Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Maşxan kəndində səyyar qəbul və görüş

14 yanvar 2025 | 17:21

Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayevin Təngərüd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Maşxan kəndində keçirtdiyi səyyar qəbul və görüşdə rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak etmişlər.

İcra başçısı vaxtaşırı əhali ilə keçirilən səyyar qəbullarda vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli istiqamətində mümkün tədbirlərin görüldüyünü bildirmişdir. Böyük bir hissəsi nümayəndəliyin ərazisinə düşən Çayoba-Astara magistral avtomobil yolunun və kənddaxili məhəllə yolunun əsaslı təmir olunaraq asfaltlaşdırıldığını, elektrik xətt təsərrüfatında təmir işlərinin aparıldığını, suötürücü kanalların lildən təmizləndiyini, yeni internet şəbəkəsinin çəkildiyini diqqətə çatdırmışdır. Maşxan kənd tam orta məktəbinin əsaslı təmirə salındığını, il ərzində işə başlanılacağını  bildirərək bütün bu görülən işləri keçirilən səyyar qəbulların səmərəli nəticəsi kimi dəyərləndirmişdir.  

İcra başçısı, ümumilikdə, respublikada həyata keçirilən mühüm qlobal layihələr və rayonda aparılan tikinti-quruculuq, abadlıq işlərindən söz açmışdır. Qeyd etmişdir ki, son illər rayonumuzda bütün yaşayış məntəqələrinin yolları asfaltlaşdırılmış, yolu olmayan bir neçə ucqar dağ kəndlərinə avtomobil yolları çəkilmiş, qazlaşdırma aparılmış, sosial obyektlər tikilmişdir. Bütün bu işlərin Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı möhtərəm Prezident İlham Əliyevin müdrik rəhbərliyi və uzaqgörən siyasətinin nəticəsi olduğunu diqqətə çatdırmışdır. Qeyd etmişdir ki, cənab Prezidentin Çayoba-Astara avtomobil yolunun əsaslı təmirinə vəsait ayırması barədə imzaladığı Sərəncam rayonumuzun yol infrastrukturunun yaxşılaşdırılmasına böyük töhfə oldu. Vətəndaşlarımızın demək olar ki, hamısının mütəmadi istifadə etdiyi bu yolun bərbad olması bizi çox narahat edirdi. Bu yüksək diqqət və qayğıya görə cənab Prezidentə minnətdarlığımızı bildiririk.

İcra başçısı qeyd etmişdir ki, 2024-cü il dövlətimiz və xalqımız üçün  uğurlu illərdən biri olmuşdur. Ötən ilin ən əlamətdar hadisəsi bütün dünyanın diqqətində olan COP29 beynəlxalq tədbirinin ölkəmizdə yüksək səviyyədə keçirilməsi oldu. Dünya ölkələrindən iştirak edən 80 minə qədər nümayəndənin müşayiəti ilə keçirilən bu mötəbər tədbirdə iqlim dəyişiklikləri ilə əlaqədar mühüm qərarlar qəbul edildi. Bununla da mütərəqqi siyasəti ilə seçilən Azərbaycanın bugünkü inkişafını həzm edə bilməyən bəzi üzdəniraq siyasətçilərin tədbiri baykot etmək çağırışları iflasa uğradı. Bu cənab Prezidentin rəhbərliyi ilə Azərbaycanın beynəlxalq aləmdə növbəti siyasi uğuru idi.

İcra başçısı işğaldan azad edilən Qarabağ və Şərqi Zəngəzurda vəhşi düşmənin talan etdiyi şəhər və kəndlərimizin bərpasının uğurla davam etdiyini, burada bütün infrastrukturun ən yüksək səviyyədə qurulduğunu, vətəndaşlarımızın doğma yurdlarına qayıdarAq yaşaması üçün ideal şəraitin yaradıldığını diqqətə çatdırmışdır. Bildirmişdir ki, indi xalqımız sevincli, qürurlu və başıucadır. Azərbaycanın hərtərəfli inkişafı, günü-gündən artan gücü və nüfuzu bizi qürurlandırır. Biz də möhtərəm Prezidentimizin ətrafında dəmir yumruq kimi daha da sıx birləşməli və ən yüksək səviyyədə dəstəyimizi göstərməliyik.

Kənd sakinləri çıxışlarında respublikadakı əmin-amanlığa, əhalinin rifah halının yaxşılaşdırılmasından ötrü göstərdiyi diqqət və qayğıya görə möhtərəm Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər. Rayon rəhbərliyinə səmimi görüşə və  qaldırılan məsələlərə həssaslıqla yanaşdığına görə təşəkkür etmişlər.

Sakinlər Maşxan-Kələdəhnə avtomobil yolunun yenidən bərpa edilməsinə, kənd məscidinə gedən yolun asfaltlaşdırılmasına, suötürücü kanalların təmizlənməsinə, Çayoba-Astara yolunun Maşxan kəndindən keçən hissəsində sürət radarının qoyulmasına köməklik göstərilməsini xahiş etmişlər.

İcra başçısı vətəndaşlar tərəfindən qaldırılan məsələlərə münasibət bildirmiş, həlli barədə aidiyyəti üzrə tapşırıqlar vermişdir.

Keçidlər