Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Dolu kəndində səyyar qəbul

04 iyul 2024 | 16:07

Pəlikəş kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə daxil olan Dolu kəndi rayonun ən ucqar yaşayış məntəqələrindən biridir.  

Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayevin bu kənddə əhali ilə görüşünü sakinlər sevinclə qarşılamışlar. 

İcra başçısı bildirmişdir ki, kənd mürəkkəb relyefə malik ərazidə yerləşdiyindən uzun illər yol, işıq, məktəb problemləri olub. İlk görüşlərimizdə siz bu problemləri səsləndirəndə tədricən həllinə nail olacağımızı demişdim. Şükür Allaha ki, ötən müddət ərzində demək olar ki, bunların hamısı birgə səylərimizlə həllini tapmışdır. Cənab Prezidentin Sərəncamları ilə ayrılan vəsait hesabına bu kəndlə yanaşı Şəvqo, Sibiyyət, Diqo, Avyarud kəndlərinə də avtomobil yolu və elektrik xətti çəkilmiş, üç kənddə ibtidai məktəblər üçün modul tipli binalar quraşdırılmışdır. Bu gün isə daha çox sevincli olduğunuzu görürəm. Bu da yeni salınan Dolu-Reqloba yolunun istifadəyə verilməsi ilə bağlıdır. Doğrudan da bu hər birimizi düşündürən, həlli çətin olan problemli bir məsələ idi. Sıldırım qayaları yarıb yol açmaq nə qədər çətin olsa da, birlikdə bunun öhdəsindən gələ bildik. Yolun istifadəyə verilməsi münasibətilə hər birinizi təbrik edirəm. Arzu edirəm ki, bu yoldan daim şad günlərdə istifadə edəsiniz. Bu yol təkcə Dolu kəndi üçün deyil, bütün dağ kəndləri üçün böyük əhəmiyyətə malikdir. Hətta deyərdim ki, strateji bir yoldur. Pəlikəş, Hamoşam və Asxanakəran ərazi nümayəndəliklərini birləşdirməklə, Toradi-Pensər yoluna alternativ istifadə olunan bu dairəvi yol sərhəddə keşik çəkən hərbiçilərimizin işinin asanlaşdırılması baxımından da əhəmiyyətlidir.

Böyük turizm potensialına malik rayonumuza gələn turistlər də daha çox gözəl təbiəti və saf havası ilə insanı valeh edən füsunkar dağlarımıza üz tuturlar. Bu yol turistlərin dağ mənzərələrini seyr etməsi və yaylaq ərazilərinə getmək üçün böyük imkanlar yaradır.    

Bütün bunların Ulu Öndərin siyasətini uğurla davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevin müdrikliyinin, yorulmaz fəaliyyətinin parlaq təzahürü olduğunu diqqətə çatdıran icra başçısı, xalqımızın sarsılmaz birliyi sayəsində dövlətimizin gündən-günə güclənərək ən ali məqsədlərə çatacağını əminliklə söyləmiş, görüş iştirakçılarını Azərbaycanımızın daha da qüdrətlənməsi naminə bundan sonra da ölkə rəhbəri ətrafında sıx birləşməyə, bu əmin-amanlığı, sabitliyi qorumağa çağırmışdır.

Kənd sakinləri çıxış edərək Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin məqsədyönlü siyasəti ilə respublikamızda və rayonumuzda geniş vüsət alan, vətəndaşların sosial rifahının yaxşılaşdırılmasına xidmət edən mühüm layihələrin icrasına görə sevindiklərini bildirmiş, göstərilən qayğı və diqqətə görə möhtərəm Prezidentə dərin minnətdarlıqlarını ifadə etmişlər. Sakinlər, eləcə də icra başçısına belə ucqar bir kəndə əhali ilə görüşə gəldiyinə, qaldırılan problemlərin həllinə həssaslıqla yanaşdığına görə dərin təşəkkürlərini bildirmişlər.

Görüş iştirakçıları Dolu kənd ibtidai məktəbin ümumi orta məktəbə keçirilməsinə, kəndə çəkilən yeni yoldan bir neçə sakilərin evlərinə qədər olan hissənin hamarlanmasına köməklik göstərilməsini xahiş etmişlər.

İcra başçısı vətəndaşlar tərəfindən verilən təkliflərə münasibət bildirmiş, həlli barədə tapşırıqlarını vermişdir.

Yeni salınmış Dolu-Reqloba yoluna, Şeyx Nəsrullah ziyarətgahına gedən yolda salınan körpüyə baxış keçirən icra başçısı ziyarətgahda aparılan abadlıq işləri ilə tanış olmuş, eyni zamanda Şəvqo kəndinə gedən yolun genişləndirilməsi barədə tövsiyə və tapşırıqlarını vermişdir.

Keçidlər