Dolu kəndində səyyar qəbul və görüş
Rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev Pəlikəş inzibati ərazi dairəsi üzə nümayəndəliyin Dolu kəndində əhali ilə səyyar qəbul və görüş keçirmişdir.
İcra başçısı iştirakçıları salamlayaraq bildirmişdir ki, nümayəndəliyin digər kəndlərində vaxtaşırı görüşlərimiz olsa da burada ilk görüşümüzdür. Dolu kəndi rayonun ən ucqar yaşayış məntəqələrindən olmaqla, mürəkkəb relyefə malik ərazidə yerləşir. Uzun illər yol, işıq, məktəb problemləri olduğundan əhali əziyyət çəkirdi. Cənab Prezidentin sərəncamları ilə ayrılan vəsait hesabına üç il bundan əvvəl bu problemlərin həllinə start verildi. Ən ucqar kəndlərimizin sakinlərinə olan bu diqqət və qayğı dövlətimizin qüdrətindən xəbər verir. Yol tikintisi zamanı bir neçə dəfə bura gəlib işlərin gedişi ilə maraqlansam da sizinlə bu tərkibdə görüşə bilməmişdik. Çox şükür ki, hazırda kəndin işığı da, yolu da, təzə məktəbi də vardır. Bunların istifadəyə verilməsi pandemiya dövrünə düşdüyündən açılışlarında iştirak edə bilməmişdik. Bu gün sizinlə görüş fürsətimiz yaranıb. Məqsədimiz problemlərlə yerində tanış olub, həllinə birgə nail olmaqdır.
Kənd sakinləri çıxış edərək Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin rəhbərliyi ilə müstəqil dövlətimizin son illər uğurlu inkişafından, beynəlxalq miqyasda qazandığı yüksək nailiyyətlərdən, ən əsası Vətən Müharibəsindəki misilsiz qələbədən sevinclə danışmışlar. Ucqar ərazidə yaşamalarına baxmayaraq yaradılan rahat şəraitə, gündən-günə yaxşılaşan sosial rifaha görə ölkə rəhbərinə sonsuz minnətdarlıq etmişlər.
Sakinlər görülən işlərlə yanaşı kənd ibtidai məktəbin ümumi orta məktəbə çevrilməsinə, Pəlikəş kənd məscidinin qeydiyyatdan keçirilməsinə, Dolu kəndindən Reqluba kəndinə qədər avtomobil yolunun çəkilməsinə köməklik göstərilməsi barədə təkliflər vermişlər.
İcra başçısı vətəndaşlar tərəfindən verilən təkliflərə münasibət bildirmiş, həlli üçün çalışacağını vurğulamışdır.
Bildirmişdir ki, son illər rayonumuzda sosial problemlərin həlli istiqamətində böyük işlər görülmüşdür. Əsasən dağ kəndlərinə avtomobil yollarının çəkilməsi, müasir tipli məktəb binaları və səhiyyə müəssisələrin tikilməsi, elektrik təsərrüfatında təmir işlərinin aparılması dediklərimizə sübutdur. Dolu kəndi timsalında rayonumuzun ən ucqar bir kəndinin yol, işıq problemlərinin həllini tapması isə əlamətdar bir hadisədir. Yeddi-səkkiz il bundan əvvəl heç Pəlikəş kəndinə gələ bilmirdik. İndi Pəlikəş, Sım kəndlərinin yolları asfaltlaşdırılıb, heç yolu olmayan kəndlərə yeni yollar çəkilib. İlin bütün fəsillərində bu kəndlərdə avtomobillər rahat hərəkət edə bilir ki, bu da insanların yaşayışını xeyli asanlaşdırıb.
Bu kəndin insanları çox zəhmətsevər, gəncləri vətənpərvərdirlər. 44 günlük Vətən Müharibəsində biz gənclərimizin şücaətini gördük. Cənab Ali Baş Komandanın rəhbərliyi ilə erməni terroristlərinin təxribatlarının qarşısını almaqla, torpaqlarımızın azad edilməsi uğrunda döyüşə atılan qəhrəman oğullarımız qısa müddətdə düşmənə layiqli yerini göstərdilər. Uzun illər işğal altında olan torpaqlarımızın azad edilməsi ilə xalqımızın Vətən həsrətinə son qoyuldu. Hazırda mənfur, vəhşi düşmənin taladıqları o torpaqlarda sürətli quruculuq-bərpa işlərinə başlanmışdır. Dağıdılmış şəhər, qəsəbə və kəndlərimiz, ümumiyyətlə, bütün infrastruktur dövlətimizin gücü, qüdrətiylə tamamilə yenidən qurulur. Artıq o torpaqlara qayıdış başlanıb. İnşallah yaxın gələcəkdə bütün soydaşlarımız doğma məkanlarına qayıdacaqlar.
Biz də ulu öndər Heydər Əliyevin siyasi irsini uğurla davam etdirən ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevə sədaqətimizi və sadiqliyimizi göstərməli, ətrafında yumruq kimi birləşərək müstəqilliyimizin qorunması, ölkəmizin daha da inkişaf etməsi, xalqımızın azad, təhlükəsiz, firavan yaşaması üçün həyata keçirdiyi böyük işlərə dəstək olmalıyıq.
Sonda icra başçısı Dolu kənd ibtidai məktəbinin yeni modul tipli binasına baxış keçirmiş, yaradılmış şəraitlə tanış olmuş, tövsiyə və tapşırıqlarını vermişdir.