Lomin kəndində səyyar qəbul və görüş
Rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayevin Pəlikəş kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Lomin kəndində əhali ilə səyyar qəbul və görüşü olmuşdur. Görüşdə rayonun idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak etmişlər.
İcra başçısı kənd sakinlərini salamlayaraq Lomin kəndinin rayondan xeyli uzaq məsafədə, dağlıq ərazidə yerləşməsinə baxmayaraq bu istiqamətdə asfalt yolun çəkilişindən sonra nə qədər rahatlıq yarandığını bildirmişdir. Qeyd etmişdir ki, əvvəllər yalnız yay mövsümündə bu kəndlərə gediş-gəliş var idisə, indi bütün fəsillərdə ən müasir avtomobillərlə dağ kəndlərinə rahatlıqla gəlmək olur. Böyük inkişaf var. Yol boyu yeni evlər tikilmiş, iaşə obyektləri, istirahət yerləri açılmışdır. Bunun nəticəsidir ki, rayona gələn turistlərin böyük əksəriyyəti gözəl təbiət mənzərələrini seyr etmək üçün buralara üz tuturlar. Bu da yerli əhalinin güzəranına müsbət təsirini göstərir.
Kənd sakinləri çıxış edərək onlar üçün yaradılan şəraitə, yaşayışlarının yaxşılaşdırılması sahəsində görülən işlərə görə möhtərəm Prezidentimiz İlham Əliyevə dərin təşəkkür və minnətdarlıqlarını bildirmişlər. Kənddə olan elektrik dirək və naqillərinin yenilənməsi, internetin verilməsi, Deqadi-Pəlikəş avtomobil yolu və kənd ara yolunun təmiri barədə təkliflər vermişlər.
İcra başçısı səmimi görüşə görə sakinlərə təşəkkür edərək qaldırılan məsələlərin həlli ilə əlaqədar aidiyyəti üzrə tapşırıqlar vermiş, bəzilərinin həlli istiqamətində tədbirlər müəyyənləşdiriləcəyini diqqətə çatdırmışdır.
Qeyd etmişdir ki, Ulu Öndər Heydər Əliyevin siyasətini müvəffəqiyyətlə davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevin apardığı məqsədyönlü siyasəti nəticəsində hazırda Respublikada və rayonumuzda böyük layihələr həyata keçirilir. Bunu rayonumuzun ən ucqar ərazilərindən biri olan yaşadığınız Pəlikəş inzibati ərazi nümayəndəliyinin kəndləri timsalında görə bilərik. Çətin relyefdə yerləşən bu dağ kəndlərinin yolları bərbad olduğu üçün əhali bundan böyük əziyyət çəkirdi. Mövcud olduğu illərdə normal yolu və işığı olmayan Dolu, Şəvqo, Diqo, Sibiyyət, Avyarud kəndlərinə ölkə Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə ayrılmış vəsaitlər hesabına həm elektrik xətti, həm də yüksək səviyyəli avtomobil yolu çəkilmişdir. Ərazidə bir neçə müasir tipli yeni məktəb binaları, xəstəxana tikilib istifadəyə verilmişdir. Bunlardan biri də toplaşdığımız Lomin kənd ibtidai məktəbidir. Hazırada Diqo kəndində inşa edilən modul tipli məktəb binasının və torpaq sürüşməsi nəticəsində evləri qəzalı vəziyyətə düşmüş Şümrüd kəndinin sakinləri üçün inşa edilən 18 fərdi yaşayış evinin tikintisi başa çatmaq üzrədir. Evlərin inşa edildiyi əraziyə Pəlikəş kəndindən yeni yol çəkilmişdir. Bundan başqa Şümrüd kənd tam orta məktəbinin tikintisinə də yaxın vaxtlarda başlanacaqdır. Gələcəkdə nümayəndəliyin ərazisində yeni turizm layihələri həyata keçiriləcəkdir. Sım kəndinə gedən avtmobil yolunun təmir edilərək genişləndirilməsinə çalışırıq. Bu görülən işlər əhalinin güzəranının yaxşılaşdırılmasına, rahatlığının təmin edilməsinə xidmət edir. Ona görə də tikilib-qurulanları qorumaq lazımdır.
Ölkəmizdə əmin-amanlıqdır. Baxmayaraq ki, uzun illər işğalda olan torpaqlarımızı erməni quldurlarından azad edəndən sonra bir sıra xain qüvvələr ölkəmizdə qarışıqlıq salmaq, xalqı çaşdırmaq üçün dəridən-qabıqdan çıxırlar. Ancaq qalib xalqımızın birliyi sayəsində onlar heç nəyə nail ola bilməyəcəklər. Müdrik xalqımız Qalib Prezidentin ətrafında birləşərək müstəqil dövlətimizin inkişafı, Azərbaycanın əbədi var olması üçün əllərindən gələni edəcəklər.