Ərçivan qəsəbəsində səyyar qəbu
Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev 2024-cü ildə əhali ilə ilk səyyar qəbul-görüşünü keçirtmişdir. Ərçivan qəsəbəsində keçirilən görüşdə rayonun hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrinin rəhbərləri iştirak etmişlər.
Ərçivan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Rüfət Əsədullayev son bir ildə qəsəbədə görülən quruculuq, abadlıq işləri barədə ətraflı məlumat vermişdir.
İcra başçısı sakinləri salamlayaraq bildirmişdir ki, yola saldığımız “Heydər Əliyev İli” dövlətimiz və xalqımız üçün ən əlamətdar, ən uğurlu illərdən biri kimi yadda qalacaqdır. 2023-cü ildə müasir müstəqil Azərbaycan dövlətinin banisi Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar rayonumuzda keçirilən çoxsaylı tədbirlərdə Ulu Öndərin əziz xatirəsi anılaraq ehtiramla yad edilmişdir.
2023-cü ilin ən əlamətdar hadisəsi Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə erməni terrorçularına qarşı ötən ilin 19 sentyabr tarixində keçirilən antiterror tədbirləri oldu. Qəhrəman oğullarımız cəmi bir sutka ərzində düşməni darmadağın edərək diz çökdürdülər. Erməni silahlı dəstələri tərksilah edilərək kriminal xunta rejiminin fəaliyyətinə son qoyuldu, dövlətimizin suverenliyi bərpa edildi.
Cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin oktyabrın 15-də Şanlı Bayrağımızı Xocalıda, Xocavənddə, Ağdərədə, Əsgəranda və Xankəndidə qaldırması, Qalib Sərkərdə kimi Zəfər günündə Xankəndi şəhərində hərbi paradı qəbul etməsi ən unudulmaz, ən sevincli bir tarix kimi xalqımızın yaddaşında əbədi qalacaq. Qalib dövlətin vətəndaşı, qalib xalqın nümayəndəsi olmağımızla fəxr edirik.
Ötən il rayonumuzda və Ərçivan qəsəbəsində də xeyli işlər görülmüşdür. Səyyar görüşlərdə qaldırılan problemlərin tam əksəriyyəti həllini tapmışdır. Qəsəbədaxili yolların xeyli hissəsinə asfalt çəkilmiş, elektrik xətt təsərrüfatı yenilənmiş, suötürücü kanallar lildən təmizlənmiş, magistral yol boyu küçə işıqları təmir olunmuş, yeni piyada səkiləri salınmış, əkin sahələri genişləndirilmişdir.
Ötən ilin sonlarında ölkə rəhbərinin rayonumuzun yol infrastrukturunun yaxşılaşdırılması ilə bağlı imzaladığı iki mühüm Sərəncam hamımızı sevindirir. Cənab Prezident İlham Əliyevin Sərəncamları ilə ayrılan vəsait hesabına illərdir hamımızı narahat edən rayonun əsas yolu olan 26 kilometrlik Çayoba-Astara magistral avtomobil yolunun asfaltlaşdırılmasına və yolu olmayan Dürriyə və Şümrüd kəndlərinə yeni avtomobil yolunun çəkilməsinə başlanılmışdır.
Bu il də inkişaf və tərəqqi yolunda olan dövlətimiz və rayonumuz üçün uğurlu olacaq.
07 fevral tarixində ölkəmizdə növbədənkənar Prezident seçkilərinin keçiriləcəyini qeyd edən icra başçısı bu mühüm siyasi kompaniyada fəallıq göstərərək seçki məntəqələrinə gəlməyin hər birimizin vətəndaşlıq borcu olduğunu bildirmişdir. İlk dəfə olaraq müstəqil dövlətimizin bütün ərazilərində keçirilən bu zəfər seçkisində ölkəmizin istiqamətləndiyi güclü inkişaf yolunda inamla irəliləməsini və xalqımızın, dövlətimizin təhlükəsizliyini təmin edə bilən ən layiqli namizədə səs verməyin vacibliyini diqqətə çatdırmışdır.
Qəsəbə sakinləri çıxışlarında vətəndaşların həyat səviyyəsinin yaxşılaşdırılması, sosial problemlərin həllinə həssaslıqla yanaşaraq yüksək diqqət göstərdiyinə görə möhtərəm Prezident cənab İlham Əliyevə minnətdarlıq etmişlər. Qarşıdan gələn Prezident seçkilərində erməni terror dövlətinin çoxillik işğalına son qoyan, Azərbaycanın ərazi bütövlüyünü təmin edən, xalqımıza həsrətində olduğu qələbə sevincini yaşadan Qalib Sərkərdəyə səs verəcəklərini bildirmişlər.
Sakinlər məhəllələrinin elektrik xəttini ayırmaq üçün ayırıcı qoyulmasına, Ərçivan-Şuvi avtomobil yolunda sürət həddinə riayət edilməsi üçün radar quraşdırılmasına və qəsəbə ərazisində radarların sayının artırılmasına, qəsəbədə Ailə Sağlamlıq Mərkəzinin təmir edilməsinə, Gənclər və Bəxtiyar Əliyev küçələrinin asfalt olunmayan hissəsinin asfaltlaşdırılmasına, 1 saylı tam orta məktəbə gedən yolda işıqlandırma sisteminin qurulmasına, 3 saylı tam orta məktəbində istilik sisteminin işləməsi üçün qaz xəttinin qoşulmasına, qəsəbənin içməli su xətti ilə təmin edilməsinə, çayların çirklənməsinin qarşısının alınmasından ötrü tədbirlərin görülməsinə köməklik göstərilməsini xahiş etmişlər.
İcra başçısı vətəndaşlar tərəfindən verilən təkliflərə münasibət bildirərək, qaldırılan əksər məsələlərin qısa vaxt ərzində həlli ilə əlaqədar aidiyyəti qurumların rəhbərlərinə tapşırıqlar vermişdir.