Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Əzərüd kəndində səyyar qəbul və görüş

19 may 2025 | 11:09

Asxanakəran kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə Əzərüd kəndi ilə birlikdə on kənd daxildir. Bu yaşayış məntəqələri rayon mərkəzindən 40 kilometrlik məsafədə, dağlıq ərazidə yerləşsə də icra başçısı daim əhalinin yaşayışı, problemləri ilə maraqlanaraq həllinə yaxından köməklik göstərir. 

Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayevin keçirtdiyi növbəti səyyar qəbul və görüşdə iştirak edən vətəndaşlar bu barədə razılıqla danışdılar. Görüşdə rayonun idarə və müəssisələrinin rəhbərləri də iştirak edirdilər.

İcra başçısı qeyd etmişdir ki, Əzərüd kəndi rayon mərkəzindən xeyli uzaqda olsa da, Taxtanəkəran-Toradi avtomobil yolu asfaltlaşdırıldıqdan sonra bu uzaqlıq aradan götürülmüşdür. Yolun asfaltlaşdırılması ilə bu istiqamətdə yerləşən kəndlərimizin inkişafı başlamışdır. Bütün ümumtəhsil məktəbləri üçün müasir tipli yeni binalar tikilmiş, yüksək gərginlikli yeni elektrik xətti çəkilmiş, sürətli internet şəbəkəsi yaradılmışdır. Bundan əlavə yaraşıqlı fərdi yaşayış evləri, sahibkarlıq və turizm obyektləri inşa edilmişdir. Əvvəllər sizinlə görüşəndə yol, məktəb, işıq, internet problemini qabardırdınızsa, indi təbii qaz və daha müasir tələblər irəli sürürsünüz. Bu da inkişaf və tərəqqinin nəticəsidir.

İcra başçısı Ulu Öndər Heydər Əliyevin böyük uzaqgörənliklə inkişafını planlaşdırdığı suveren Azərbaycanımızın cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə qazandığı uğurlardan, dövlətimizin bilavasitə iştirakı ilə reallaşan mühüm regional layihələrin ölkəmizin iqtisadiyatının daha da güclənməsinə yol açdığını bildirmişdir.  

Hazırda vəhşi ermənilərin otuz il ərzində dağıtdığı, talan etdiyi doğma torpaqlarımızda sürətli bərpa işləri aparılır. Bütün infrastruktur yenidən ən müasir şəkildə qurulur. Soydaşlarımızın doğma torpaqlara qayıdışı üçün dövlətimiz nə lazımdırsa edir.

Əhalinin sosial rifahının yaxşılaşdırılmasına yönələn dövlət tədbirlərinin yüksək səmərəsini qeyd edərək, bunların davamlı olacağını bildirmiş, görüş iştirakçılarını ölkə rəhbəri ətrafında sıx birləşməyə, ölkəmizdə bərqərar olan əmin-amanlığı, sabitliyi qorumağa, Azərbaycanımızın daha da qüdrətlənməsi naminə cənab Prezidentin həyata keçirtdiyi əhəmiyyətli işlərə hər zaman dəstək olmağa çağırmışdır.

Görüş iştirakçıları ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin müstəqil Azərbaycanımızın hərtərəfli inkişafına nail olması, dünyada tanıdılmasından iftixar duyduqlarını söyləmişlər. Respublikada və rayonda görülən geniş abadlıq-quruculuq işlərindən razılıq edərək cənab Prezidentə hədsiz minnətdarlıq ifadə etmişlər. Sakinlər icra başçısına belə ucqar bir kəndə əhali ilə görüşə gəldiyinə, qaldırılan problemlərin həllinə həssaslıqla yanaşdığına görə dərin təşəkkürlərini bildirmişlər.

Görüş iştirakçıları kənddə elektrik xətt təsərrüfatının yenilənməsinə və yüksək gərginlikli elektrik xəttinin yerinin dəyişdirilməsinə, fərdi yaşayış evinə internet xəttinin çəkilməsinə, Bəlbay kəndinin qəbiristanlığına gedən yolun asfaltlaşdırılmasına, odun yanacağı ilə təmin olunmalarına köməklik göstərilməsini xahiş etmişlər.

İcra başçısı qaldırılan məsələlərin həlli ilə əlaqədar aidiyyəti üzrə tapşırıqlar vermişdir.  

Keçidlər