Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 8-13-94

Diqo kəndində səyyar qəbul və görüş

19 iyun 2026 | 15:13

Rayon mərkəzindən 45 kilometr məsafədə dağlıq ərazidə yerləşən Diqo kəndi Pəlikəş kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə daxildir.  Kənd rayonun ən ucqar yaşayış məntəqələrindən olsa da rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev ildə bir dəfə bu kənddə əhali ilə görüşür, problemləri ilə maraqlanır, onları narahat edən məsələləri dinləyərək həlli üçün tədbirlər görür. Kənddə keçirilən növbəti görüşdə rayonun hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrinin rəhbərləri iştirak etmişlər.    

İcra başçısı bildirmişdir ki, kənd mürəkkəb relyefə malik ərazidə yerləşdiyindən uzun illər yol, işıq, məktəb problemləri olub. Avtomobil yolu olmadığı üçün vətəndaşlarımız burada çox əziyyət çəkirdi. Gündəlik tələbat mallarını aylıq tədarük etməyə məcbur olur, yük heyvanları ilə daşıyırdılar. Payız-qış mövsümündə yaşayış daha da çətinləşirdi. İlk görüşümüzdə bu məsələləri qaldıranda həlli yollarını axtarmağa başladıq. Cənab Prezidentə müraciətdən sonra imzaladığı Sərəncamlarla ayrılan vəsait hesabına illərin problemi bir-birinin ardınca həllini tapdı. İndi rahat avtomobil yolu salınıb, elektrik xətti çəkilib, modul tipli ibtidai məktəb binası quraşdırılıb, hətta sürətli internet şəbəkəsi də yaradılıb.  Bütün bunlar Ulu Öndər Heydər Əliyevin ideyalarını uğurla həyata keçirən ölkə Prezidenti cənab İlham Əliyevin öz vətəndaşlarına yüksək diqqət və qayğısının nəticəsidir.

Diqo və qonşu dağ kəndlərinə avtomobil yolu çəkiləndən sonra təbiətin qoynunda olan gözəlliklər üzə çıxıb. Kəndin yaxınlığındakı qalın meşələrin dərinliklərində aşkar edilən Diqo şəlaləsi isə daha çox diqqəti cəlb edir. Bu gözəl, mənzərəli yerləri görməyə gələn turistlərin sayı ildən-ilə artır. Siz də təsərrüfatlarınızı genişləndirin, həyətlərinizdə yeniliklər edin. İstirahətə gələn turist və qonaqlar ekoloji təmiz kənd məhsullarını almağa çox maraq göstərirlər.

İcra başçısı ölkə miqyasında baş verən yeniliklər, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda aparılan tikinti-quruculuq və bərpa işləri barədə görüş iştirakçılarını məlumatlandırmış, vətəndaşlarımızın mərhələli şəkildə doğma yurdlarına qayıdışından danışmışdır. Ölkənin digər regionlarının, o cümlədən, rayonumuzun davamlı inkişafından söhbət açaraq aparılan quruculuq işlərinin əhalinin rahat yaşamasına xidmət etdiyini bildirmişdir. Rayonun səfalı, mənzərəli kəndlərindən olan Diqo kəndinin turizm potensialını nəzərə alaraq inkişafı, sakinlərin problemlərinin həlli üçün bundan sonra da tədbirlərin görüləcəyini görüş iştirakçılarının diqqətinə çatdırmışdır.

Kənd sakinləri çıxış edərək cənab Prezident İlham Əliyevin vətəndaşların sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi tədbirlərdən sevinclə danışmış, göstərilən qayğı və diqqətə görə möhtərəm Prezidentə dərin minnətdarlıqlarını ifadə etmiş, icra başçısına ucqar dağ kəndlərində vaxtaşırı əhali ilə görüşdüyünə, problemlərin həllinə həssaslıqla yanaşdığına görə təşəkkürlərini bildirmişlər.

Görüş iştirakçıları görülən işlərlə yanaşı Diqo-Avyarud yolunda qoyulmuş borunun daha böyük diametrli boru ilə əvəz olunmasına, kənddə futbol meydançasının hamarlandırılaraq genişləndirilməsinə, Diqo kənd klubunun ləğv edilməməsinə köməklik göstərilməsini xahiş etmişlər.

Vətəndaşlar tərəfindən qaldırılan problemlərin təhlil edilərək həlli üçün tədbirlər müəyyənləşdiriləcəyini bildirən icra başçısı Diqo kənd ibtidai məktəbində yaradılmış şəraitlə tanış olmuş, tapşırıq və tövsiyələrini vermişdir.

Keçidlər