Kijəbə qəsəbəsində səyyar qəbul
Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev Kijəbə qəsəbəsində əhali ilə növbəti səyyar qəbul-görüş keçirmişdir. Görüşdə rayonun idarə və müəssisələrinin rəhbərləri iştirak etmişlər.
İcra başçısı bildirmişdir ki, rayonumuzun digər yaşayış məntəqələrində olduğu kimi Kijəbə qəsəbəsində də son illər abadlıq-quruculuq işləri geniş vüsət almış, xeyli iş görülmüşdür. Qəsəbədaxili və kəndlərə gedən əksər avtomobil yolları asfaltlaşdırılmış, qəsəbənin əsas küçələrində işıqlandırma sistemi quraşdırılmış, yeni məktəb binaları tikilmiş, xəstəxana əsaslı təmir olunmuş, böyük yaşayış məntəqələri qazlaşdırılmış, elektrik xətt təsərrüfatında təmir işləri aparılmış, bəzi ictimai yaşayış binalarında təmir işləri aparılmış, Ojakəran kəndinə yeni su anbarı tikilərək istifadəyə verilmişdir. Tüləküvan, Burzubənd və Şəmətük kəndlərində heç vaxt asfalt olunmayan avtomobil yollarının müəyyən məsafədə asfaltlaşdırılması il ərzində təmin olunmuşdur. Burzubənd, Vənəşikəş, Noyabud kəndlərinin qazlaşdırılmasına yaxın vaxtlarda başlanılacaqdır.
Aqrar sektorda da böyük irəliləyişlərə nail olunmuşdur. Sitrusçuluğun inkişafına dövlət dəstəyinin artırılması, yeni salınan bağlara yüksək məbləğdə subsidiyaların verilməsi sakinlərimizin bu sahələrə marağını daha da artırmışdır. Son illər müasir üsullarla xeyli yeni sitrus bağları salınmışdır ki, bu da bizi sevindirir. Bu il dəvətimizlə qonşu Türkiyə dövlətindən yüksək ixtisaslı mütəxəssislər rayonumuzda, o cümlədən, Kijəbə qəsəbəsində olmuş, sitrusçuluqla məşğul olan şəxslər üçün təlimlər və maarifləndirici tədbirlər keçmişlər. Mütəxəssislər sitrus bağlarında olmuş, təsərrüfat sahiblərini maraqlandıran məsələlər barədə fikir mübadiləsi aparmış, sahələrə aqrotexniki qulluq, ağacların xəstəliklərdən qorunması, məhsuldarlığın artırılması, meyvələrin saxlanması qaydaları barədə tövsiyələrini vermişlər.
Artıq 2025-ci ili başa vururuq. Bu il dövlətimiz və xalqımız üçün uğurlu illərdən biri kimi yadda qalacaqdır. Ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin rəhbərliyi ilə müstəqil, suveren Azərbaycanımızın beynəlxalq səviyyədə mövqeləri daha da möhkəmlənmiş, ölkəmiz bütün sahələrdə uğurla inkişaf etmişdir. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda tikinti-quruculuq işləri yüksək səviyyədə davam edərək soydaşlarımızın doğma torpaqlarına qayıdaraq yaşaması təmin edilmişdir. İnanırıq ki, bu yüksək tendensiya gələn il də davam edəcəkdir.
Biz də Azərbaycanımızın daha güclü olması üçün həmişə olduğundan daha çox ölkə rəhbərinə dəstək olmalı, ətrafında dəmir yumruq kimi sıx birləşməli, birlik nümayiş etdirərək müstəqil dövlətimizin tərəqqisi və inkişafına töhfələrimizi verməliyik.
Görüş iştirakçıları son illər rayonumuzda və nümayəndəliyin ərazisində aparılan abadlıq-quruculuq işlərindən razılıqlarını bildirmiş, bu diqqət və qayğıya görə respublika Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə etmişlər. Sakinlər Kijəbə qəsəbə Ailə Sağlamlıq Mərkəzində gecə növbəsinin təşkil edilməsinə və Mərkəzi Xəstəxanaya peşəkar həkimlərin cəlb olunmasına, Qəcimardə yaşayış massivinə gedən yolun təmirinə, məhəllə yolunun asfaltlaşdırılmasına, sitrus meyvələrinin saxlanması üçün rayonda soyuducu anbarının tikilməsinə, yeni marşrut xəttinin açılmasına, Kijəbə qəsəbə 2 nömrəli tam orta ümumtəhsil məktəbi üçün yeni binanın tikilməsinə, məhəllə kanalında suötürücü borunun qoyulmasına, məhəlləyə qaz xəttinin çəkilməsinə köməklik göstərilməsini xahiş etmişlər.
Səyyar qəbulda iştirak edənlərin arzu və təklifləri dinlənilmiş, məsələlərin həlli ilə əlaqədar aidiyyəti üzrə tapşırıqlar verilmişdir.







