Kənd təsərrüfatının inkişafına dair Dövlət Proqramının icrası çərçivəsində Astara rayonunda görülmüş işlərə baxış keçirilmişdir.
19 noyabr 2026-cı il tarixdə Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 5-ci ərazi sektorunun müdiri Dəyanət Abdullayev, Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi İzzət Talıbov, Astara Rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Etibar Abbasov və Astara Rayon Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi Habil Manafov “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində rayonda görülən işlərlə yerində tanış olmaq məqsədilə fermer təsərrüfatı və sahibkarlıq subyektlərinə baxış keçirmişlər.
Dövlət Proqramının qəbul edilməsindən ötən müddət ərzində “Astara FİSH” MMC tərəfindən ümumi sahəsi 198 kvadrat metr olan 22 ədəd balıqartırma hovuzu tikilmiş, 3146 ədəd 100-110 qramlıq nərə cinsli balıq balaları alınmışdır. Həmçinin “Beluga Astara” MMC tərəfindən ümumi sahəsi 1100 kvadrat metr olmaqla 18 ədəd balıqartırma hovuzları tikilmişdir. Eyni zamanda “İMANNA” MMC tərəfindən əkinə hazırlıq vəziyyətinə gətirilmiş 50 ha yeni intensiv sitrus meyvə bağının 23 hektarında 15000 ədəd naringi tingi əkilmiş, qalan sahənin əkilməsindən ötrü tinglər sifariş verilmişdir. Ölkə başçısının çağırışına qoşulan digər sahibkar və fermerlər də götürdükləri öhdəliklərin yerinə yetirilməsi istiqamətində konkret işlərin görülməsinə başlamışlar.
Fermerlər və sahibkarlarla görüş zamanı Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev bildirmişdir ki, rayonda kənd təsərrüfatının inkişaf etdirilməsindən ötrü əsas prioritetlər müəyyən edilmişdir. Müasir texnologiyalardan və innovativ üsullardan istifadə etməklə istehsal və emal imkanları əhəmiyyətli dərəcədə genişləndirmək mümkündür. Bu hədəflərə çatmaq üçün tərəfimizdə fermer və sahibkarlara hər bir dəstək göstərilir.
Prezident Administrasiyasının sektor müdiri Dəyanət Abdullayev görüşlərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə kənd təsərrüfatının inkişafından ötrü qarşıya qoyduğu vəzifələri bir daha xatırlatmış, Dövlət Proqramının əhəmiyyəti barədə ətraflı məlumat vermişdir.
Fermer və sahibkarlar göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmiş, Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin uğurla reallaşdırılması və bu sahənin daha da inkişafı üçün bütün imkanlarını səfərbər edəcəklərini qeyd etmişlər.







