemlər möhtərəm Prezidentimizin göstərişi, diqqət və qayğısı sayəsində həllini tapmışdır.  Cənab Prezident İlham Əliyevin düşünülmüş, uğurlu siyasəti nəticəsində ölkəmiz beynəlxalq aləmdə sabit siyasətli, demokratik cəmiyyətin formalaşdığı sülhsevər və qalib dövlət kimi tanınır. Müzəffər Ordumuzun Vətən müharibəsində və sonradan keçirilən antiterror tədbirlərində erməni terrorçularını qısa müddətdə məhv etməsi ilə Azərbaycanımızın suverenliyi tam şəkildə bərpa olundu. Bu həm də tarixi ədalətin bərpasıdır. Bu kənddən də torpaqlarımızın azadlığı uğrunda könüllü döyüşən igid oğullarımız az olmamışdır. Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə və qəhrəman hərbçilərimizə cansağlığı arzulayıram.

Bu gün ən böyük işlər də Qarabağ və Şərqi Zəngəzurda görülür. İşğaldan azad edilən bu regionda düşmənlər talançılıq edərək bütün şəhərlərimizi, kəndlərimizi dağıtmışlar. Hazırda bu ərazilərdə bütün infrastruktur yenidən qurulur. Bunların hamısını qalib dövlətimiz heç bir xarici dövlətin köməyi olmadan öz büdcəsi hesabına hayata keçirir. Böyük qayıdış proqramının uğurlu icrası ilə minlərlə ailə artıq doğma yurdlarına qayıdaraq məskunlaşmışlar.

Bütün bunlarla yanaşı digər regionlarda, o cümlədən, rayonumuzda da mühüm sosial layihələr icra olunur. May ayında cənab Prezidentin aqrar sahənin inkişafı ilə əlaqədar keçirdiyi müşavirə və qəbul edilən Dövlət Proqramının icrası üçün rayonumuzda işlərə başlanmışdır. Fermer və sahibkarlarımız, həmçinin fərdi təsərrüfat sahibləri sevə-sevə bu təşəbbüsə qoşulmuşlar. Sizi də dövlətimizin yaratdığı imkanlardan yararlanmağa çağırıram. Ərazi dağlıq olsa da burada heyvandarlıq, arıçılıq, eyni zamanda kartof əkini üçün müəyyən imkanlar vardır. Dövlətimiz hər bir sahəyə subsidiyalar verməklə müəyyən xərcləri qarşılayır. Bundan başqa gözəl təbiətə malik dağ kəndlərimiz turizmin inkişafı üçün də çox əlverişlidir. İnanıram ki, sakinlər dövlətimizin yaratdığı əlverişli şəraitdən istifadə etməklə müəyyən işlərin görülməsinə nail olacaqlar.

Rayonda və nümayəndəlik ərazisində görülən abadlıq-quruculuq işlərini dövlətin öz vətəndaşlarına böyük diqqət və qayğısının təzahürü kimi qiymətləndirən sakinlər ölkə rəhbəri möhtərəm cənab İlham Əliyevə dərin hörmət və ehtiramlarını bildirmiş, qaldırılan problemlərin həllinə dəstək olduğuna görə icra başçısından razılıq etmişlər. Çıxış edənlər kəndə qaz xəttinin çəkilməsinə, odun yanacağı ilə təmin olunmasına, qışa hazırlıqla əlaqədar texnika və dizel yanacağının tədarük edilməsinə, Dəstor və Şıxımpeştə kəndlərinə gedən yolların asfaltlaşdırılmasına, ərazidə heyvan kəsim məntəqəsinin  yaradılmasına, qəzalı vəziyyətdə olan elektrik dirəklərinin dəyişdirilməsinə və əlavə transformatorun qoyulmasına köməklik göstərilməsini xahiş etmişlər.

İcra başçısı qaldırılan müəyyən məsələlərin həlli ilə əlaqədar tapşırıqlar vermiş, digərlərinin həlli üçün tədbirlərin müəyyənləşdiriləcəyini bildirmişdir.

Keçidlər