Maşxan kəndində səyyar qəbul və görüş
Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev Maşxan kəndində əhali ilə növbəti səyyar qəbul-görüş keçirmişdir. Görüşdə rayonun idarə və müəssisələrinin rəhbərləri iştirak etmişlər.
Əhali ilə yerlərdə keçirdiyimiz görüşlərin ənənə hal aldığını qeyd edən icra başçısı bildirmişdir ki, rayonun digər yaşayış məntəqələrində olduğu kimi Maşxan kəndində də dəfələrlə görüşlər keçirmişik. Bu görüşlər yerlərdə olan problemləri öyrənmək, həllinə köməklik göstərmək və ümumi işimizi irəli aparmaq üçündür. Ölkə başçısı cənab İlham Əliyevin Sərəncamları ilə ayrılan vəsaitlər hesabına bu problemlərin əksəriyyəti artıq həllini tapmış, ərazidə xeyli iş görülmüşdür. Nümayəndəliyin ərazisindən keçən Çayoba-Astara magistral avtomobil yolu yenidən qurulmuş, Təngərüd-Tüləküvan-Burzubənd avtomobil yolu və bir neçə məhəllə yolu əsaslı təmir olunaraq asfaltlaşdırılmış, elektrik xətt təsərrüfatında təmir işləri aparılmış, suötürücü kanallar qazılaraq lil və palçıqdan təmizlənmiş, sürətli internet şəbəkəsi yaradılmışdır. Ən çox narahat edən məsələlərdən biri Maşxan kənd tam orta məktəbinin təmir olunması idi ki, o da həllini tapmışdır. Məktəb binasının əsaslı təmiri artıq yekunlaşmaq üzrədir, qisa müddətdə istifadəyə veriləcəkdir.
Kənd təsərrüfatının inkişafından ötrü təsdiq edilmiş Dövlət Proqramları və dövlət dəstəyinin artırılması, yeni salınan bağlara yüksək məbləğdə subsidiyaların verilməsi bu sahələrə marağı daha da artırmışdır. Rayonumuzda, eləcə də bu ərazidə son illər xeyli müasir sitrus və subtropik meyvə bağları salınmışdır. Çalışmalıyıq ki, daha çox torpağı əkin dövriyyəsinə qaytaraq. Bu həm məhsul bolluğuna, həm də maddi vəziyyətinizin daha da yaxşılaşmasına səbəb olacaqdır.
Ümummilli Lider Heydər Əliyevin siyasətini uğurla davam etdirən cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz bütün sahələrdə sürətlə inkişaf edir, Azərbaycanın beynəlxalq səviyyədə mövqeləri daha da möhkəmlənir.
Müstəqil, suveren dövlətimizin yalnız öz gücü ilə işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda yüksək səviyyədə həyata keçirilən meqa layihələrlə mənfur düşmənin dağıdaraq talan etdiyi infrastrukturlar yenidən qurulur. Soydaşlarımızın doğma torpaqlarına qayıdaraq firavan yaşaması təmin edilir.
Azərbaycanımızın inkişafı, tərəqqisi, gündən-günə daha da güclü olması üçün möhtərəm Prezidentimizin ətrafında həmişə olduğundan çox sıx birləşməliyik.
Sakinlər çıxışlarında ölkədəki inkişafa, əmin-amanlığa və əhalinin rifah halının yaxşılaşdırılmasından ötrü həyata keçirdiyi tədbirlərə görə cənab Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildirmişlər. Onlar Kijəbə-Maşxan avtomobil yoluna birləşən məhəllə yolunda su borusu qoyularaq yolun genişləndirilməsinə, Çayoba-Astara avtomobil yolunun Maşxan-Kijəbə yoluna birləşməsində müəyyən hissənin, həmçinin məhəllə yolunun və üç şəhid ailəsinin evinə gedən yolların asfalt olunmasına, qəzalı vəziyyətə düşmüş yüksək gərginlikli elektrik dirəyinin dəyişdirilməsinə köməklik göstərilməsini xahiş etmişlər.
Görüşdə iştirak edənlərin arzu və təklifləri dinlənilmiş, məsələlərin həlli ilə əlaqədar aidiyyəti üzrə tapşırıqlar verilmişdir.







