Kakalos kəndində səyyar qəbul və görüş
Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayevin Kakalos kəndində əhali ilə keçirtdiyi səyyar qəbul və görüşdə rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak etmişlər.
İcra başçısı bildirmişdir ki, nümayəndəliyin bu və digər kəndlərində dəfələrlə görüşlərimiz olub. Bu görüşlər həmişə səmərəliliyi ilə yadda qalıb. Kəndin qazlaşdırılması, yeni məktəb binasının tikintisi, avtomobil yollarının asfaltlaşdırılması, genişzolaqlı internet şəbəkəsinin yaradılması ötən müddət ərzində görülmüş işlərdir. Abunəçiləri dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin etmək məqsədilə SİP kabelləşmə işinə başlanaraq təqribən 50 faizi təhvil verilmiş, ilin sonuna yekunlaşdırılması nəzərdə tutulmuşdur. Verilən məlumata görə ötən il kənddə 60 hektar ərazidə çəltik əkini aparılmış, bol məhsul əldə edilmişdir. Bu çox sevindiricidir. Amma münbit və məhsuldar olan torpaqlarımızın tamamilə əkin dövriyyəsinə qaytarılması üçün hamılıqla əlimizdən gələni etməliyik.
Prezident cənab İlham Əliyev tərəfindən ölkəmizin iqtisadi potensialının artırılması istiqamətində həyata keçirilən çevik iqtisadi siyasətin qısa müddətdə müsbət nəticələr verdiyini qeyd edən icra başçısı, Azərbaycanımızın böyük inkişaf yolunda olduğunu diqqətə çatdırmışdır. Ölkədə bütün sahələrdə müşahidə edilən tərəqqinin məhz Ulu Öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən möhtərəm cənab İlham Əliyevin uzaqgörən, praqmatik düşüncəsinin nəticəsi olduğunu bildirmişdir.
İcra başçısı qeyd etmişdir ki, görülən abadlıq işləri ilə rayonumuz da gündən-günə simasını dəyişir, gözəlləşir. Kakalos ərazi nümayəndəliyinə daxil olan Qamışoba kəndində dəniz sahilində inşa edilən müasir turizm obyektləri buna misaldır. Gələcəkdə dəniz sahili boyu daha yeni-yeni layihələr icra olunacaqdır. Bunların hamısı inkişafdır, əhalinin rifahının yaxşılaşması üçün bir vasitədir.
Sakinlər çıxış edərək ölkəmizin hərtərəfli inkişafının təmin edilməsi, əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirtdiyi tədbirlərə görə ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə etmişlər. Ölkəmizdə sosial-iqtisadi inkişaf sahəsində qazanılan yüksək nailiyyətlərdən bəhs edərək rayonumuzda görülən quruculuq, abadlıq işlərini ürəkdən bəyəndiklərini bildirmişlər. Yerlərdə əhali ilə tez-tez görüşlər keçirtdiyinə, qaldırılan problemlərin həllinə həssaslıqla yanaşdığına görə icra başçısından razılıq etmişlər.
Sakinlər eyni zamanda Qamışoba-Pensər avtomobil yolunun və kənd ara yollarının asfaltlaşdırılmasına, əlillik pensiyasının bərpa olunmasına, kəndin mərkəzi hissəsinin abadlaşdırılmasına, qəzalı vəziyyətdə olan elektrik dirəyinin dəyişdirilməsinə və SİP kabelləşmə işlərinin başa çatdırılmasına, özünüməşğulluq layihəsi çərçivəsində mal-qara verilməsinə, köməklik göstərilməsini və maddi yadım olunmasını xahiş etmişlər.
İcra başçısı qaldırılan məsələlərə münasibət bildirərək həlli ilə əlaqədar idarə, müəssisə rəhbərlərinə tapşırıqlar vermişdir.