Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 8-13-94

Kolatan kəndində səyyar qəbul

20 noyabr 2025 | 17:41

Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev Kakalos kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Kolatan kəndində növbəti dəfə əhali ilə görüşmüşdür

İcra başçısı nümayəndəliyin hər bir kəndində ildə ən azı bir dəfə  səyyar qəbullar keçirtdiyini, sakinlərin qaldırdığı problemlərin həlli istiqamətində tədbirlərin görüldüyünü bildirmişdir. Kolatan-Kakalos avtomobil yolunın asfaltlaşdırıldığını, qazlaşdırma aparıldığını, elektrik xətt təsərrüfatının yeniləndiyini, sürətli internet şəbəkəsinin çəkildiyini diqqətə çatdıraraq, bundan sonra da sosial problemlərin həlli istiqamətində  tədbirlərin davamlı olacağını bildirmişdir.  

Qeyd etmişdir ki, rayonumuzda turizmin inkişafı ən prioritet məsələ kimi daim diqqətimizdədir. Nümayəndəliyin ərazisində də turizmin inkişafı üçün çox geniş imkanlar vardır. Qamışoba kəndində istirahət mərkəzləri salınmaqla bu istiqamətdə artıq müəyyən işlər görülüb. Gələcəkdə bu işləri davam etdirərək dəniz sahili boyu Astara şəhərinədək böyük layihələrin həyata keçirilməsi nəzərdə tutulub. Bu eyni zamanda digər sahələrin inkişafına və əhalinin dolanışığına, həyat şəraitinin yaxşılaşmasına öz müsbət təsirini göstərəcək.

İcra başçısı hazırda ölkədə gedən mühüm yeniliklər, xüsusən, işğaldan azad edilən Qarabağda və Şərqi Zəngəzurda aparılan tikinti-quruculuq işləri, həyata keçirilən qlobal layihələr barədə görüş iştirakçılarına məlumat vermişdir.

Bütün bunların Ulu Öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə gedən inkişafın, yaradılmış sabitliyin nəticəsi olduğunu qeyd edən icra başçısı Azərbaycanımızın heç vaxt bugünkü qədər güclü olmadığını iştirakçıların diqqətinə çatdırmışdır. Bu sabitliyi qorumaq, daha yüksək hədəflərə çatmaq üçün hər bir vətəndaşın öhdəsinə düşən vəzifələri yerinə yetirməsinin vacibliyini bir daha xatırlatmışdır.   

Görüş iştirakçıları Respublikada və rayonda aparılan quruculuq-abadlıq işlərindən razılıqla danışaraq, rahat yaşayışlarının təmin edilməsindən ötrü həyata keçirilən tədbirlərə görə ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildirmiş, onları narahat edən problemlərin həllinə həssaslıqla yanaşdığına görə icra başçısından razılıq etmişlər.

Sakinlər kənd ara yollarının təmiri üçün qreyder verilməsinə, suötürücü kanalların lildən təmizlənməsinə, məhəllədə qəzalı vəziyyətdə olan elektrik dirəklərinin və naqillərinin dəyişdirilməsinə, məhəlləyə qaz xəttinin çəkilməsinə və kənd klubunun dam örtüyünün dəyişdirilməsinə köməklik göstərilməsini xahiş etmişlər.

İcra başçısı söylənən təkliflərə münasibət bildirərək icrası ilə əlaqədar aidiyyəti üzrə tapşırıqlar vermişdir.

 

Keçidlər