Məsçitməhəllə kəndində səyyar qəbul və görüş
Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev 2026-cı ildə əhali ilə ilk səyyar qəbul-görüşü Suparibağ kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Məsçitməhəllə kəndində keçirmişdir. Görüşdə rayonun idarə və müəssisələrinin rəhbərləri iştirak etmişlər.
İcra başçısı qeyd etmişdir ki, yerlərdə keçirilən səyyar qəbul və görüşlər ənənəvi hal almışdır. Suparibağ nümayəndəliyinin kəndlərində də ötən il ərzində görüşlərimiz olmuşdur. Ərazidə olan problemlər bizə bəlli olsa da, bir də yerlərdə sakinlərin dilindən eşitməklə tədbirlərin görülməsində səyyar qəbulların böyük əhəmiyyəti var. Son illər nümayəndəliyin ərazisində xeyli iş görülmüşdür. Bunlardan ən əsası Astaraçayda sahilbərkitmə və məcratəmizləmə işlərinin aparılmasıdır. Mövsümi yağışlarda çayda suyun səviyyəsi qalxır, sel-suları həyətlərə, evlərə böyük ziyan vurur, sakinlər çətinliklə üzləşirdi. Bunların qarşısı xeyli alınsa da, sahilbərkitmə işləri bu il də davam edəcəkdir. Ötən ay avtomobil yoluna müəyyən məsafədə asfalt döşənmiş, Ərçivan-Şuvi-Alaşa-Qapıçıməhəllə dairəvi avtomobil yolunda təmir işləri görülmüşdür. Elektrik xətt təsərrüfatında müəyyən yeniləmələr aparılmışdır. Yeni məktəb binaları tikilmiş, ötən il sakinlərin müraciətinə əsasən Suparibağ kənd tam orta məktəbinin dam örtüyü dəyişdirilmiş, idman zalında təmir işləri aparılmışdır. Əvvəllər kənddə internet xətti olmadığı halda hazırda üç provayderlə nümayəndəliyin bütün kəndlərinə internet verilişi təmin olunmuşdur.
Ələt-Astara-İran İslam Respublikası magistral avtomobil yolunun bu kəndin ərazisindən keçməsi kəndin gələcək inkişafı üçün böyük üstünlüklər yaradır. Burada yaradılacaq logistika mərkəzi ərazinin inkişafına və ilk növbədə bu kəndin hər bir sakininin işlə təmin olunmasına əlverişli imkanlar yaradacaq. Bunların hamısı cənab Prezidentin rəhbərliyi ilə regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramları çərçivəsində görülən işlərdir.
Böyük inkişaf yolunda olan ölkəmiz ildən-ilə daha da güclənir. Dövlətimiz öz gücünü, xalqımız birliyini 44 günlük Vətən müharibəsi savaşında torpaqlarını işğaldan azad etməklə bir daha dünyaya nümayiş etdirdi. Hazırda Qarabağ və Şərqi Zəngəzurda sürətli quruculuq-bərpa işləri aparılır. Mənfur düşmənin vəhşicəsinə dağıdaraq taladığı şəhər və kəndlərimiz sürətlə bərpa olunur. Bütün bu işlərin görülməsi üçün milyardlarla vəsait tələb olunsa da, iqtisadi cəhətdən güclü olan dövlətimiz bunları öz maliyyə gücü hesabına həyata keçirir.
Sabitlik, əmin-amanlıq şəraitində yaşayan xalqımız bütün bunlara görə Ulu Öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən cənab Prezidentimiz İlham Əliyevə hədsiz minnətdarlıqlarını bildirir.
Məsçitməhəllə kəndi birbaşa sərhəddə yerləşdiyinə görə siz həmişə ayıq-sayıq olmalı, təxribatların qarşısının alınması üçün bütün imkan və vasitələrdən istifadə etməlisiniz.
Biz Azərbaycanımızın daha güclü olması üçün həmişə olduğundan daha çox ölkə rəhbərinə dəstək olmalı, ətrafında sıx birləşməli, birlik nümayiş etdirərək müstəqil dövlətimizin tərəqqisi və inkişafına töhfələrimizi verməliyik.
Kənd sakinləri çıxış edərək son illər rayonumuzda və nümayəndəliyin ərazisində aparılan abadlıq-quruculuq işlərindən razılıqlarını bildirmiş, bu diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə etmişlər. Sakinlər Suparibağ kənd tam orta məktəbinin qazanxanasına gedən elektrik xəttinin təmirinə, kəndin elektrik xətt təsərrüfatının SİP kabelləşməsinə, kənd ara yollarının təmirinə köməklik göstərilməsini xahiş etmişlər.
Səyyar qəbulda iştirak edənlərin arzu və təklifləri dinlənilmiş, məsələlərin həlli ilə əlaqədar təşkilatların rəhbərlərinə tapşırıqlar verilmişdir.







