Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 8-13-94

Dürriyə kəndində səyyar qəbul və görüş

22 may 2026 | 16:13

Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev Pəlikəş kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin Dürriyə kəndində rayonun idarə və müəssisə rəhbərlərinin iştirakı ilə növbəti səyyar qəbul keçirmişdir.

İcra başçısı bildirmişdir ki, istər Dürriyə kəndində, istərsə də nümayəndəliyin digər kəndlərində dəfələrlə səyyar qəbullar keçirmişik. Görüşlərdə qaldırılan əksər problemlər həllini tapmışdır. Beş il bundan əvvəlki dövrlə müqayisədə nə qədər böyük işlərin görüldüyünün şahidi oluruq. 5 kilometrlik Dürriyə-Şümrüd avtomobil yolu tikilmiş, məktəb binası inşa olunmuş, sürətli internet şəbəkəsi yaradılmış, yüksək gərginlikli elektrik xətləri təmir edilmiş, torpaq sürüşməsi nəticəsində evləri qəzalı vəziyyətə düşmüş 18 ailə üçün yeni fərdi yaşayış evləri tikilmiş, hazırda qonşu Şümrüd kəndində Heydər Əliyev Fondu tərəfindən inşa edilən 4 mərtəbəli müasir tipli məktəb binasının tikintisi başa çatmaq üzrədir. Ümumilikdə nümayəndəlik ərazisində daha çox işlər görülüb, sosial layihələr həyata keçirilib. Siz bunların şahidisiniz. Əvvəllər yol olmadığından bu dağ kəndləri o qədər də tanınmırdı. Əhali yolsuzluqdan böyük əziyyət çəkirdi. Amma indi bu mənzərəli dağ kəndlərimiz daim qonaq-qaralıdır. İlin bütün fəsillərində rayona gələn qonaq və turistlər rahatlıqla səyahət edərək bu gözəllikləri seyr edir, təbiətin qoynunda istirahət edirlər. Turistlərin sayının ildən-ilə artması əhalinin dolanışığına da müsbət təsir edir. Sakinlər təsərrüfatlarında yetişdirdikləri məhsulları onlara satır, rahatlıqla bazara çıxarır, digər kəndlərdə işləyərək axşam evlərinə qayıdırlar.   

Dürriyə-Şümrüd avtomobil yolunun yaxın illərdə asfaltlaşdırılması da diqqətdədir. Təbii qaz xəttinin çəkilməsi üçün tədbirlər müəyyənləşdirilir. Hazırda rayonun Burzubənd, Ojakəran kəndlərində aparılan qazlaşdırmanın bu nümayəndəliyin Vənəşikəş kəndinə qədər gətirilməsi o deməkdir ki, təbii qazın bu dağ kəndlərinə gəlib çıxmasına da çox az qalıb. Bütün həyata keçirilən layihələr dövlətimizin gücünü göstərir, cənab Prezidentin qayğısının təzahürüdür. Bu diqqət və qayğıya görə ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevə dərin minnətdarlığımızı bildiririk.

İcra başçısı müstəqil, suveren Azərbaycanımızın öz mütərəqqi siyasəti, sülhpərvər mövqeyi və gündən-günə inkişaf edən güclü iqtisadiyyatı ilə dünyada söz sahibi olmasından, regional layihələrin əsas iştirakçısına çevrilməsindən danışmışdır. Hazırda Bakı şəhərində dünyanın 180 ölkəsinin iştirakı ilə yüksək səviyyədə təşkil edilərək keçirilən WUF-13 beynəlxalq tədbirdə xarici ölkələrin nümayəndələrinin ölkəmiz və cənab Prezident İlham Əliyev haqqında söylədikləri ürəkaçan sözlərin nə qədər qürurverici olduğunu diqqətə çatdırmışdır.        

İcra başçısı rayonumuzun davamlı inkişafından danışmış, aparılan quruculuq işlərinin əhalinin rahat yaşamasının təmininə xidmət etdiyini bildirmişdir.  

Kənd sakinləri çıxış edərək cənab Prezidentin rəhbərliyi ilə ölkəmizdə və rayonumuzda geniş vüsət alan quruculuq-abadlıq işlərindən sevinclə danışmışlar. Ucqar ərazidə, mürəkkəb relyefdə yaşadıqlarına görə uzun illər yolun, məktəbin olmamasından çox əziyyət çəkdiklərini qeyd etmiş, bu problemlərin həllinə görə ölkə rəhbərinə sonsuz minnətdarlıq etmişlər. Dürriyə kəndinin yuxarı məhəlləsində elektrik dirəklərinin dəyişdirilməsinə, Dürriyə-Şümrüd avtomobil yolunun asfaltlaşdırılmasına və kəndə qaz xəttinin çəkilməsinə köməklik göstərilməsini xahiş etmişlər.

İcra başçısı sakinləri dinləmiş, qaldırdıqları məsələlərin həlli barədə aidiyyəti üzrə tapşırıqlar vermişdir.

Keçidlər