Əzərüd kəndində səyyar qəbul və görüş
Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayevin əhali ilə mütəmadi hal alan görüşləri rayonun şəhər, qəsəbə və kəndlərində problemlərin həllini tezləşdirməklə sakinlər tərəfindən böyük razılıqla qarşılanır.
İcra başçısının növbəti səyyar qəbulu Asxanakəran kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə daxil olan Azaru kəndində olmuşdur. Görüşdə rayonun inzibati orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak etmişlər.
İcra başçısı son illər rayonun ucqar dağ kəndlərində görülən işlərdən bəhs edərək qeyd etmişdir ki, bu kəndlərin əsas problemi olan yol məsələsi həllini tapandan sonra sakinlərin işi xeyli asanlaşmışdır. Əvvəllər vətəndaşlar rayon mərkəzinə gediş-gəliş üçün böyük əziyyət çəkir, günlərlə vaxt itirirdilər. Cənab Prezidentin Sərəncamı ilə ayrılan vəsait hesabına belə mürəkkəb relyefi olan kəndlərə çəkilən asfalt yollara baxanda adamın ürəyi açılır. İndi də Əzərüd kəndinin yolu asfaltlaşdırılaraq əhalinin istifadəsinə verilmişdir. Bu yoldan qonşu Lerik rayonunun bir neçə kəndinin də sakinləri istifadə edirlər.
Asxanakəran və Hamoşam inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinə elektrik xətti də əvvəllər Lerik rayonundan gəlirdi. Bu xəttdə tez-tez qəzaların baş verməsi ilə bir neçə kəndin əhalisi qışda, qarda günlərlə işıqsız qalırdı. Rayonun Siyaku kəndindən yeni yüksəkgərginlikli elektrik xətləri çəkilməklə bu problem də həllini tapmışdır. Bundan başqa Asxanəkəran, Motalayataq, Anbuba, Azaru, Hamoşam, Toradi kəndlərində qəzalı vəziyyətdə olan bütün ümumtəhsil məktəbləri üçün yeni müasir tipli binalar tikilərək müəllim və şagirdlərin istifadəsinə verilmişdir. Bütün bunlar cənab Prezidentin qayğısı sayəsində həllini tapmışdır.
Bu gün də cənab Prezidentin dövlət qurumları rəhbərlərinin yerlərdə əhali ilə görüşlərinin keçirilməsi ilə bağlı tapşırığına uyğun olaraq sizinlə görüşə gəlmişik. Məqsəd narahatlıq edən problemləri operativ, birgə həll etməkdir.
Sakinlər çıxış edərək əhalinin həyat səviyyəsinin qaldırılması, yaşayışlarının yaxşılaşdırılması üçün həyata keçirilən tədbirlərə, aparılan tikinti-quruculuq işlərinə, ümumiyyətlə, daim dövlətin diqqət və qayğısı ilə əhatə olunduqlarına görə ölkə Prezidenti cənab İlham Əliyevə hədsiz minnətdarlıq etmişlər. Sakinlərlə görüşə gəldiyinə, qaldırılan məsələlərin həllinə həssaslıqla yanaşdığına görə İcra başçısına razılıqlarını bildirmiş, məhəllə yolunun genişləndirilməsinə, kəndə qaz xəttinin çəkilməsinə, qış aylarında yollardan qarın təmizlənməsi üçün texniklanın verilməsinə köməklik edilməsi barədə təkliflər vermişlər.
İcra başçısı müraciətlərin müsbət həlli istiqamətində tədbirlərin görülməsi məqsədilə qaldırılan məsələlərin araşdırılması və qanunauyğun həlli üçün aidiyyəti üzrə tapşırıqlar vermişdir.
Görülən bütün işlərin dövlətimizin güclü iqtisadi təməlini yaradan cənab Prezidentin ölkənin hər bir vətəndaşına olan yüksək diqqət və qayğısının, məqsədyönlü siyasətinin nəticəsi olduğunu qeyd edən icra başçısı bu tədbirlərin davamlı olacağını vurğulamışdır. Azərbaycanın siyasi, iqtisadi və hərbi potensialına görə regionun ən güclü dövləti olduğunu diqqətə çatdıraraq, böyük qələbə ilə başa çatan 44 günlük Vətən Müharibəsi zəfərini xatırlamışdır.
Əslində bu qələbənin təməli hələ aprel döyüşlərində qoyulmuş, həmin üç-dörd günlük savaşda igid oğullarımız düşmənə sarsıdıcı zərbələr endirməklə böyük qəhrəmanlıq göstərdilər. 2020-ci ilin payızında Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə düşmənə qan udduran cəsur oğullarımız uzun illər işğalda olan torpaqlarımızı azad etməklə xalqımızın zəfər tarixini yazdılar. İşğaldan azad edilən o torpaqlarda indi Azərbaycan Bayrağı əzəmətlə dalğalanır. Dəmir yumruq zərbəsindən dərs almayan mənfur düşmən sentyabrın 12-13-də dövlət sərhədimizdə yeni təxribatlar törədərkən bir daha yenilməz ordumuzun gücünü gördü. Mühüm strateji yüksəkliklərin yerləşdiyi yüz kvadrat kilometrlərlə ərazi nəzarətimizə keçdi. Təəssüf ki, bu döyüşlərdə şəhidlərimiz də oldu. Əslində xalqımızın bu qəhrəman övladları öz qisaslarını özləri alaraq şəhidlik zirvəsinə ucaldılar. Allah şəhidlərimizə rəhmət etsin. Qazilərimizə can sağlığı versin. Allah Müzəffər Ali Baş Komandanımızı və xalqımızı qorusun.
Sonda aprel döyüşlərində qəhrəmancasına döyüşərək şəhid olmuş Pəncəli Teymurovun məzarı ziyarət edilmiş, şəhidlərin ruhuna dualar oxunmuşdur.
Şəhid Pəncəli Teymurovun anası Vahimə xanımla görüşən icra başçısı Vətən üçün qəhrəman övladlar böyüdüb tərbiyə etdiyinə görə minnətdarlıq etmiş, qayğıları ilə maraqlanmışdır. Şəhid anası şəhidlərə verilən yüksək dəyərə, ailələrinə göstərilən diqqətə və kəndə yeni asfalt yolun çəkilməsinə görə Müzəffər Ali Baş Komandan İlham Əliyevə minnətdarlıq etmiş, səmimiyyətinə görə rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayevə təşəkkürünü bildirmişdir.