Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Lomin kəndində səyyar qəbul

29 may 2024 | 17:05

 

Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayevin Pəlikəş kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Lomin kəndində əhali ilə səyyar qəbul və görüşü olmuşdur. Görüşdə rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak etmişlər.

İcra başçısı nümayəndəliyin bu və digər kəndlərində dəfələrlə səyyar qəbullar keçirtdiyini, sakinlər tərəfindən qaldırılan problemlərin böyük əksəriyyətinin həllini tapdığını bildirmişdir. Qeyd etmişdir ki, əvvəllər yalnız yay mövsümündə bu kəndlərə gediş-gəliş var idisə, yollar asfaltlaşdırılandan sonra il boyu ən müasir avtomobillərlə dağ kəndlərinə rahatlıqla gəlmək olur. Ümumiyyətlə, son illər ölkə Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı ilə rayonda, o cümlədən, Pəlikəş kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə daxil olan yaşayış məntəqələrində çoxlu işlər görülmüşdür.

Rayonun dağ kəndlərinin inkişafı cənab Prezident İlham Əliyevin Deqadi-Pəlikəş avtomobil yolunun asfaltlaşdırılması ilə əlaqədar imzaladığı Sərəncamla başlamışdır. Bundan sonra bütün yol infrastrukturu yenilənmiş, ümumiyyətlə, yolu və işığı olmayan Dolu, Şəvqo, Diqo, Sibiyyət, Avyarud kəndlərinə həm elektrik xətti, həm də yüksək səviyyəli avtomobil yolları çəkilmişdir. Ərazidə bir neçə müasir tipli yeni məktəb binaları, xəstəxana binası tikilib istifadəyə verilmişdir. Bu gün hər birimiz üçün çox əhəmiyyətli olan daha bir sosial layihə icra edilir. Ölkə Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə ayrılmış vəsait hesabına Dürriyə və Şümrüd kəndlərinə yeni avtomobil yolu çəkilir. Bununla paralel Dolu kəndindən Reqloba kəndinə və Diqoli yaşayış massivinə avtomobil yolunun çəkilişi aparılır. Burada yol üzərində sərt qayalar, daşların olması işin gedişini ləngitsə də, tədricən məqsədimizə nail olacağıq.

Yolların istifadəsindən sonra sıx dağ meşələrinin dərinliyində yerli sakinlərin belə indiyə qədər tanımadığı, görmədiyi neçə-neçə təbiət abidələri aşkarlanıb. İndi buralarda ilin bütün fəsillərində ölkəmizdən və xarici ölkələrdən bu ecazkar gözəllikləri seyr etməyə gələn turistlərə və qonaqlara rast gəlinir. Dağ çayları üzərində olan Sım, Diqo, Bolsu və digər şəlalələr və sərin bulaqlar isə turistlərin ən çox üz tutduğu yerlərdir.

Hazırda əhalini fasiləsiz, keyfiyyətli elektrik  enerjisi ilə təmin etmək məqsədilə Deqadi kəndindən Sım kəndinə qədər yüksək gərginlikli 10 kilovoltluq hava xətti tamamilə yenilənir. Həmçinin Heydər Əliyev Fondunun hesabına Şümrüd kənd tam orta məktəbinin tikintisi üçün hazırlıq işlərinə başlanmışdır. Elə bu kənddə, yaxınlıqda müasir tipli istirahət mərkəzi tikilir. Bütün bunlar iqtisadi gücü ilə hər an öyünə biləcəyimiz müstəqil dövlətimizin sürətli inkişafının və ölkədə hökm sürən sabitliyin, əmin-amanlığın nəticəsidir.  

Kənd sakinləri çıxış edərək aparılan abadlıq-quruculuq işləri, onlar üçün yaradılan şəraitə, yaşayışlarının yaxşılaşdırılması sahəsində görülən işlərə görə möhtərəm Prezidentimiz İlham Əliyevə dərin təşəkkür və minnətdarlıqlarını bildirmişlər. Aparılan abadlıq-quruculuq işlərinə şəxsən nəzarət edən, problemlərlə maraqlanıb tövsiyə və tapşırıqlarını verən icra başçısına  təşəkkür edərək Lomin kəndinin elektrik xətt təsərrüfatının yenilənməsinə və xətlərə yaxın ağacların budanmasına, avtomobil körpülərinin kənarlarına baryerlərin qoyulmasına, odun yanacağı ilə təmin olunmalarına, kəndə qaz xəttinin və internet şəbəkəsinin çəkilməsinə köməklik göstərilməsini xahiş etmişlər.

İcra başçısı səmimi görüşə görə sakinlərə təşəkkür edərək qaldırılan məsələlərin həlli ilə əlaqədar aidiyyəti üzrə tapşırıqlar vermiş, bəzilərinin həlli istiqamətində tədbirlər müəyyənləşdiriləcəyini diqqətə çatdırmışdır.

Keçidlər