Kamlakan kəndində səyyar qəbul və görüş
Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev Hamoşam kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə daxil olan Kamlakan kəndində əhali ilə növbəti səyyar qəbul və görüş keçirtmişdir. Görüşdə rayonun idarə və müəssisələrinin rəhbərləri iştirak etmişlər. Kamlakan kəndi rayon mərkəzindən 55 kilometrlik məsafədə, dağlıq ərazidə yerləşir. Kəndin sakinləri heyvandarlıq, əkinçilik və arıçılıqla məşğul olurlar.
İcra başçısı bildirmişdir ki, görüşlərimizin hər biri səmərəli, faydalı olmaqla müəyyən problemlərin həlli ilə yadda qalmışdır. Keçirtdiyi səyyar qəbullarda ucqar dağ kəndlərinin sakinləri ilə görüşə üstünlük verdiyini diqqətə çatdırmışdır. Qeyd etmişdir ki, ötən aylarda Hamoşam və Toradi kəndlərində görüşməyimizə baxmayaraq bu gün yaşadığınız kənddə vəziyyəti öyrənmək, problemlər barədə təkliflərinizi dinləməyə gəlmişik. Gəlişimiz təbiətin gözəl fəslinə təsadüf edir. Göz oxşayan dağ mənzərələri insanı valeh edir. Rayonumuza gələn turistlər də həmişə bu gözəllikləri görmək üçün ən çox dağ kəndlərimizə səyahət edirlər. Taxtanəkəran-Toradi yolu asfaltlaşdırılandan sonra dağ kəndlərimizin inkişafında böyük irəliləyişlər baş verib. Hamoşam və Pəlikəş nümayəndəliklərini birləşdirən Reqloba-Dolu avtomobil yolunun salınması ilə vətəndaşlarımız çox böyük rahatlıq tapıblar. Yaylaq ərazisində təsərrüfat işləri ilə məşğul olanların işi asanlaşmış, Dolu, Reqloba kəndləri və Diqoli yaşayış massivindən əraziyə yaxın məktəblərə şagirdlərin maşınla gətirilməsi təmin edilir, həm də çox gözəl bir turizm marşrutu açılmışdır. Yoldan savayı son illər bütün ümumtəhsil məktəbləri üçün yeni binalar tikilmiş, 10 kv-luq yeni elektrik xətləri çəkilmiş, yüksək sürətli internet şəbəkəsi yaradılmışdır.
Görülən bu işlərin hamısının təməlində Ulu Öndər siyasəti və bu siyasəti uğurla davam etdirən cənab Prezident İlham Əliyevin uzaqgörənliyi, durur. İqtisadi qüdrəti gündən-günə artan suveren Azərbaycanımızda əhalinin sosial rifahının yaxşılaşdırılmasına yönələn dövlət tədbirlərinin miqyası getdikcə genişlənir.
Hər birimizə məlumdur ki, ən böyük işlər bu gün Qarabağ və Şərqi Zəngəzurda görülür. İşğaldan azad edilən bu regionda düşmənlər talançılıq edərək bütün şəhərlərimizi, kəndlərimizi dağıtmışlar. Hazırda bu ərazilərdə sürətli quruculuq işləri aparılır. Bütün infrastruktur yenidən qurulur. Bunların hamısını qalib dövlətimiz heç bir xarici dövlətin köməyi olmadan öz büdcəsi hesabına hayata keçirir. Böyük qayıdış proqramının uğurlu icrası ilə yüzlərlə ailə artıq dogma yurdlarına qayıdaraq məskunlaşmışlar.
Bununla yanaşı digər regionlarımız da daim diqqətdədir. Rayonumuz da daxil olmaqla ölkəmizin hər yerində tikinti-qurucluq işləri davam edir.
İcra başçısı, sosial layihələrin icrasının davam etdiriləcəyini bildirmişdir. Əsas odur ki, ölkəmizdə sabitlikdir, əmin-amanlıqdır. Ölkəmizdə bərqərar olan bu əmin-amanlığı qorumalı, ölkə Prezidenti ətrafında sıx birləşərək, həyata keçirilən böyük işlərdə dəstək olmalı, ölkəmizin bundan sonra da inkişafı üçün əlimizdən gələni etməliyik.
Kənd sakinləri çıxış edərək möhtərəm cənab Prezidentin böyük uzaqgörənliklə həyata keçirtdiyi siyasət nəticəsində müstəqil Azərbaycanımızın gündən-günə inkişaf edərək dünyanın böyük dövlətləri ilə müqayisə edilə biləcək bir iqtisadiyyata nail olmasından iftixar duyduqlarını bildirmişlər.
Sakinlər Kamlakan kəndinə qaz xəttinin çəkilməsinə, məhəllə yolunun təmir edilməsi üçün texnikanın verilməsinə, şəkər xəstələrinə verilən dərmanların kəndə gətirilərək paylanmasına köməklik göstərilməsini xahiş etmişlər.
İcra başçısı vətəndaşlar tərəfindən verilən təkliflərə münasibət bildirmiş, həlli barədə aidiyyəti üzrə tapşırıqlar vermişdir.