Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Diqo kəndində səyyar qəbul və görüş

27 oktyabr 2022 | 12:09

Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev Pəlikəş kənd inzibati ərazi dairəsi nümayəndəliyinin Diqo kəndində əhali ilə növbəti səyyar qəbul-görüş keçirmişdir. Görüşdə rayonun inzibati orqanlarının, idarə və müəssisələrin rəhbərləri iştirak etmişlər.

İcra başçısı qeyd etmişdir ki, kəndə yol olmadığı üçün əvvəllər sizinlə yalnız nümayəndəliyin yaxın kəndlərində keçirilən səyyar qəbullarda görüşmüşük. Yol çəkilişi vaxtı gəlsəm də geniş tərkibdə görüşə bilməmişik. Bu kəndin problemləri həmişə məni düşündürüb. Şükür ki, cənab Prezidentin Sərəncamları ilə ayrılan vəsait hesabına kəndin yol, işıq problemləri həllini tapmış, indi isə modul tipli ibtidai məktəbin tikintisinə başlanmışdır. Rayon mərkəzindən xeyli uzaqda, dağlıq ərazidə yerləşən bir kənd üçün bunlar böyük işlərdir. Əvvəllər rayon mərkəzinə gedib qayıtmaq bir günə başa gəlirdisə, indi bir günə Bakı şəhərinə gedib kəndə qayıtmaq mümkündür. Yol mədəniyyətdir, inkişafdır. Yol və işıq çəkiləndən sonra bu yerlərə turistlər gəlməyə başlayıb. Kənd yeni tikililər hesabına yavaş-yavaş böyüyür. Bu yerlərin gözəl təbiəti, saf havası var. Turizm potensialı böyükdür. Yaxınlıqda bir şəlalə də aşkar edildi. Yol olmadığı üçün əvvəllər bu haqda heç bir məlumat yox idi. Bu Azərbaycanda ən hündür şəlalələrdən biridir. Vaxt gələcək o şəlaləyə qədər yollar genişlənəcək. Onda turist axını da artacaq.

Bütün bunlar cənab Prezidentin ölkənin hər bir vətəndaşına olan yüksək diqqət və qayğısının nəticəsidir. Ölkəmiz gündən-günə inkişaf edir. İqtisadi gücü artdıqca dünya birliyində mövqeyi möhkəmlənir. Biz belə bir qüdrətli dövlətin vətəndaşı olmağımızla fəxr edirik.

Bu kəndin insanları zəhmətkeş, dövlətçi, gəncləri vətənpərvərdirlər. Kənddə görülən abadlıq işlərində mütəşəkkilliklə iştirak edirlər. İndi bu yaradılanları gələcək nəsillər üçün qorumaq lazımdır.     

Sakinlər çıxış edərək heç vaxt yolu, işığı, məktəbi olmayan kənddə bu infrastrukturların yaradılmasına çox sevincli olduqlarını bildirmişlər. Bu problemlərin həllindən sonra illər boyu çəkdikləri əziyyətlərinin sona çatdığını, rahatlığa çıxdıqlarını söyləmiş, bu diqqət və qayğıya görə ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevə dərin təşəkkür və minnətdarlıqlarını bildirmişlər. Sakinlər eyni zamanda şəlaləyə qədər yol çəkilməsini xahiş etmişlər.

İcra başçısı səmimi görüşə görə kənd sakinlərinə təşəkkür etmiş, müraciətlərin həlli istiqamətində tədbirlərin görülməsi məqsədilə aidiyyəti üzrə tapşırıqlar vermişdir.

Keçidlər