Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Hamoşam kəndində səyyar qəbul və görüş

27 yanvar 2025 | 15:53

Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev növbəti səyyar qəbul-görüşü Hamoşam kəndində keçirtmişdir.  

İcra başçısı bildirmişdir ki, yerlərdə sakinlərlə keçirtdiyimiz səyyar qəbul və görüşlər artıq ənənə halını almışdır. Hər yaşayış məntəqəsində ildə ən azı bir dəfə görüş keçirərək sakinlərin arzu, təklif və problemlərini dinləyir, həlli barədə tədbirlər müəyyənləşdiririk. Bunun nəticəsidir ki, kənddə ciddi narahatlıq doğuran problem qalmamışdır. Kəndə asfalt yolun çəkilməsi, yüksək gərginlikli elektrik xətlərinin istiqamətinin Lerik rayonu ərazisindən dəyişdirilərək Pensər yarımstansiyasından yeni xəttin çəkilməsi, müasir tipli məktəb binalarının tikilməsi, sürətli internet şəbəkəsinin yaradılması və görülən digər işlər məhz verdiyiniz təkliflər nəticəsində həllini tapmışdır. Ötən il hər birimizi narahat edən böyük bir problemin həllinə nail olduq. Sıldırım qayaları ağır texnikaların gücü ilə çətinliklə də olsa yararaq Dolu kəndindən Reqlobaya, oradan da Diqoli yaşayış massivinə yeni avtomobil yolu çəkdik. Bu da Pəlikəş və Hamoşam nümayəndəliklərini birləşdirən dairəvi bir yol olmaqla, həm də turistlərin marağında olduğu ən yaxşı bir turizm marşrutudur. Rayonumuza səyahət edən qonaqlar da ən çox ecazkar gözəlliyi olan bu təbiət mənzərələrini seyr etməyə çalışırlar.     

Daha bir problem isə Reqloba kəndi və Diqoli yaşayış massivindən məktəb yaşlı uşaqların 5-6 km aralıda yerləşən Hamoşam kənd tam orta məktəbinə gəlməkdə yaşadıqları çətinlik idi. Aidiyyəti qurumlarla danışıqlardan sonra həmin məsafədən şagirdlərin daşınması üçün nəqliyyatın ayrılması ilə bu məsələ də həllini tapmışdır.  

Bütün bunlar Ulu Öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı ilə həllini tapmışdır. Baxmayaraq ki, işğaldan azad olunan, vəhşi erməni qəbiləsinin amansızcasına dağıtdığı, talan etdiyi Qarabağ və Şərqi Zəngəzurda şəhər və kəndlərin bərpasına milyardlarla vəsait xərclənir, güclü iqtisadi dayaqlara malik dövlətimiz bunların öhdəsindən gəlməklə, digər bölgələrimizin inkişafına da xüsusi diqqət yetirir. Bunu rayonumuzun timsalında aydın görə bilərik.

Ən əsası ölkəmizdə əmin-amanlıqdır, sabitlikdir. Vətəndaşlarımızın rifah halının yaxşılaşdırılması ilə əlaqədar dövlətimiz ardıcıl olaraq tədbirlər həyata keçirir. Bu yaxınlarda cənab Prezidentin minimum əmək haqqının pensiya və müavinətlərin, bir çox qurumlarda maaşların artırılması ilə bağlı imzaladığı Sərəncamlar ölkə rəhbərinin vətəndaşlarına yüksək diqqət və qayğısıdır. Bütün bunlara görə hər biriniz adından cənab Prezidentə minnətdarlığımızı bildiririk.  

Kənd sakinləri çıxışlarında düşmən üzərində misilsiz qələbə qazanan, torpaqlarını işğaldan azad edən bir ölkənin vətəndaşları olmaqdan qürur duyduqlarını, cənab Prezidentin yürütdüyü siyasəti ürəkdən bəyəndiklərini, hər zaman ölkə rəhbəri ətrafında dəmir yumruq kimi birləşərək müstəqil Azərbaycanımızın təhlükəsizliyi və inkişafı, xalqımızın sülh şəraitində yaşaması, sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirtdiyi tədbirlərə dəstək olduqlarını birmənalı söyləmişlər.   

Sakinlər Taxtanəkəran-Toradi avtomobil yolunun xətlənməsinə, kənddə qəzalı vəziyyətdə olan elektrik dirəklərinin və həyətində olan elektrik transformatorunun yerinin dəyişdirilməsinə, Hamoşam kənd tam orta məktəbinə qədər olan yolun təmir edilməsinə, Hamoşam-Reqloba yolunun genişləndirilməsinə, kənddə milliön aparatının qoyulmasına, Toradi kəndində yerləşən Baba Rəsul ziyarətgahına qədər olan yolun asfalt olunmasına, köməklik göstərilməsini xahiş etmişlər.

İcra başçısı müraciətlərin həlli istiqamətində tədbirlərin görülməsi üçün tədbirlərin müəyyənləşdiriləcəyini bildirmişdir.

Keçidlər