Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 8-13-94

Ərçivan qəsəbəsində səyyar qəbul və görüş

20 iyun 2025 | 16:22

Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev Ərçivan qəsəbəsində əhali ilə səyyar qəbul-görüş keçirtmişdir. Görüşdə rayonun idarə və müəssisələrinin rəhbərləri iştirak etmişlər.

Ərçivan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Dadaş Diyarov son bir ildə qəsəbədə görülən abadlıq-quruculuq işləri barədə məlumat vermişdir.

İcra başçısı yerlərdə əhali ilə mütəmadi olaraq keçirilən görüşlərin əhəmiyyətindən danışaraq qeyd etmişdir ki, bu görüşlərdə qaldırılan problemlər, verilən təkliflər müzakirə edilərək həlli barədə operativ tədbirlər görülür. Son illər rayonumuzun digər yaşayış məntəqələrində olduğu kimi Ərçivan qəsəbəsində də xeyli işlər görülmüşdür. Səyyar görüşlərdə qaldırılan problemlərin mütləq əksəriyyəti həllini tapmışdır. Qəsəbənin daxilindəki bir neçə məhəllənin yolları asfaltlaşdırılmış, elektrik xətt təsərrüfatı yenilənmiş, sürətli internet şəbəkəsi yaradılmış, suötürücü kanallar lildən  təmizlənmiş, magistral yol boyu küçə işıqları təmir olunmuş, əkin sahələri genişləndirilmişdir. 

Ən mühüm məsələlərdən biri Ərçivan qəsəbəsi və ümumilikdə rayonumuz üçün böyük əhəmiyyət kəsb edən 26 kilometrlik Çayoba-Astara magistral avtomobil yolunun cənab Prezident İlham Əliyevin Sərəncamı ilə ayrılan vəsait hesabına əsaslı təmir olunaraq asfaltlaşdırılmasıdır. Yolun istismar müddəti başa çatdığından avtomobillərin hərəkəti çətinləşmiş, yol üstündəki suötürücü borular köhnəlmişdir. Güclü yağışlar zamanı sel suları qalxaraq avtomobil yolunu örtür, fərdi təsərrüfatlara və ətraf ərazilərə ziyan vurur, narahatlıqlar yaradırdı. Avtomobil yolunun əsaslı təmiri ilə bu problemlər aradan qaldırıldı.

Qəsəbə sakinləri zəhmətkeş, torpağa bağlı insanlardır. Yaxşı haldır ki, əkinə yararlı torpaq sahələrinin istismarı ildən-ilə artır. Bu da rayonumuzda ərzaq bolluğunun yaranması ilə yanaşı sizin ailə büdcənizə əhəmiyyətli təsir göstərir.

İcra başçısı Qarabağ Zəfərindən, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qəhrəman oğullarımızın fədakarlığı ilə işğal altında olan torpaqlarımızın azad edilməsi ilə ölkəmizin tam suverenliyinin bərpa olunmasından danışmış, bunun olduqca qürurverici olduğunu diqqətə çatdırmışdır. Qeyd etmişdir ki, sabitliyin, əmin-amanlığın hökm sürdüyü ölkəmizdə vətəndaşlarımızın rahat və firavan yaşaması üçün cənab Prezident tərəfindən mühüm tədbirlər həyata keçirilir. İşğal dövründə talana məruz qalmış Qarabağ və Şərqi Zəngəzurda aparılan sürətli tikinti-quruculuq işləri ilə bütün infrastruktur ən yüksək səviyyədə yenidən qurulur. Böyük qayıdış proqramı uğurla icra edilərək soydaşlarımızın doğma yurdlarına qayıdaraq məskunlaşması mərhələli şəkildə həyata keçirilir. Gərgin hadisələrin baş verdiyi qonşu ölkələrdə bizim üzərimizə düşən əsas vəzifə ayıq-sayıq olmaq, həmişəkindən daha artıq vətənpərvərlik nümayiş etdirmək və ən əsası cənab Prezidentin ətrafında dəmir yumruq kimi birləşərək gördüyü möhtəşəm işlərdə yaxın köməkçi olmaqdır.    

Qəsəbə sakinləri çıxış edərək möhtərəm cənab Prezidentin həyata keçirtdiyi uzaqgörən siyasət nəticəsində müstəqil, suveren Azərbaycanımızın gündən-günə inkişaf edərək dünyanın sabit siyasət yürüdən mütərəqqi bir dövlətə çevrilməsindən böyük fəxr və iftixar duyduqlarını bildirmişlər. Rayonda və Ərçivan qəsəbəsində aparılan abadlıq-quruculuq işlərinə və əhali ilə keçirilən səyyar qəbullarda verilən təkliflərin həllinə göstərdiyi köməkliyə görə icra başçısına təşəkkürlərini bildirmişlər.

Sakinlər əsaslı təmir edilmiş magistral avtomobil yolunun kənarı boyunca yol çiyinlərinin bərabərləşdirilməsinə, bəzi yerlərdə sıradan çıxmış səkilərin bərpa edilməsinə, avtobus dayanacaqlarının qoyulmasına, piyada zolağının çəkilməsinə, şəhid Sadiq Bağırzadə və Sadiq Zeynalovun adını daşıyan küçələrin davamının asfaltlaşdırılmasına, qəsəbədəki 1941-1945-ci il abidəsinin ərazisinin  genişləndirilərək burada Qarabağ Şəhidlərinin Xatirə Kompleksinin yaradılmasına, qəsəbədən keçən çayların məcrasının qazılaraq təmizlənməsinə, yeni çəkilmiş internet xətt və dirəklərinin nizama salınmasına, Şuvi kəndinə gedən elektrik xəttində ayırıcı açarın qoyulmasına köməklik göstərilməsini xahiş etmişlər.

İcra başçısı vətəndaşlar tərəfindən verilən təkliflərə münasibət bildirərək, qaldırılan məsələlərin həlli ilə əlaqədar aidiyyəti qurumların rəhbərlərinə tapşırıqlar vermişdir.

Keçidlər