Kijəbə qəsəbəsində səyyar qəbul və görüş
Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev Kijəbə qəsəbəsində əhali ilə növbəti səyyar qəbul-görüş keçirmişdir. Görüşdə rayonun idarə və müəssisələrinin rəhbərləri iştirak etmişlər.
İcra başçısı bildirmişdir ki, əhali ilə yerlərdə keçirdiyimiz görüşlər ənənəvi hal alıb. Rayonun digər yaşayış məntəqələrində olduğu kimi Kijəbə qəsəbəsində və nümayəndəliyin kəndlərində dəfələrlə görüşlər keçirmişik. Bunlar ərazidə olan problemləri öyrənərək həllinə köməklik göstərmək və ümumi işimizi irəli aparmaq üçündür. Xatırlayırsınızsa ilk görüşlərimizdə nümayəndəliyin ərazisində çoxlu problemlərin olduğunu görür, həlli yollarını axtarırdıq. Zaman keçdikcə həlli mümkün məsələləri birgə aradan qaldırmaqla, digərləri üçün aidiyyəti üzrə müraciətlər etdik. Cənab Prezidentin Sərəncamları ilə ayrılan vəsaitlər hesabına qəsəbədə bu problemlərin əksəriyyəti həllini tapmış, xeyli iş görülmüşdür.
Kəndlərə gedən əksər avtomobil yolları və qəsəbədaxili yollar asfaltlaşdırılmış, əsas küçələrdə işıqlandırma sistemi quraşdırılmış, yeni məktəb binaları tikilmiş, xəstəxana əsaslı təmir olunmuş, qazlaşma aparılmış, elektrik xətt təsərrüfatında və ictimai yaşayış binalarında təmir işləri görülmüşdür. Ojakəran kəndində yeni su anbarı tikilərək istifadəyə verilmişdir. Tüləküvan, Burzubənd və Şəmətük kəndlərində heç vaxt asfalt olunmayan avtomobil yollarının müəyyən hissəsi asfaltlaşdırılmışdır. Burzubənd, Vənəşikəş, Noyabud kəndlərinin qazlaşdırılması işləri başa çatmaq üzrədir.
Aqrar sektorda da böyük irəliləyişlərə nail olunmuşdur. Sitrusçuluğun inkişafına dövlət dəstəyinin artırılması, yeni salınan bağlara yüksək məbləğdə subsidiyaların verilməsi sakinlərimizin bu sahələrə marağını daha da artırmışdır. Son illər müasir üsullarla xeyli yeni sitrus bağları salınmışdır ki, bu da bizi sevindirir.
Təkcə rayonumuzda deyil, bütün regionlarda quruculuq işləri aparılır, yeni-yeni layihələr icra olunur, vətəndaşlarımızın sosial vəziyyəti gündən-günə yaxşılaşır.
Ulu Öndər Heydər Əliyevin davamçısı, ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin rəhbərliyi ilə müstəqil, suveren Azərbaycanımızın beynəlxalq səviyyədə mövqeləri daha da möhkəmlənir, ölkəmiz bütün sahələrdə uğurla inkişaf edir. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda meqa layihələrin icrası yüksək səviyyədə davam etdirilir. Bu layihələrlə işğal dövründə düşmən tərəfindən dağıdılaraq talan edilmiş infrastrukturlar ən yüksək səviyyədə yenidən qurulur və soydaşlarımızın doğma torpaqlarına qayıdaraq firavan yaşaması təmin edilir. Hazırda həmin ərazilərdə 100 minə yaxın insan yaşayır. Milyardlarla vəsait tələb edən bütün bu işlər heç bir kənar qüvvələrin köməkliyi olmadan yalnız müstəqil, suveren dövlətimizin öz gücü, maliyyəsi ilə həyata keçirilir.
Azərbaycanımızın inkişafını, tərəqqisini istəməyən qüvvələr də az deyil. Lakin onlar unudurlar ki, qədirbilən xalqımız dövlətimizin daha da güclü olması və inkişafı üçün həmişə olduğundan daha çox müzəffər rəhbərinin ətrafında dəmir yumruq kimi sıx birləşmişlər. Xalqımızın bu birliyini heç kim sarsıda bilməz.
Ulu Öndər Heydər Əliyevin dəfələrlə qəsəbəyə etdiyi səfərlər zamanı onunla görüşmüş qəsəbə sakini Canşirin Gülverdiyev dahi şəxsiyyətlə olan xatirələrindən danışmış, həmçinin ölkə başçısı cənab İlham Əliyevin çıxışlarını və fəaliyyətini həmişə diqqətlə izlədiyini, dünya liderlərinin Prezidentimizə göstərdiyi böyük ehtiram və xoş münasibətlərindən qürur duyduğunu vurğulamışdır.
Sakinlər son illər rayonumuzda və nümayəndəliyin ərazisində aparılan abadlıq-quruculuq işlərindən razılıqlarını bildirmiş, bu diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə etmişlər. Onlar qəsəbənin bəzi yollarının və küçə işıqlarının təmirinə, Ojakəran kəndində, Qəcimardə və Lovayın yaşayış massivlərində yolların asfaltlaşdırılmasına, Ovala kəndində yeni transformatorun qoyulmasına, şəhid ailəsi üçün tikilmiş fərdi yaşayış evinə qaz və elektrik xətlərinin çəkilməsinə, Şəmətük kəndinə qaz xəttinin çəkilməsinə, Lovayın yaşayış massivində elektrik verilişində fasilələrin yaranmaması üçün ayırıcı açarın qoyulmasına, sitrus meyvələrinin saxlanması üçün soyuducu kameraların quraşdırılmasına və meyvə qablaşdırma sexlərinin yaradılmasına, qəsəbə mədəniyyət evinin təmirinə, qəsəbəyə içməli su xəttinin çəkilməsinə köməklik göstərilməsini xahiş etmişlər.
Görüşdə iştirak edənlərin arzu və təklifləri dinlənilmiş, məsələlərin həlli ilə əlaqədar aidiyyəti üzrə tapşırıqlar verilmişdir.







