Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Milli Qurtuluş günü qeyd edildi

15 iyun 2023 | 11:56

15 iyun Milli Qurtuluş Günündə rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev, rayonun idarə, müəssisə və təşkilatların rəhbərləri, ictimaiyyət nümayəndələri Ulu Öndər Heydər Əliyevin abidəsi önünə tər gül dəstələri qoyaraq, xatirəsini böyük hörmət və ehtiramla yad etmişlər. 

Heydər Əliyev Mərkəzində “Milli Dövlətçiliyimizin Xilaskarı” mövzusunda keçirilən tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev böyük tarixi inkişaf yolunda olan doğma Vətənimizin hər yerində 15 iyun Qurtuluş Günü bayramının təntənə ilə qeyd edildiyini bildirmişdir. Vurğulamışdır ki, 1993-cü ilin 15 iyun tarixi Azərbaycanın tənəzzüldən xilas olaraq tərəqqi yoluna çıxması, dünya miqyasında müstəqil siyasət həyata keçirən dövlət kimi tanınması, beynəlxalq aləmdə layiqli yerini tutması ilə səciyyələnir.

30 il bundan əvvəl yenicə müstəqillik qazanmış Azərbaycan dövlətindəki idarəolunmaz vəziyyəti, xaos və hərc-mərcliyi görənlər qısa tarixi dövrdən sonra ölkənin belə bir yüksəlişə nail ola biləcəyini təsəvvür etməzdilər. Həmin dövrdə hakimiyyətdə olan AXC-Müsavat iqtidarının səriştəsizliyi, dövlət idarəçiliyi sisteminin olmaması, ölkəmizin ayrı-ayrı bölgələrində separatçılıq və parçalanma meyllərinin baş qaldırması Azərbaycanı bir dövlət kimi məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu. Respublikada artıq həyatın bütün sahələrini böhran bürümüşdü. Heç bir idarəçilik təcrübəsi olmayan şəxslərin dövlət əmlakını talan etməsi xalqı acınacaqlı duruma salmışdı.

1993-cü il iyunun 4-də Gəncədə baş vermiş üsyan, o dövrdə hakimiyyətdə olanların səriştəsiz siyasəti, naşı rəhbərliyi ucbatından ölkəmizdə vətəndaş müharibəsi alovları güclənirdi, faktiki olaraq xaos, hərcmərclik yaranmışdı. Gərgin vəziyyət müstəqilliyimizin itirilməsi təhlükəsini, xalqımızın faciələrlə üz-üzə dayanmasını labüd etmişdi. Bundan istifadə edən erməni silahlı qüvvələri torpaqlarımıza hücumu getdikcə gücləndirir, yeni ərazilər işğal edirdilər.

Belə bir vəziyyətdən çıxış yolunu axtaran Azərbaycan xalqı xilasını yalnız Heydər Əliyevin simasında görürdü. Ölkədəki təhlükəli proseslərin qarşısını ala bilmədiyini dərk edən AXC-Müsavat cütlüyü də sonda Heydər Əliyevdən imdad istədi.

Ulu Öndər 1993-cü il iyunun 9-da Naxçıvandan Bakıya gələrək xalqın təkidli xahişi və tələbi ilə yenidən respublikaya rəhbərlik etməyə razılıq verdi. İyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçilən xalqımızın dahi oğlu Heydər Əliyev xilaskarlıq missiyasını uğurla icra etməyə başladı. Bu tarixi qayıdış ölkənin qeyri-müəyyən gələcəkdən qurtulması, qardaş qırğınına son qoyulması, xalqın ümidlərinin bərpası idi.

Ulu Öndər Heydər Əliyevin apardığı müdrik, təmkinli və qətiyyətli siyasətin nəticəsində ölkəmizdə qısa vaxt ərzində siyasi sabitlik yarandı, müstəqilliyimizin başı üzərini almış təhlükə sovuşdu, onun əbədiliyi, sarsılmazlığı təmin edildi. Xalqın öz rəhbərinə - Heydər Əliyevə sevgisi, dərin inamı, müstəqil ölkəmizin parlaq gələcəyinə ümidləri daha da gücləndirdi.

“Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır” – deyən Ümummilli Lider problemlərin həlli üçün, ilk növbədə, bütün səylərini ölkədə vətəndaş həmrəyliyinin, sabitliyin təmin olunmasına yönəltdi və buna nail oldu.

İcra başçısı qeyd etmişdir ki, Ulu Öndərin tarixi missiyası üç mühüm amilə söykənirdi: Xalqın Heydər Əliyevə olan möhkəm, sarsılmaz inamı və dəstəyi, Heydər Əliyev şəxsiyyətinin böyüklüyü, qüdrəti, əzəməti və Heydər Əliyevin mənsub olduğu Azərbaycan xalqına, Vətəninə sonsuz və təmənnasız sevgisi.

İcra başçısı daha sonra 15 iyun Qurtuluş Gününün əsas rəmzləri kimi səciyyələndirilən amilləri sadalamışdır.

Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası Azərbaycanı məhv olmaqdan, parçalanmaqdan xilas etdi. Asayiş və qayda-qanun bərqərar edildi, soyğunçuluğa, vətəndaşların əmlakının qəsb olunmasına son qoyuldu. Nizami ordu yaradıldı, Qarabağ müharibəsində atəşkəs əldə edildi, münaqişəsinin dinc yolla nizama salınmasına dair danışıqlara başlandı. İdarəetmə sistemi formalaşdırıldı, insanlara öz dövlətinə inamı qaytarıldı. Neft müqavilələri imzalandı, Azərbaycanın iqtisadi dirçəlişinin əsası qoyuldu. Qanunsuz silahlı qruplaşmaların dövlət çevrilişləri cəhdlərinə son qoyuldu. İlk parlament seçkiləri keçirildi və referendum yolu ilə Konstitusiya qəbul edildi. Azərbaycanın beynəlxalq əlaqələri formalaşdırıldı, ölkənin dünya birliyinə inteqrasiyası prosesi başlandı. Siyasi islahatlara start verildi, çoxpartiyalı sistem yarandı.

İcra başçısı qeyd etmişdir ki, 1993-2003-cü illərdə Azərbaycanın sürətli inkişafı bugünkü reallıqların bünövrəsidir. Həmin illərdə görülmüş işlər sayəsində Azərbaycan inkişaf yoluna qədəm qoydu, beynəlxalq aləmdə daxili siyasətlə bağlı bütün məsələlərdə öz prinsipial mövqeyini nümayiş etdirdi.

Bugünkü Azərbaycan Heydər Əliyevin görmək istədiyi azad, müstəqil, ərazi bütövlüyü təmin olunmuş Azərbaycandır. Məhz Ulu Öndərin ordu quruculuğu istiqamətində başladığı işlər və müəyyənləşdirdiyi strategiya sayəsində bu gün Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü 50 ordusu sırasında yer alır.

Milli liderliklə siyasi liderlik keyfiyyətlərinin bir dövlət adamında birləşməsi bəşər tarixində nadir rast gəlinən unikal haldır. Bu şəxsiyyətlər arasında müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ulu Öndər Heydər Əliyevin özünəməxsus yeri vardır. Ulu Öndər fəaliyyət göstərdiyi bütün sahələrdə özünü məhz birinci şəxs kimi, lider kimi təsdiq etmişdir;

Bu gün biz qətiyyətlə deyə bilərik ki, Ümummilli Lider Heydər Əliyevin siyasi kursu onun layiqli davamçısı müdrik Prezidentimiz İlham Əliyev tərəfindən inamla və böyük uğurla davam etdirilir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində ölkəmiz yeni nailiyyətlər qazanaraq güclü və nüfuzlu dövlətlər sırasında öz mövqeyini daha da möhkəmləndirir. Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib. Cənab Prezidentin həyata keçirdiyi siyasət Azərbaycanın güclü, bütün məsələlərlə bağlı öz prinsipial mövqeyi olan, müstəqil siyasi iradə nümayiş etdirən ölkə kimi tanınmasını şərtləndirib.

Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər də Ulu Öndər Heydər Əliyevin siyasi kursunun uğurlu davamının məntiqi nəticəsidir. Ulu Öndərin ən böyük arzusu Şuşanı, Qarabağı və Zəngəzuru azad görmək idi.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, siyasi iradəsi, müdrikliyi, fenomenal idarəetmə bacarığı, cəsarəti və qətiyyəti ilə Şanlı Azərbaycan Ordusu uzun illər düşmən tapdağında olan doğma torpaqlarımızı azad etdi. İndi işğaldan azad edilən qədim Azərbaycan torpaqlarında Şanlı Bayrağımızın əzəmətlə dalğalanması, xalqımızın qalib xalq kimi dünyaya tanıdılması bizi hədsiz qürurlandırır.  

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev azad edilmiş torpaqlarda infrastruktur layihələrinin təməlini qoyur, Şuşada Novruz tonqalı alovlandırır, Böyük Qayıdışın reallaşdırılması istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirir. Xalqımız əmindir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə daha uca zirvələr fəth ediləcək, düşmənin yerlə-yeksan etdiyi Qarabağ dünyanın ən gözəl guşələrindən birinə çevriləcək.

İcra başçısı bayram münasibəti ilə hamını səmimi qəlbdən təbrik etmiş, xalqımıza xoşbəxt həyat, firavan günlər, ölkəmizə sülh və əmin-amanlıq  arzulamışdır.

Tədbirdə YAP rayon təşkilatının sədri Həbib Cəfərov, rayon icra hakimiyyəti başçısı aparatının Hüquq şöbəsinin müdiri Bəsti Əliyeva, rayon Ağsaqqallar Şurasının sədri Natiq İbadov, rayon Məhkəməsində məsləhətçi-məhkəmə iclas katibi, Vətən müharibəsi qazisi YusifKamal Paşabəyli, rayon icra hakimiyyəti başçısının Ərçivan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi, Vətən müharibəsi qazisi, “Azərbaycan Bayrağı” ordenli Rüfət Əsədullayev çıxış etmişlər.

Bayram tədbiri Astara şəhəri park-bulvar ərazisində təşkil olunmuş konsertlə davam edəcəkdir.

Keçidlər