Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 8-13-94

İcra başçısı növbəti səyyar qəbul-görüş keçirmişdir

04 noyabr 2025 | 17:57

Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev Siyətük kənd ibtidai məktəbinin həyətində əhali ilə görüş keçirmişdir. 

İcra başçısı bildirmişdir ki, nümayəndəliyin Şuvi, Deqadi, Sərək və digər kəndlərində keçirdiyimiz görüşlər həmişə səmərəli olmuş, qaldırılan məsələlərin həlli ilə yadda qalmışdır. Bu gün də burada görüşməkdə məqsədimiz sizi narahat edən problemləri öyrənmək, həllinə birlikdə nail olmaqdır. Əvvəllər keçirdiyimiz görüşlərdə verdiyiniz təkliflər və qaldırılan məsələlər qloballığı ilə fərqlənirdi. Cənab Prezidentin Sərəncamları ilə ayrılan vəsaitlər hesabına həmin problemlər həllini tapmışdır. Nümayəndəliyə daxil olan yaşayış məntəqələrində yeni məktəb binalarının tikilməsi, avtomobil yollarının asfaltlaşdırılması, kəndlərin qazlaşdırılması dövlətin öz vətəndaşlarına olan böyük diqqət və qayğısının təzahürüdür. Bundan başqa elektrik xətt təsərrüfatında təmir işləri aparılmış, sürətli internet şəbəkəsi yaradılmışdır. Bu çox sevindiricidir.

Ölkəmiz böyük inkişaf yolundadır. Hər sabahımız inkişafa doğru gedir. Bunu gündəlik həyatımızda hiss edirik. Ölkə iqtisadiyyatı gücləndikcə vətəndaşlarımızın güzəranının yaxşılaşdırılması üçün yeni layihələr həyata keçirilir. Bunlar möhtərəm Prezidentimizin və dövlətimizin siyasətinin əsasını təşkil edir. Dünyada baş verən mənfi tendensiyalar fonunda sabitlik, əmin-amanlıq şəraitində yaşadığımıza görə Ulu Öndər siyasətini uğurla davam etdirən cənab Prezidentimiz İlham Əliyevə minnətdarıq.

 Yaşadığınız kənd də rayonumuzun sərhəd kəndlərindən biridir. Daim ayıq-sayıq olmalı, dövlətimizə təhdid yarada biləcək və cəmiyyətimizin maraqlarına zidd olan xoşagəlməz halların qarşısını almaq üçün hüquq-mühafizə orqanları ilə sıx əməkdaşlıq etməlisiniz.

Müzəffər Ali Baş Komandanımız, qəhrəman ordumuz və mübariz xalqımızın birliyi ilə 30 il işğalda olan torpaqlarımız azad edilib. Hazırda bu torpaqlarda erməni vandallarının vəhşicəsinə dağıtdığı şəhər və kəndlərimiz sürətlə bərpa edilir. Cənab Prezident İlham Əliyev tez-tez Qarabağa və Şərqi Zəngəzura səfərlər edərək bərpa edilən kəndlərin açılışlarını edir, yeni yaşayış məntəqələrinin təməllərini qoyur. Soydaşlarımızın uzun illərdən sonra doğma yurdlarına qayıtması bizi sevindirir və qürurlandırır. Bundan sonra da ölkəmizin davamlı inkişafının şahidi olacaq və sevincli günlər yaşayacağıq.    

Sakinlər çıxış edərək respublikada və rayonda görülən abadlıq-quruculuq işlərindən fərəh duyduqlarını, insanların rifahının yaxşılaşdırılması ilə əlaqədar həyata keçirilən tədbirlərdən razılıqlarını bildirmiş, bu diqqət və qayğıya görə ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə etmişlər. Sakinlərlə tez-tez görüşə gəldiyinə, qaldırılan məsələlərin həllinə həssaslıqla yanaşdığına görə icra başçısına təşəkkürlərini bildirərək Vəznəş kəndində əlavə elektrik transformatorunun qoyulmasına və kənd yolunun təmir edilməsinə köməklik göstərilməsini xahiş etmişlər.

İcra başçısı qaldırılan məsələlərin qısa müddətdə həlli ilə əlaqədar tədbirlər görüləcəyini sakinlərin nəzərinə çatdırmışdır.

Keçidlər