Marzəsə kəndində səyyar qəbul və görüş
Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayevin Siyaku kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin dağ kəndlərindən olan Marzəsə kəndinin əhalisi ilə keçirdiyi səyyar qəbul və görüşdə idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak etmişlər.
Görüş iştirakçılarını salamlayan icra başçısı nümayəndəliyin bir neçə kənddən ibarət olduğunu, hər birində vaxtaşırı görüşlər keçirdiyini bildirmiş, qaldırılan problemlərin həlli istiqamətində tədbirlərin görüldüyünü diqqətə çatdırmışdır. Qeyd etmişdir ki, son illər Marzəsə kəndində yeni məktəb binası tikilmiş, elektrik xətt təsərrüfatında təmir işləri aparılmış, kənd yolu icmanın köməkliyi ilə təmir edilmişdir. Yeni təsərrüfatlar hesabına ilbəil genişlənərək böyüyən kəndin relyefi dağlıq olduğundan müəyyən problemləri də var. Həmin problemləri öyrənmək və həllinə köməklik etmək məqsədi ilə növbəti dəfə sizinlə görüşə gəlmişik.
Kənd sakinləri çıxış edərək son illər respublikamız və rayonumuzda quruculuq-abadlıq sahəsində qazanılan uğurlar barədə fikirlərini bildirmiş, göstərilən qayğı və diqqətə görə möhtərəm Prezidentimiz İlham Əliyevə dərin təşəkkür və minnətdarlıqlarını ifadə etmişlər. İcra başçısına kənd sakinləri ilə görüşə gəldiyinə, qaldırılan məsələlərin həllinə həssaslıqla yanaşdığına görə razılıqlarını bildirmişlər.
Sakinlər görülən işlərlə yanaşı kənd yolunun asfaltlaşdırılması, təbii qaz xəttinin çəkilməsi, kənddəki çay üzərində piyada körpüsünün qoyulması, Marzəsə kənd ümumi orta məktəb binasının təmiri barədə təkliflər də vermişlər.
İcra başçısı səmimi və işgüzar görüşdən məmnunluğunu bildirmiş, qaldırılan müəyyən məsələlərin həlli ilə əlaqədar aidiyyəti üzrə tapşırıqlar vermiş, digərlərinin həlli istiqamətində tədbirlər müəyyənləşdiriləcəyini diqqətə çatdırmışdır. Bildirmişdir ki, qaldırılan məsələlərdən həlli daha vacib olanı kəndə təbii qaz xəttinin çəkilməsidir. Hazırda rayonun Deqadi, Səlivə, Burzubənd kəndlərində qaz xətti çəkilişi aparılır. Marzəsə kəndi də daxil olmaqla nümayəndəliyin bir neçə kəndinin qazlaşdırılması Dövlət Proqramına salınmış, layihələndirilmişdir. Yaxın zamanlarda çəkilişinə başlanacaqdır.
Kənd mürəkkəb dağlıq ərazidə yerləşdiyindən təmir olunan yollar da tez sıradan çıxır. Bir neçə il əvvəl nümayəndəlik, bələdiyyə, kənd icmasının birgə fəaliyyəti ilə kəndin yolu əsaslı təmir olunsa da, hazırda yenidən təmirə ehtiyac vardır. Gələcəkdə yolun asfaltlaşdırılması nəzərdə tutulmuşdur.
Son illər ölkəmizin hər yerində olduğu kimi rayonumuzda da xeyli abadlıq və quruculuq işlərinin aparıldığını qeyd edən icra başçısı bu istiqamətdə işlərin davam etdiyini bildirmişdir. Qeyd etmişdir ki, ölkəmizin uzun illər erməni işğalında olan torpaqlarının Müzəffər Ali Baş Komandanın rəhbərliyi və qəhrəman oğullarımızın fədakarlığı ilə 44 günə quldur erməni terrorçularından təmizlənməsi, həmçinin, ölkəmizin beynəlxalq miqyasda qazandığı nüfuz və gündən-günə artan iqtisadi gücü, inkişafımızı istəməyən qüvvələri qıcıqlandırır. Bunu fars molla rejimi ilə ermənilərin işbirliyi, dövlətimizə qarşı müxtəlif terrorlar və təxribatlar hazırlamalarından görürük. Onlar ölkəmizin inkişafını ləngitmək, qarışıqlıq salmaq, əmin-amanlığı pozmaq üçün hər cür iyrənc vasitələrə əl atırlar. Biz sayıqlığımızı artırmaqla düşmən qüvvələrin ifşasından ötrü əlimizdən gələni etməliyik. Sərhəddə yaşadığımız üçün üzərimizə böyük məsuliyyət düşür. Xalqımız dövlətini, Vətənini sevən xalqdır. Gənclərimizin vətənpərvərliyini Vətən müharibəsində bir daha gördük. Öz qorxmazlığı, cəsarəti ilə düşməni qısa müddətə məğlub edərək torpaqlarımızı qanı-canı bahasına işğaldan azad etdilər. Hazırda düşmənin vəhşicəsinə dağıtdığı, talan etdiyi şəhər, qəsəbə və kəndlərimizin tamamilə yenidən bərpası işləri aparılır. Xalqımız müharibədə olduğu kimi, quruculuq işlərində də birlikdə fəaliyyət göstərir. Bu birliyi, əmin-amanlığı hər zaman qorumalı, cənab Prezidentimizə gördüyü böyük işlərdə ən yüksək səviyyədə dəstəyimizi göstərməliyik.