Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Hamoşam kəndində səyyar qəbul

06 oktyabr 2023 | 16:14

Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayevin ucqar dağ kəndlərindən olan Hamoşam kəndinin əhalisi ilə keçirtdiyi səyyar qəbul və görüşdə rayonun idarə və müəssisələrinin rəhbərləri iştirak etmişlər.

İcra başçısı görüş iştirakçılarını salamlayaraq, bildirmişdir ki, ildə bir dəfədən az olmayaraq keçirtdiyimiz görüşlər müəyyən problemlərin həlli ilə nəticələnməklə ümumi işimizin xeyrinədir. Problemlərdən müntəzəm məlumatlansaq da burada sizi bir daha dinləyir, sadalanan təkliflərin dəyərləndirilməsi üçün birlikdə addımlar atırıq. Ona görə də keçirtdiyimiz görüşlər həmişə səmərəli olmuşdur. Bu il nümayəndəliyin Toradi və Reqloba kəndlərində də görüşlərimiz olub. Görüşlərdən sonra verilən təkliflərə baxılmış, həlli üçün müəyyən işlər görülmüşdür.

Ümumilikdə son illər bu istiqamətdə, mürəkkəb relyef şəraitində yerləşən dağ kəndlərimizdə görülən işlər ürəkaçandır. Bütün məktəb binaları yeni tikilmiş, avtomobil yolunun asfalt örtüyü əsaslı təmir edilmiş, əvvəllər Lerik rayonu ərazisindən çəkilən yüksək gərginlikli elektrik xətti ləğv edilərək rayonumuzun ərazisindən yeni elektrik xətti çəkilmiş və cari təmir işləri aparılmışdır. Bu tədbirlər bundan sonra da davam edəcəkdir.

Kənd sakinləri çıxış edərək Prezident cənab İlham Əliyevin əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirtdiyi tədbirlərdən razılıqlarını bildirmiş, bu diqqət və qayğıya görə cənab Prezidentə hədsiz minnətdarlıq ifadə etmişlər. Ölkəmizin uğurlarından, qazanılan nailiyyətlərdən, düşmən üzərində tarixi qələbədən bəhs edərək ürəkdən alqışlamış, icra başçısına qaldırılan problemlərin həllinə həssaslıqla yanaşdığına görə dərin təşəkkürlərini bildirmişlər. Sakinlər görülən işlərlə yanaşı Reqloba kəndində məktəb binasının tikintisinə, Hamoşam kəndində qəzalı vəziyyətdə olan elektrik dirəklərinin və 700 metr elektrik naqilinin dəyişdirilməsinə, kənddə 3 ədəd körpünün qoyulmasına, ləğv olunmuş poçt şöbəsinin fəaliyyətinin bərpa edilməsinə, internetin keyfiyyətinin yaxşılaşdırılmasına, marşrut avtobusunun verilməsinə, qaz xəttinin çəkilməsinə köməklik göstərilməsini xahiş etmişlər.

İcra başçısı vətəndaşlar tərəfindən verilən təkliflərə və qaldırılan məsələlərə münasibət bildirmiş, həlli barədə aidiyyəti üzrə tapşırıqlar vermişdir. Bildirmişdir ki, kəndin əsas sosial problemlərinin həllini tapması burada yaşayışı xeyli asanlaşdırmışdır. Ən ucqar dağ kəndlərimizdə belə abadlıq-quruculuq işlərinin aparılması Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasətinin uğurlu nəticəsi və bunu davam etdirən cənab Prezident İlham Əliyevin düşünülmüş, məqsədyönlü siyasətidir.

Bütün bunlar böyük inkişaf yolunda olan ölkəmizin gücünü göstərir. Müstəqil dövlətimiz bütün istiqamətlərdə inkişafın, tərəqqinin təmin edilməsi üçün beynəlxalq aləmdə ən yüksək səviyyədə əlaqələrin qurulmasına xüsusi önəm verir. Dünya dövlətləri ilə sülh və əməkdaşlıq şəraitində normal münasibətlərin qurulması Azərbaycanımızın mütərəqqi inkişafında əsas rol oynayır.

İcra başçısı qeyd etmişdir ki, düzgün, məqsədyönlü şəkildə aparılan daxili və xarici siyasətin  nəticəsidir ki, illərdir mövcud olan, dövlətimiz və xalqımız üçün baş ağrısına çevrilmiş Ermənistan və havadarlarının yaratdığı, sağalmaz yaraya çevrilmiş Qarabağ problemi möhtərəm Prezidentimizin səyləri ilə birdəfəlik həllini tapmışdır. Vətən müharibəsindən dərs almayan erməni terrorçularına dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq çirkin niyyətlərindən əl çəkməməsi ölkəmizi antiterror tədbirlərini həyata keçirməyə məcbur etdi. Sentyabrın 19-da başlayan lokal xarakterli antiterror əməliyyatı cəmi 23 saat davam etdi. Müzəffər Ordumuzun qarşısıalınmaz həmləsi ilə düşmən yuvaları qısa müddətdə darmadağın edilərək məhv edildi. Bir daha dəmir yumruq zərbəsi alan erməni terrorçuları ağ bayraq qaldıraraq təslim olduqlarını bəyan etdilər. 200 il ərzində davam edən erməni vandalizminə son qoyuldu. Erməni zülmünə məruz qalan soydaşlarımızın qisası alındı. Bununla da Azərbaycan bütün torpaqları üzərində suverenliyini bərpa edərək dünyaya bir qarış torpağından belə keçməyəcəyini nümayiş etdirdi. Təəssüf ki, düşmənə layiqli cavab verən qəhrəman oğullarımız arasında şəhid olanlar da oldu. Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Hazırda vəhşi ermənilərin otuz il ərzində dağıtdığı, talan etdiyi doğma torpaqlarımızda sürətli bərpa işləri aparılır. Bütün infrastruktur yenidən ən müasir şəkildə qurulur. Soydaşlarımızın doğma torpaqlara qayıdışı üçün dövlətimiz nə lazımdırsa edir.

Sizi əmin edirəm ki, müstəqilliyimizin qorunması, xalqımızın təhlükəsiz yaşaması üçün böyük siyasi uzaqgörənlik nümayiş etdirən cənab Prezidentimizin rəhbərliyi ilə Azərbaycanımız bundan sonra da daim inkişaf edəcək və daha uğurlu sabahlara qovuşacaq.

Keçidlər