Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Dolu kəndində səyyar qəbul

08 sentyabr 2023 | 14:45

Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev Pəlikəş inzibati ərazi dairəsi üzə nümayəndəliyinin Dolu kəndində əhali ilə səyyar qəbul və görüş keçirtmişdir. Görüşdə rayonun inzibati orqanlarının, idarə və müəssisələrinin rəhbərləri iştirak etmişlər.

İcra başçısı bildirmişdir ki, əvvəllər dağ kəndlərinə gəlmək üçün  problemlərlə üzləşsək də, avtomobil yolu çəkiləndən sonra ildə bir dəfə görüşünüzə gəlirik. Cənab Prezidentin Sərəncamları ilə ayrılan vəsait hesabına bu kəndlə yanaşı Şəvqo, Sibiyyət, Diqo, Avyarud kəndlərinə də avtomobil yolu və elektrik xətti çəkilib, üç kənddə ibtidai məktəblər üçün modul tipli binalar quraşdırılmışdır. Uzun illər mövcud olan bu problemlərin həlli bizi çox sevindirir. Yol çəkilişindən sonra abadlıq işləri genişlənmiş, yol boyu yeni obyektlər, kəndlərdə müasir tipli evlər inşa edilmişdir. Bu səfalı yerləri görmək üçün gələn turistlərin sayı da xeyli çoxalmışdır. Abadlıq-quruculuq işləri artdıqca bu daha da geniş vüsət alacaqdır. Qüdrətli dövlətimizin inkişafı və vaxtilə həlli imkansız görünən problemlərin bu gün həllini tapması səfalı dağlar qoynunda hələ çox işlərin görüləcəyinə bizi ümidləndirir.

Kənd sakinləri çıxış edərək cənab Prezidentin rəhbərliyi ilə ölkəmizdə və rayonumuzda geniş vüsət alan quruculuq-abadlıq işlərindən sevinclə danışmışlar. Ucqar ərazidə, mürəkkəb relyefdə yaşadıqlarına görə yol, işıq, məktəbin olmamasından çox əziyyət çəkdiklərini qeyd etmiş, bu  problemlərin həllinə görə ölkə rəhbərinə sonsuz minnətdarlıq etmişlər. 

Sakinlər görülən işlərlə yanaşı kənd ibtidai məktəbinin ümumi orta məktəbə çevrilməsinə, Dolu kəndindən Reqloba kəndinə qədər avtomobil yolunun çəkilməsinə, kənddə qəzalı vəziyyətdə olan elektrik dirəklərinin dəyişdirilməsinə, məhəllə yolunun genişləndirilməsi üçün texnikanın verilməsinə köməklik göstərilməsini xahiş etmişlər.

İcra başçısı vətəndaşlar tərəfindən verilən təkliflərə münasibət bildirmiş, qaldırılan məsələlərin həlli üçün çalışacağını vurğulamışdır. Bildirmişdir ki, ölkəmiz inkişaf etdikcə digər məsələlərlə yanaşı əhalinin sosial rifahının yaxşılaşdırılması üçün görülən tədbirlərin miqyası da genişlənir. Düşmən üzərində tarixi qələbəmizdən sonra erməni terroristlərinin vəhşicəsinə dağıdaraq talan etdiyi Qarabağımızda geniş tikinti-quruculuq işləri aparılır. Tamamilə yenidən salınan şəhər və kəndlərimiz gözəlliyi ilə göz oxşayır. Yurdlarından didərgin salınmış soydaşlarımız sevinclə doğma məkanlarına qayıdırlar. Bu bizi hədsiz dərəcədə sevindirir və qürurlandırır. Bununla yanaşı digər regionlarımızda, o cümlədən, Astara rayonunda da tikinti-abadlıq işləri davam edir. Dolu kəndi timsalında rayonumuzun ən ucqar kəndlərinin yol, işıq, məktəb problemlərinin həlli dediyimizə sübutdur. Yeddi-səkkiz il bundan əvvəl yolsuzluqdan heç Pəlikəş kəndinə gələ bilmirdik. İndi Pəlikəş, Sım kəndlərinin yolları asfaltlaşdırılıb, heç yolu olmayan kəndlərə yeni yollar çəkilib. İlin bütün fəsillərində bu kəndlərdə avtomobillər rahat hərəkət edə bilir ki, bu da insanların yaşayışını xeyli asanlaşdırıb. Mürəkkəb relyefli ərazi olduğu üçün təbii ki, müəyyən problemlər də vardır. Bunlar da zaman-zaman həllini tapacaq. Əsas odur ki, ölkəmizdə əmin-amanlıqdır. İnsanlar rahat şəkildə yaşayır, qurub-yaradırlar.

Biz də ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin ətrafında yumruq kimi birləşərək ölkəmizin daha da inkişaf etməsi, xalqımızın azad, təhlükəsiz, firavan yaşaması üçün həyata keçirtdiyi böyük işlərə dəstək olmalıyıq.

Keçidlər