Kolatan kəndində səyyar qəbul
Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev Kakalos kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Kolatan kəndində səyyar qəbul və görüş keçirtmişdir. Görüşdə rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak etmişlər.
İcra başçısı dəfələrlə burada səyyar qəbullar keçirtdiyini, sakinlərin qaldırdığı problemlərin həlli istiqamətində operativ tədbirlərin görüldüyünü bildirmişdir. Kolatan-Kakalos avtomobil yolunın asfaltlaşdırıldığını, qazlaşdırma aparıldığını, elektrik təsərrüfatında təmir işlərinin görüldüyünü, suötürücü kanalların lildən təmizləndiyini diqqətə çatdıraraq, bu tədbirlərin davamlı olacağını bildirmişdir. Hazırda nümayəndəliyə daxil olan yaşayış məntəqələrində elektrik xətt təsərrüfatının tamamilə yeniləndiyini, bununla da əhalinin daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacağını görüş iştirakçılarının nəzərinə çatdırmışdır.
İndi əsas məsələ bu kənddən keçən Şahağac-Pensər və Qamışoba-Pensər yollarının asfaltlaşdırılmasıdır ki, bununla əlaqədar aidiyyəti üzrə müraciət olunmuş, yaxın gələcəkdə həllini tapacağı gözlənilir.
Ərazidə turizm sahəsi yüksək səviyyədə inkişaf etməkdədir. Qamışoba kəndində istirahət mərkəzləri salınmış, otellər, iaşə obyektləri inşa edilmiş və yeniləri tikilməkdədir. Rayonumuzda turizmin inkişafı ən prioritet məsələ kimi daim diqqətimizdədir. Biz bu sektora sərmayə yatırmaq marağında olan iş adamlarını rayonumuza dəvət edirik və onlar üçün hər cür şərait yaratmaqla dəstək göstərməyə hazırıq. Bu eyni zamanda digər sahələrin inkişafına da təkan verəcəkdir. Qamışobadan dəniz sahili boyu Astara şəhərinədək böyük layihələr həyata keçiriləcək. Bu da əhalinin dolanışığına, həyat şəraitinin yaxşılaşmasına öz müsbət təsirini göstərəcək.
Rayonumuzun digər yaşayış məntəqələrində də abadlıq-quruculuq işləri öz axarı ilə davam edir. Hazırda icra edilən ən böyük layihə möhtərəm Prezidentin imzaladığı Sərəncama əsasən ayrılan vəsait hesabına rayonun əsas nəqliyyat damarı olan 26 kilometrlik Çayoba-Astara avtomobil yolunun əsaslı təmiridir. Bundan başqa yolu olmayan Dürriyə və Şümrüd kəndlərinə 5 kilometrlik məsafədə yeni avtomobil yolu çəkilir. Eyni zamanda Dolu kəndindən Reqlobaya qədər avtomobil yolu çəkiləcəkdir ki, bu da Pəlikəş nümayəndəliyi ilə Hamoşam nümayəndəliyini birləşdirməklə yeni dairəvi yolun yaranmasına səbəb olacaqdır. Bununla da rayonumuzun gözəl təbiətini seyr etmək üçün zəngin bir turizm marşrutu alınacaq.
Bütün bunlar Ulu Öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə gedən inkişafın, yaradılmış sabitliyin nəticəsidir. Görülən bütün işlərin arxasında cənab Prezidentin imzası var. Azərbaycan bu gün heç vaxt olmadığı qədər güclüdür. Bunu təkcə biz demirik. Dünyada analitiklərin apardığı təhlillərdə dediklərimiz öz təsdiqini tapır.
Görüş iştirakçıları ölkədə, o cümlədən, rayonda və kəndlərində görülən abadlıq-quruculuq işlərinə görə ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmiş, onları narahat edən problemlərin həllinə həssaslıqla yanaşdığına görə icra başçısından razılıq etmişlər.
Sakinlər kənddə yeni internet şəbəkəsinin yaradılmasına, əkin sahələrinə gedən suvarma kanallarının qazılmasına, məhəlləyə və fərdi yaşayış evinə qaz xəttinin çəkilməsinə köməklik göstərilməsini xahiş etmişlər.
İcra başçısı söylənən təkliflərə münasibət bildirərək icrası ilə əlaqədar aidiyyəti üzrə tapşırıqlar vermişdir.
Qəbuldan sonra icra başçısı Şiyəkəran kəndində Təngərüdçay (Pensərçay) üzərində yeni inşa edilən avtomobil körpüsünə baxış keçirmiş, işlərin gedişi ilə maraqlanmış, tapşırıq və tövsiyələrini vermişdir.