Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Miki kəndində səyyar qəbul

01 avqust 2023 | 17:19

Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayevin Siyaku kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Miki kəndində əhali ilə keçirtdiyi görüşdə rayonun hüquq mühafizə orqanlarının, idarə və müəssisələrinin rəhbərləri iştirak etmişlər. 

İcra başçısı görüş iştirakçılarını salamlayaraq qeyd etmişdir ki, Miki kəndində keçirtdiyimiz görüşlər həmişə səmimi və səmərəli olub. Qaldırılan problemlərin, verilən təkliflərin əksəriyyəti həllini tapmışdır. Kəndin ən böyük problemi Taxtanakəran-Miki yolunun bərbad olması idi. Ölkə Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə ayrılan vəsait hesabına bu yol asfaltlaşdırılandan sonra əhalinin güzəranı xeyli yaxşılaşmış, rayonun mərkəzi və qonşu kəndlərlə  gediş-gəliş asanlaşmış, rahatlıq təmin edilmişdir. İkinci böyük problem qaz məsələsidir. Məlumat üçün deyim ki, Miki kəndinin qazlaşdırılması layihələndirilmişdir. Yaxın gələcəkdə bu məsələ həllini tapacaqdır. Dağlıq ərazidən ibarət olan kəndin digər problemləri də tədricən həll olunacaqdır.

Sakinlər çıxış edərək ölkə Prezidentinin apardığı məqsədyönlü siyasət  nəticəsində müstəqil dövlətimizin beynəlxalq aləmdə qazandığı uğurlardan, eyni zamanda yüksək iqtisadi inkişaf nəticəsində əhalinin yaşayış səviyyəsinin yaxşılaşdırılması istiqamətdə həyata keçirilən tədbirlərdən danışaraq bu qayğı və diqqətə görə möhtərəm Prezidentə dərin minnətdarlıqlarını ifadə etmişlər. İldə bir dəfədən az olmayaraq yaşadıqları kənddə səyyar qəbul keçirən, sakinlərin problemlərinin həllinə köməklik göstərən icra başçısından razılıq edən sakinlər, Miki kəndinə qaz xəttinin çəkilməsinə, kənddə internet şəbəkəsinin yaradılmasına, elektrik xətlərinin yenilənməsi və qəzalı vəziyyətdə olan dirəklərin dəyişdirilməsinə, şagird kontingentinin azlığından ümumi orta məktəbə keçirilən Miki kənd məktəbinin tam orta mətkəb kimi bərpa olunmasına, kənddən bal sərgisinə göndəriləcək nümayəndə sayının çoxaldılmasına köməklik göstərilməsi barədə arzu və təkliflərini bildirmişlər.  

İcra başçısı sakinlərin müraciətləri ilə bağlı aidiyyəti üzrə müvafiq tapşırıqlar vermiş, müsbət həlli istiqamətində operativ tədbirlərin görülməsini tapşırmışdır. Həlli vaxt tələb edən məsələlərlə bağlı görüləcək işlər barədə vətəndaşlara geniş izahat vermişdir.  

İcra başçısı vurğulamışdır ki, müstəqil Azərbaycanımızın uğurlu inkişafının təməli xalqımızın ümummilli lideri, Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. Bu inkişaf modeli cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən ən yüksək səviyyədə  davam etdirilir. Bunun nəticəsi idi ki, uzun illər düşmən tapdağında olan müqəddəs torpaqlarımız qəhrəman oğullarımızın fədakarlığı ilə 44 gün müddətində işğaldan azad edildi. Azğın düşmən işğal dövründə xalqın bütün mal-mülkünü talamış, vəhşicəsinə dağıdaraq məhv etmişdir. İndi müqəddəs bayrağımızın əzəmətlə dalğalandığı o torpaqlarda cənab Prezidentin rəhbərliyi ilə sürətli tikinti-bərpa işləri görülür. Bütün şəhər və kəndlər yenidən tikilərək abadlaşdırılır. Artıq bir neçə yaşayış məntəqələrinə, Laçın şəhərinə mərhələlərlə sakinlərin köçürülməsinə başlanmışdır. Bu iş uğurla davam etdirilir.

Digər regionlarımızda, o cümlədən, rayonumuzda da quruculuq işləri davam etdirilir. Miki camaatı çox işgüzar, torpağa bağlı insanlardır. Burada yaxşı sitrus bağları ilə yanaşı, adıyla tanınan Miki balı hər kəs üçün cəlbedicidir. Dövlətin bu sahələrə, eyni zamanda kənd təsərrüfatının digər sahələrinə verdiyi dəstəkdən istifadə edərək istehsalı artırmaq çox faydalı olar.

Əsas odur ki, ölkəmizdə əmin-amanlıqdır, sabitlikdir. İnsanlar rahat şəkildə yaşayır və fəaliyyət göstərirlər. Biz də bu əmin-amanlığı qorumalı, Azərbaycanımızın daha da qüdrətlənməsi naminə cənab Prezidentin həyata keçirtdiyi tədbirlərə əməli işimizlə hər zaman dəstək olmalıyıq.

Keçidlər