Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Ərçivan qəsəbəsində səyyar qəbul və görüş

22 dekabr 2022 | 16:43

Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev 2022-ci ildə  rayonun şəhər, qəsəbə və kəndlərində əhali ilə keçirdiyi səyyar qəbul və görüşlərə Ərçivan qəsəbəsində keçirdiyi görüşlə yekun vurmuşdur.   

Səyyar qəbul və görüşdə rayonun inzibati orqanlarının, idarə və müəssisələrin rəhbərləri iştirak etmişlər. İcra başçısı bildirmişdir ki, məlum pandemiya səbəbindən müəyyən müddət görüşə bilməsək də, əhalinin rahatlığının təmini üçün davamlı olaraq tədbirlər həyata keçirmişik. Əvvəlki görüşlərdə tərəfinizdən qaldırılan problemlər təhlil edilərək əksəriyyəti  həllini tapmışdır. Qəsəbədə yeni uşaq bağçası tikilmiş, ərazidəki məktəblərə, mədəniyyət evlərinə, körpələr evi-uşaq bağçasına gedən yollar və bir neçə ara yollar asfaltlaşdırılmış, elektrik xətt təsərrüfatı yenilənmiş, kanallar təmizlənmiş,  magistral yol boyu küçə işıqları təmir olunmuş, 3 kilometr məsafədə yeni piyada səkilər salınmışdır.  

Qəsəbənin sakinləri zəhmətkeş, torpağa bağlı, əməksevər, həm də vətənpərvər insanlardır. İkinci Qarabağ müharibəsində xalqımız yumruq kimi Müzəffər Ali Baş Komandanın ətrafında birləşəndə rayonumuzun, o cümlədən Ərçivan qəsəbəsinin qəhrəman oğulları da Vətənin müdafiəsinə ilk qalxanlar sırasında oldular. Müzəffər ordumuz əsl qəhrəmanlıq nümayiş etdirərərk qısa müddətdə torpaqlarımızı mənfur, quldur erməni işğalçılarından təmizlədi. Bu qələbə ilə xalqımızın 30 illik həsrətinə son qoyuldu. Təəssüf ki, müharibədə şəhidlərimiz də oldu. Mən şəhidlərimizə Allahdan rəhmət diləyir, qazilərimizə can sağlığı arzulayıram. Bu gün onların sayəsində xalqımız başıuca, Vətənimiz azaddır.

Ərçivan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndə Cəbrayıl Salmanov qəsəbədə görülən quruculuq, abadlıq işləri barədə ətraflı məlumat vermişdir.

Qəsəbə sakinləri çıxış edərək Respublika Prezidentinin əhalinin sosial rifahının yaxşılaşdırılması ilə əlaqədar həyata keçirdiyi tədbirlərdən, qəbul edilən qərarlardan razılıqla danışaraq bunun ölkə başçısının öz vətəndaşlarına sonsuz diqqət və qayğısının əyani sübutu olduğunu bildirmiş,  möhtərəm Prezidentə minnətdarlıq etmişlər. Sakinlər görülən işlərlə yanaşı onları narahat edən problemlər - şəhid Mahmud Əliyev və Sahib Kələntərovun ailələrinin yaşadığı məhəllə yolunun asfaltlaşdırılması, qəsəbədən keçən magistral avtomobil yolunda radar və sərnişin dayanacaqlarının quraşdırılması, ailə sağlamlıq mərkəzi binasının təmiri, qəsəbəyə içməli su xəttinin çəkilməsi, ayrı-ayrı yerlərdə zibil konteynerlərin yerləşdirilməsi,  qəsəbə 3 saylı tam orta məktəbinə qaz xəttinin  çəkilməsi, güzəştli şərtlərlə satılan gübrələr üçün qəsəbədə anbarın tikilməsi barədə təkliflər vermişlər.

İcra başçısı vətəndaşlar tərəfindən verilən təkliflərə münasibət bildirərək, qaldırılan əksər məsələlərin qısa vaxt ərzində həlli ilə əlaqədar aidiyyəti qurumların rəhbərlərinə tapşırıqlar vermişdir.

Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi xətti uğurla davam etdirən ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin məqsədyönlü siyasəti ilə Respublikamızın son illərdə qazandığı nailiyyətlər, gündən-günə artan uğurlarla regionun aparıcı dövlətinə çevrilməsi barədə görüş iştirakçılarını məlumatlandıran icra başçısı dövlətimizin gələcək hədəflərindən danışmışdır. Respublikamızın hər yerində olduğu kimi, rayonumuzda da abadlıq-quruculuq sahəsində görülən çoxsaylı tədbirlərin həyata keçirildiyini diqqətə çatdıraraq qeyd etmişdir ki, bütün görülən işlər əhalinin rifahının yaxşılaşdırılmasına yönəldilməklə, gələcəkdə miqyası daha da genişləndiriləcəkdir.

Möhtərəm Prezident İlham Əliyevin kənd təsərrüfatının  inkişafı ilə əlaqədar qəbul etdiyi qərarların rayonumuzda, eyni zamanda Ərçivan qəsəbəsində insanların torpağa qayıdışında hiss olunduğunu, son illər əkin sahələrinin xeyli genişləndirildiyini qeyd edən icra başçısı, qəsəbə ərazisindəki torpaqlardan daha səmərəli istifadə edilməsi üçün bütün qüvvələrin səfərbərliyə alınmasının, əkinə yararlı torpaqların tamamilə əkin dövriyyəsinə qaytarılması üçün daha səylə çalışmağın vacibliyini diqqətə çatdırmışdır.

İcra başçısı sakinləri qarşıdan gələn bayramlar münasibəti ilə təbrik etmiş, xoş arzularını bildirmişdir.

Keçidlər