Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 8-13-94

Miki kəndində səyyar qəbul və görüş

16 oktyabr 2026 | 16:51

Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayevin Siyaku kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Miki kəndində əhali ilə keçirdiyi səyyar qəbul-görüşdə rayonun idarə və müəssisələrinin rəhbərləri iştirak etmişlər. 

İcra başçısı qeyd etmişdir ki, il ərzində nümayəndəliyin digər kəndlərində sakinlərlə görüşlər keşirmişik. Bu artıq ənənə halını almışdır. Ümumiyyətlə, hər bir yaşayış məntəqəsində ildə bir dəfə belə görüşlərin keçirilməsinə çalışırıq. Miki kəndində də keçirdiyimiz görüşlər həmişə səmimi və işgüzar olmuşdur. Əvvəlki görüşlərdə qaldırılan problemlərin əksəriyyəti həllini tapıb. Müəyyən məsələlərin həlli isə vaxt tələb edir. Bu gün üçün əsas problem məktəb tikintisi və kəndə qaz xəttinin çəkilməsidir. Hazırda şagirdlər Rinə kəndində təhsillərini davam etdirirlər. Şagirdlərin daşınması üçün nəqliyyat vasitəsi ayrılmasına baxmayaraq qış aylarında çətinliklər olur. Çünki ərazi dağlıq, məsafə xeyli uzaqdır. Bütün bunları nəzərə alaraq yeni məktəbin tikintisinin tezləşdirilməsi ilə əlaqədar bir daha Elm və Təhsil Nazirliyinə müraciət edəcəyik.   

Təbii qaz məsələsinə gəldikdə isə Miki və ətraf kəndlərin qazlaşdırılması layihələndirilmişdir. Taxtanəkəran kəndindən sonra yaxın gələcəkdə bu məsələ də həllini tapacaqdır.  

Kəndin sakinləri zəhmətkeş və torpağa bağlı insanlardır. Burada əhalinin əsas məşğuliyyətini sitrusçuluq, arıçılıq və heyvandarlıq təşkil edir. Hər biri bacardığı qədər öz təsərrüfatlarını inkişaf etdirir. Miki rayonumuzu respublikada ən çox balla təmsil edir. Kəndin arıçıları hər il Bakı şəhərində təşkil edilən bal yarmarkasına xeyli miqdarda bal çıxarıb satırlar. Adı ilə tanınan Miki balı hər kəs üçün cəlbedicidir.

Ölkədə aqrar sahənin inkişafı ilə bağlı cənab Prezident tərəfindən may ayında Dövlət Proqramı da qəbul edilmişdir. Dövlətimiz müxtəlif vasitələrlə bu sahənin inkişafına xüsusi dəstəklər göstərir. Hər birinizə yaradılmış imkanlardan səmərəli şəkildə istifadə etməyi tövsiyə edirəm.

Miki rayon mərkəzindən xeyli aralı, dağlıq ərazidə yerləşsə də çox mənzərəli, səfalı kəndlərimizdən biridir. Ölkə Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə ayrılan vəsait hesabına kəndin yolu asfaltlaşdırılandan sonra əhalinin güzəranı da əhəmiyyətli dərəcədə yaxşılaşmış, rayon mərkəzi və qonşu kəndlərlə gediş-gəliş asanlaşmış, rahatlıq təmin edilmişdir. Turizmin inkişafı üçün geniş imkanlar açılmışdır. Gələcəkdə burada müasir turizm obyektləri də tikiləcəkdir.

İcra başçısı vurğulamışdır ki, xalqımızın Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyev tərəfindən təməli qoyulmuş müstəqil Azərbaycanımız uğurla inkişaf edir. Cənab Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində müstəqil dövlətimizin bu günkü inkişafı bizi hədsiz sevindirir. Hazırda ən böyük layihələrin işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilməsinə baxmayaraq, digər regionlar, o cümlədən, rayonumuz da gündən-günə inkişaf edir, gözəlləşir.

Vətəndaşlar çıxış edərək cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə və rayonumuzda aparılan quruculuq işlərindən danışmış, əhalinin yaşayış səviyyəsinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərə görə ölkə rəhbərinə dərin hörmət və ehtiramlarını ifadə etmişlər. Ucqar dağlıq ərazidə yerləşən və əhalisi az olan bir kəndin sakinləri ilə mütəmadi görüşə gəldiyinə görə icra başçısına minnətdarlıqlarını bildirmişlər.   

Sakinlər Miki kənd ümumi orta məktəbi üçün yeni binanın tikilməsinə, kəndə qaz xəttinin çəkilməsinə, elektrik xətt təsərrüfatının yenilənməsinə, körpünün təmir edilməsinə və həkim məntəqəsinin açılmasına köməklik göstərilməsini xahiş etmişlər.

İcra başçısı müəyyən problemlərin həlli ilə əlaqədar aidiyyəti üzrə tapşırıqlar vermiş, digər məsələlərlə bağlı vətəndaşlara izahat vermişdir.

Keçidlər