Kolatan kəndində səyyar qəbul və görüş
Astara Rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayevin Kakalos kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin Kolatan kəndində vətəndaşlarla görüşü və səyyar qəbulu keçirilmişdir. Görüşdə rayonun inzibati orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak etmişlər.
İcra başçısı kənd sakinlərini salamlayaraq qeyd etmişdir ki, rayonun bütün yaşayış məntəqələri kimi Kakalos kənd inzibati ərazi dairəsinə daxil olan kəndlərdə də əhali ilə görüşlər keçirmiş və vətəndaşların müraciətlərini dinləmişdir. Qaldırılan problemlərin əksəriyyəti həllini tapmışdır. Bugünkü görüşdə də məqsədimiz sizi dinləmək, təklifləriniz, arzu və istəklərinizlə tanış olmaq, onların həyata keçirilməsinə köməklik etməkdir.
Sakinlər çıxış edərək Respublikamızda, eləcə də rayonumuzun şəhər, qəsəbə və kəndlərində gedən abadlıq və quruculuq işlərindən razılıqlarını bildirmiş və bütün bunlara görə ölkə rəhbəri möhtərəm cənab İlham Əliyevə ən xoş arzularını ifadə etmişlər. Görülən işlərlə yanaşı Kolatan kəndində bir sıra xırda problemlərin olduğunu qeyd edən kənd sakinləri yeni məhəlləyə qaz və elektrik xəttinin çəkilməsini, mövcud elektrik təsərrüfatının yenilənməsini, kənd ara yolunun təmir edilməsini, yeni Ələt-Astara magistral avtomobil yolu çəkilən zaman bağlanmış pay torpağına gedən yolun açılmasını xahiş etmişlər.
İcra başçısı sakinlərin qaldırdıqları bütün məsələlərin diqqətlə araşdırılacağını və mövcud problemlərin həlli istiqamətində tədricən tədbirlər görüləcəyini bildirmişdir.
Hazırda Respublikada və rayonumuzda aparılan quruculuq və abadlıq işləri barədə məlumat verən icra başçısı ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə son illər qazanılan yüksək nailiyyətləri konkret faktlarla diqqətə çatdırmış, mühüm sosial layihələrin uğurla yerinə yetirildiyini bildirmişdir.
Qeyd etmişdir ki, ilk görüşlərimizdə təkliflərinizə əsasən Kolatan-Kakalos yolu asfaltlaşdırıldı, hazırda bu yoldan rahatlıqla istifadə olunur. İndi əsas məsələ bu kənddən keçən Şahağac-Pensər və Qamışoba-Pensər yollarının asfaltlaşdırılmasıdır ki, bu da Dövlət Proqramına salınmış, yaxın gələcəkdə həllini tapacaqdır. Xüsusən də, sizin ərazidə, Qamışoba kəndində böyük layihələr həyata keçirilir. Bu işlər dəniz sahili boyu Astara şəhərinə kimi davam edəcək. Bu da əhalinin dolanışığına, həyat şəraitinin yaxşılaşdırılmasına öz müsbət təsirini göstərəcək.
Ən böyük uğurumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə uzun illər düşmən tapdağında olan torpaqlarımızın azad edilməsidir. Soydaşlarımızın doğma yurdlarına qayıtması üçün vəhşi düşmənin talan etdiyi şəhər, qəsəbə və kəndlərimizdə hazırda sürətli quruculuq, bərpa işləri aparılır. Əsas odur ki, ölkəmizdə əmin-amanlıqdır. Biz də həmişə olduğundan daha artıq ölkə rəhbəri ətrafında sıx birləşməli, ölkəmizdə bərqərar olan sabitliyi qorumaq, bu günkü inkişafa töhfəmizi verməkdən ötrü bütün qüvvələrimizi səfərbər etməliyik.