Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

İcra başçısı yüksək uğur qazanmış məktəbliləri qəbul etmişdir

15 dekabr 2022 | 16:40

Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev yüksək uğur qazanmış məktəblilər, onların müəllim və valideyni ilə görüşmüşdür.

İcra başçısı qalibləri təbrik etmiş, onlara təhsil sahəsində yeni nailiyyətlər arzulamışdır. Qeyd etmişdir ki, yeni nəslin intellektual inkişafı, gənclərimizin yeni texnologiyaları öyrənməsi ölkə başçısının daim diqqətindədir.

Azərbaycanda “STEAM Azərbaycan” layihəsi istiqamətində görülən işlərə, məktəblilər arasında keçirilən müxtəlif intellektual və idman yarışlarının təşkilinə, o cümlədən “Əlaçı” verilişinə dövlət tərəfindən yüksək səviyyədə dəstək göstərilməsi buna misaldır. Son illərdə Respublika və beynəlxalq əhəmiyyətli yarışlarda müvəffəqiyyətlə çıxış edərək yüksək nəticələr əldə edən rayonumuzun məktəblilərinin sayının artması  sevindiricidir. Bu uğurlarınız digər şagirdləri də motivasiya edir və həvəsləndirir. Bildirmək istəyirəm ki, rayon rahbəri kimi sizə hərtərəfli dəstək göstərməyə hər zaman hazıram. Bir daha sizi təbrik edirəm.   

Astara rayon Deqadi kənd ümumi orta məktəbinin İnformarika müəllimi-"Sparrow" komandasının rəhbəri Tarverdiyev Nemət Zahirağa oğlu çıxış edərək bu diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə minnətdarlıq etmiş, səmimi görüşə görə rayon icra hakimiyyətinin başçısı Qəzəfər Ağayevə təşəkkürünü bildirmişdir.

Qeyd etmişdir ki, 2019-2022-ci il aralığında Astara məktəbliləri STEAM-lə bağlı müxtəlif sərgi və festivallarda 10 medal qazanmışlar.

5-9 dekabr 2022-ci il tarixlərində Bakı Ekspo Mərkəzində STEAM Azərbaycan layihəsi çərçivəsində və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi ilə SAF (STEAM Azərbaycan Festivalı) 2022 keçirilmişdir. Ümumilikdə 1300-dən çox iştirakçının qatıldığı festivalda yarışlar 11 kateqoriya üzrə keçirilmişdir. Festivala 7 xarici ölkədən 127 əcnəbi iştirakçı qatılmışdır.

Beynəlxalq səviyyədə təşkil olunan, 8 ölkədən komandaların iştirak etdiyi SAF-2022-də “EduDrone kateqoriyası” üzrə Astara rayon Deqədi kənd ümumi orta məktəbinin "Sparrow" komandası birinci yerə layiq görülərək qızıl medal və qiymətli hədiyyələrlə mükafatlandırılmışlar.

SAF-2022-nin qızıl medalçıları-"Sparrow" komandasının üzvləri  Deqadi kənd ümumi orta məktəbinin VII sinif şagirdləri İsayev Murad Ramal oğlu və Hacızadə Nuran Oktay oğlu sevinclərini bölüşmüş, yeni uğurlar qazanmaq üçün bundan sonra daha da məsuliyyətlə çalışacaqlarını bildirmişlər.

11.12.2022-ci ildə keçirilən “Əlaçı” televiziya verilişinin qalibi-Astara rayonu X.Şəkərov adına Tüləküvan kənd tam orta məktəbin XI sinif şagirdi İsazadə Sevanə Araz qızı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi və İctimai Televiziyanın təşkilatçılığı ilə keçirilən “Əlaçı” televiziya verilişinin qalibi olaraq Elm və Təhsil Nazirliyinin Diplomuna layiq görüldüyü üçün hədsiz sevindiyini bildirmiş, təsuratlarını bölüşmüşdür. Sevanə İsayeva həmişə ona dəstək olan valideyn və müəllimlərinə təşəkkür etmiş, qəbula görə icra başçısına minnətdarlığını bildirmişdir.

Sonda qaliblərə Fəxri Fərmann və hədiyyələr təqdim edilmiş, xatirə şəkli çəkilmişdir.

Keçidlər